Əmək Məcəlləsinə dəyişiklik Milli Məclisin plenar iclasına tövsiyə edilib

Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, komitə sədri Musa Quliyev bildirib ki, gündəliyə birinci oxunuşda “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi daxil edilib.

Komitə sədri diqqətə çatdırıb ki, Məcəlləyə ümumilikdə 12 dəyişiklik nəzərdə tutulub. Dəyişikliklərin əsas mahiyyəti qeyri-rəsmi məşğulluğun aradan qaldırılması yollarının hüquqi tənzimlənməsi ilə əlaqədardır. Qeyd edilib ki, Azərbaycanda rəsmi statistikaya əsasən 600 min nəfər qeyri-rəsmi çalışan işçi var. Bu,  həmin insanların əmək, istirahət, digər sosial təminat münasibətlərinə, habelə pensiya təminatı məsələlərinə mənfi təsir göstərir. Vətəndaşların işlə təmin edilməsi Əmək Məcəlləsinin tələblərinə uyğun olmalı, onların sosial müdafiəsi məsələsi gücləndirilməlidir.

Diqqətə çatdırılıb ki, Əmək Məcəlləsinin bir çox maddələrində əmək münasibətləri ifadəsi işlədilir. Bununla bağlı Məcəllədə mövcud olan bir çox əmək norma və qaydalarının tətbiqi şərtləndirilir. İşəgötürənlərin əmək münasibətləri ilə bağlı daha geniş formada məlumatlı olması məqsədilə Məcəlləyə bu münasibətləri şərtləndirən amilləri  müəyyən edən yeni 4-1-ci maddə əlavə edilir. Əlavəyə əsasən, əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.

Qeyd edilib ki, Məcəllənin 7-ci maddəsinə də müəyyən əlavələr edilir.  Əlavə edilən hissədə tərəflər arasında əmək münasibətləri hesab edilən bir sıra hallar göstərilir və bildirilir ki, onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Bu hallardan biri aşkar edildiyi gündən yazılı əmək müqaviləsi bağlanmalıdır.

Onlayn iclasda çıxış edən komitə sədrinin müavini Məlahət İbrahimqızı, deputatlardan Səttar Möhbalıyev, Jalə Əliyeva, Vüqar Bayramov, Ziyad Səmədzadə, Aqil Məmmədov, Arzu Nağıyev, Sevinc Hüseynova, Soltan Məmmədov, Rauf Əliyev Mülki Məcəlləyə təklif olunan dəyişiklikləri müsbət dəyərləndirərək, sənədin əmək qanunvericiliyinin möhkəmləndiriıməsi işinə töhfə verəcəyini söyləyiblər. Millət vəkilləri problemin aktuallığını qeyd edərək, qısa zaman kəsiyində ölkədə əmək müqavilələrinin bağlanması sahəsində görülən işləri təqdir ediblər, bu istiqamətdə ictimaiyyətin maarifləndirilməsinin əhəmiyyətli olduğunu bildiriblər.

Müzakirələrin sonunda komitə üzvləri “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsini birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə ediblər.


Bütün xəbərlər