İsrail Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Birləşmiş Millətlər Təşkilatının təhsil, elm və mədəniyyət məsələləri üzrə qurumu olan UNESCO (United Nations Educational, Scientific and Cultural Organization) erməni işğalından azad edilmiş ərazilərdə “ermənilərin tarixi və mədəni irsinin, mədəniyyət abidələrinin qorunması ilə bağlı narahat olduğunu” bəyan edib.

Üstəlik, qurum həmin abidələrin durumunu yoxlamaq üçün sözügedən ərazilərə texniki monitorinq missiyası yollamaq niyyətini də açıqlayıb.

Bu bəyanat, təbii ki, qıcıq yaradır. Çünki UNESCO-dan bu 30 il ərzində Ermənistana qarşı bir çağırış görmədik və 44 günlük Vətən Müharibəsindən sonra UNESCO-dan bu cür qərəzli bəyanat eşitmək sadəcə, təəssüflə qarşılana bilər.

UNESCO səhv mövqe tutub. Əgər təşkilat gələcəkdə texniki missiya göndərmək niyyətindədirsə, bu, yalnız Azərbaycanın şərtləri çərçivəsində baş verəcək.

Biz UNESCO-dan obyektiv qiymətləndirmə görmədik. UNESCO məsələ ilə bağlı iki dəfə bəyanat verib. Ümid edirik ki, UNESCO qərəzli, ikili standartlardan vaz keçərək obyektiv davranacaq və işğaldan azad olunmuş bölgələrdə baş verənləri obyektiv şəkildə dünyaya təqdim edəcək.

Son 30 ildə işğal altında qalan ərazilərdəki mədəni irsin monitorinqi üçün missiyanın həyata keçirilməsi ilə bağlı Azərbaycan UNESCO-ya dəfələrlə müraciətlər ünvanlayıb, lakin təəssüf ki, bu müraciətlər cavabsız qalıb. Bu missiyaya imkan verilməməsinə görə UNESCO tərəfindən Ermənistana bir çağırış və ya bu haqda bir bəyanat verilməyib.

Azərbaycan həmin ərazilərə monitorinq missiyasının göndərilməsində hamıdan daha çox maraqlı olduğunu, lakin həmin missiyanın ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhəd toxunulmazlığına, eləcə də beynəlxalq hüququn digər prinsiplərinə hörmət çərçivəsində, mənşəyinə və dini xarakterinə heç bir ayrı-seçkilik qoyulmadan bütün abidələrin və mədəniyyət obyektləri üzərində təşkilini dəstəkləyir. UNESCO tərəfindən bu kimi açıqlamaların verilməsi bizim cəmiyyətimizdə ciddi narazılıq yaradır ki, bu da təəssüflər olsun, təşkilatın imicini zədələyir.

Azərbaycanla yanaşı, İsrail də UNESCO-nun tutduğu mövqedən və bəyanatlarından kəskin narazıdır. “The Jewish Press”də bununla bağlı “İsrail qərəzli UNESCO ilə Bayden dönəmində necə davransın?” (How Should Israel Deal with Biased UNESCO Under Biden?) başlıqlı məqalə dərc olunub.

Yazının müəllifi İsrailin “Israel Resource News Agency” agentliyinin əməkdaşı, Yaxın Şərq Siyasəti Tədqiqatları Mərkəzinin (Center for Near East Policy Research) media üzrə baş analitiki Rahel Avraamdır.

Müəllifin fikrincə, İsrail UNESCO ilə bağlı Azərbaycanın təcrübəsindən yararlanmalıdır.

UNESCO-nun İsrailə qarşı tutduğu qərəzli mövqedən dolayı İsrail və ABŞ bir neçə il əvvəl təşkilatın sıralarını tərk etmişdilər. Səbəb iudaizmdə önəminə görə ikinci yeri tutan Patriarxlar Məqbərəsinin “işğal edilmiş Fələstin ərazilərinin tərkib hissəsi” qismində UNESCO tərəfindən tanınması olmuşdu. Bundan başqa, UNESCO yəhudilər üçün ən müqəddəs məkan sayılan Ağlayış Divarı ilə bahəm, Məbəd dağını və Rahil məqbərəsinin yəhudilərlə hər hansı əlaqəsini ikar edir.

ABŞ-ın sabiq prezidenti Donald Tramp məhz belə anti-İsrail mövqeyi tutduğuna görə UNESCO-da üzvlüyün mənasız olduğunu bəyan etmişdi.

“Lakin indi Amerikanın yeni prezidenti var və çox yəqin ki, İsrailin sıralarında olmadığı dönəmdə daha kəskin anti-İsrail mövqeyi tutmuş UNESCO sıralarına Birləşmiş Ştatlar qayıdacaq. Buna İsrail dövlətinin necə reaksiya verəcəyni düşünməliyik. Çünki koronavirus pandemiyası dönəmində Fələstinin hakimiyyət dairələri Tel Aromu, Yəhudiyyə və Səmariyyədəki Hasmoneylər qalasını təhqir ediblər. İsrailli fəal David Xa-İvri bildirir ki, UNESCO həmin qalanı tarixi irs kimi tanımır və onun qorunması üçün heç nə etməyib. İsrail UNESCO-da qalsaydı, başqa cür ola bilərdimi?” – R.Avraam yazıb.

Yaxın Şərq Hesabat və Analiz Mərkəzinin direktoru Set Fransman yazıb: “Əgər hansısa təşkilat qərəzli mövqe tutubsa, bunun öhdəsindən gəlməyin ən yaxşı yolu, sadəcə, qaçmaq və “belə oynamıram” demək deyil. İttifaqlar və inamı ümumi maraqlar əsasında tələsmədən, sakitcə qurmaq, bununla da rolunu gücləndirmək gərəkdir”.

Gerçəkdən də, UNESCO-nun qərəzli mövqeyindən şikayətlənməkdə İsrail tək deyil.

Siyasi analitik, İsraildəki Azərbaycan Evinin rəhbəri Arye Qut hesab edir ki, UNESCO Dağlıq Qarabağdakı məscidlərin qeydinə qalmayıb. Həmin məscidləri erməni işğalçılar mal tövlələrinə çevirmişdilər, oralarda donuz saxlayırdılar.

Dağlıq Qarabağı işğal edən Ermənistan 927 kitabxananı, 60-dan artıq məscidi, 44 məbədi, 473 tarixi abidəni, sarayları, muzeyləri viran qoyub, 40 min muzey eksponatını oğurlayaraq Ermənistana daşıyıb. Fəqət, bununla bağlı UNESCO-nun adekvat reaksiyası olmayıb.

A.Qut onu da vurğulayıb ki, buna rəğmən, bəziləri, o cümlədən UNESCO rəhbərliyi Azərğaycanın erməni işğalından azad edilmiş ərazilərindəki xristian abidələrin taleyindən “çox narahatdır”.

“Multikultural və tolerant ölkə təki Azərbaycan öz ərazisindəki bütün mədəni və dini abidələrin mühafizəsini təmin edir. Müsəlmanların, yəhudilərin, xristianların abidələri eyni cür qorunur. Sadəcə, bir fakt: Heydər Əliyev Fondunun Qəbələdəki Nic kəndində yerləşən Müqədəs Məryəm alban kilsəsini tam bərpa etməsi situasiyanın parlaq təsdiqidir”, – A.Qut vurğulayıb.

Ermənistanın Dağlıq Qaraba bölgəsini işğal etməsi ilə bağlı UNESCO-ya dəfələrlə hesabatlar göndərilib. Məsələn, 2007-ci ildə “Azərbaycana qarşı savaş – mədəni irsə hücum” kitabı hazırlanmış, UNESCO-ya təqdim olunmuşdu. Həmin kitabda Azərbaycanın erməni işğalındakı ərazilərində dağıdılmış mədəniyyyət və dini abidələrinin siyahısı, alban kilsələrinin erməni kilsələri kimi qələmə verilərək onların qəsdən “erməniləşdirilməsi” ilə bağlı təfərrüatlı məlumatlar vardı.

Lakin UNESCO-nun adekvat reaksiyasını görmədik.

2-ci Qarabağ Müharibəsində Azərbaycanın qələbəsindən sonra UNESCO-nun və bəzi dövlətlərin missiya tələbləri sual doğurur.

UNESCO niyə indiyədək missiya yollamırdı. İşğal edilmiş ərazilərimizdəki məscidlər viran qoyulanda, həmin məkanlarda inəklər və donuzlar saxlananda UNESCO niyə susurdu?

“UNESCO-nun reaksiyası belə təəssürat yaradır ki, təşkilat üçün xristian abidələri müsəlman və yəhudi abidələrindən daha önməlidir. Mənsubiyyətindən asılı olmayaraq bütün dini və mədəniyyət abidələri qorunmalı olduğu halda UNESCO və bəzi siyasi dairələr dini əsasda ayrı-seçkilik nümayiş etdirirlər. Bütün bunlar siyasi riyakarlıq və ikili standarların bariz nümunəsidir. Azərbaycanın qələbəsindən sonra Cənubi Qafqaz bölgəsində yaranmış yeni reallıq, deyəsən, çoxlarını narahat edir və onlar reallıqlarla barışa bilmirlər”, – A.Qut bəyan edib.

Əfsuslar olsun ki, UNESCO bilərəkdən və ya təsadüfən bu proseslərə qatılıb.

UNESCO fəaliyyətini mandatına uyğun olaraq obyektiv və qərəzsiz həyata keçirməli olan beynəlxalq təşkilatdır. Bu qurumun vəzifəli şəxsləri vətəndaşları olduqları ölkələrin maraqlarını reallaşdırmağa çalışmamalıdır.

UNESCO bu və digər ölkənin siyasi təsir alətinə dönməməlidir: əksi təşkilatın imicinə və müstəqilliyinə zərbədir. Mədəni irsin qorunması universal bəşəri borcdur və ondan siyasi məqsədlər üçün istifadə etmək olmaz.

Azərbaycanın mövqeyi ədalətli və dəyişməzdir. Əvvəl olduğu kimi, indi də rəsmi Bakı UNESCO-nun Qarabağa missiya yollamasına etiraz etmir.

İşğaldan azad edilmiş ərazilər minalardan təmizlənəndən sonra missiyanın heyəti və mandatı dəqiqləşdirilə bilər.

Azərbaycan UNESCO-nu tərk etməyib – təşkilatdan ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə sayğı istəyir.

Mədəniyyət Nazirliyi hazırda Qarabağdakı bütün mədəni irs obyektlərinin vəziyyəti ilə bağlı hesabat hazırlayır. Həmin obyektlər 28 il davam etmiş erməni işğalı nəticəsində viran qoyulub, qarət edilib. Ermənistanın törətdiyi əməllərə görə cavab verməsi üçün Azərbaycan həmin hesabatı UNESCO-ya təqdim edəcək.

Rahel Avraam da hesab edir ki, İsrail analoji addım atmalıdır.

“Prezident Tramp gedib və İsrailin UNESCO-ya qayıdış zamanı çatıb. Azərbaycanın təcrübəsindən bəhrlənən İsrail də Yəhudiyyə və Səmariyyədəki yəhudi mədəni irsinə qarşı vəhşiliklərlə bağlı UNESCO-ya hesabat verməlidir”, – R.Avraam bildirib.


Bütün xəbərlər