Restoran və şadlıq saraylarını müəllif hüquqlarının pozulmasına görə hansı cəzalar gözləyir?

Müəllif hüquqları ilə qorunan musiqilərdən kommersiya məqsədilə istifadə edən restoran və şadlıq saraylarının qanunvericiliyin tələblərinə əməl etməsi vacibdir.
Məsələ ilə bağlı “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyinin (MHUİB) sədr müavini Zamiq Yunisov açıqlamasında bildirib ki, ictimai iaşə və əyləncə obyektlərində musiqidən istifadə zamanı müəlliflərin və digər hüquq sahiblərinin əmlak hüquqları nəzərə alınmalıdır.
Zamiq Yunisov qeyd edib ki, toy mərasimində müğənniyə və ya musiqiçilərə ödəniş edilməsi avtomatik olaraq həmin tədbirdə istifadə olunan bütün musiqi əsərləri üzrə müəllif hüquqlarının həll edilməsi demək deyil.


“Musiqi əsərinin müəllifinin hüququ ilə ifaçının hüququ ayrı-ayrı hüquqi anlayışlardır. Buna görə də restoran və şadlıq sarayları musiqidən istifadə edərkən yalnız ifaçı ilə münasibətlərini deyil, müəlliflik və əlaqəli hüquqlar üzrə öhdəliklərini də nəzərə almalıdırlar”,  deyə MHUİB sədr müavini vurğulayıb.
Onun sözlərinə görə, müəllif hüquqlarının pozulması konkret pozuntunun xarakterindən və vurulmuş ziyanın məbləğindən asılı olaraq mülki, inzibati və müəyyən hallarda cinayət məsuliyyəti yarada bilər.
Yunisov bildirib ki, hüquq sahibinin tələbi ilə qanunsuz istifadənin dayandırılması, vurulmuş ziyanın ödənilməsi və qanunvericilikdə nəzərdə tutulan digər tədbirlərin görülməsi tələb oluna bilər.
Şadlıq saraylarına xəbərdarlıq
MHUİB sədr müavini restoran və şadlıq saraylarının rəhbərlərinə müraciət edərək müəllif hüquqları üzrə öhdəliklərə ciddi yanaşmağa çağırıb.
“Müəllif qonorarının ödənilməsi sadəcə formal prosedur deyil. Bu, əsəri yaradan müəllifin qanuni haqqıdır. Müəllifin yaratdığı əsərdən kommersiya məqsədilə istifadə edilirsə, həmin istifadənin hüquqi əsasları təmin olunmalıdır”,  Zamiq Yunisov deyib.
O əlavə edib ki, müəllif hüquqlarının qorunması həm yaradıcının maddi maraqlarının təmin edilməsinə, həm də ölkədə yaradıcı sənayenin inkişafına xidmət edir.
Zamiq Yunisovun sözlərinə görə, restoran və şadlıq sarayları musiqidən istifadə zamanı “müəllif hüquqları mənə aid deyil” yanaşması ilə məsuliyyətdən yayınmağa çalışmamalıdırlar.

İnterval.Az 
Ayla Qafqazlı
Restoran və şadlıq saraylarını müəllif hüquqlarının pozulmasına görə hansı cəzalar gözləyir? üçün şərhlər bağlıdır

Bütün xəbərlər