Prezident İlham Əliyev Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsi hesabına verilən güzəştlərin maliyyələşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 20 milyon manat ayrılsın. 2. “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.65-1-ci bəndində göstərilmiş məbləğdən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 20 milyon manat ayrılsın. Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin edəcək. Nazirlər Kabinetinə tapşırılır ki, bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.