Interval.Az xəbər verir ki,     Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin dəvəti ilə Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Mühafizəsi Baş Direktoratlığının rəhbəri general-mayor Məhəmməd Abdullah Həmdan Əl Şehrinin rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 21-də ölkəmizə rəsmi səfərə gəlmişdir.
Dövlət Sərhəd Xidmətinin Aparatında yüksək səviyyəli qonağın rəsmi qarşılanma mərasimi keçirilmişdir. General-mayor Məhəmməd Abdullah Həmdan Əl Şehri fəxri qarovul dəstəsinin önündən keçmiş, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra “Fəxri qonaqlar kitabı”na ürək sözlərini yazmışdır.
Geniş tərkibdə nümayəndə heyətləri arasında keçirilmiş görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında Vətən müharibəsində qazanılmış tarixi Zəfər nəticəsində ölkəmizin ərazi bötüvlüyünün bərpa edilməsi, azad edilmiş ərazilərdə dövlət sərhədlərinin müdafiəsi və mühafizəsi üzrə fəaliyyətlərin təşkili, zəruri infrastrukturun yaradılması istiqamətində görülən işlər barəsində ətraflı məlumat verilmişdir.
Müzakirələr zamanı hər iki ölkənin dövlət sərhədlərinin etibarlı mühafizəsinin əhəmiyyəti qeyd olunmuş, qaçaqmalçılıq və narkotik maddələrin qanunsuz dövriyəsi, qeyri-leqal miqrasiya, eləcə də transsərhəd cinayətkarlığın digər təzahürləri ilə mübarizə sahəsində görülmüş işlərə dair fikir mübadiləsi aparılmış, quru və dəniz sərhədlərinin təhlükəsizliyi üzrə qarşılıqlı maraq kəsb edən məsələlərdə əməkdaşlığın inkişaf etdirilməsi və təcrübə mübadiləsinin həyata keçirilməsinə hazırlıq ifadə olunmuşdur.
Zamiq Yunisov 
Interval.Az  

Məqaləyə dair fotomateriallar: