Azərbaycan mütəmadi olaraq Ermənistanla postmünaqişə dövründə münasibətlərin normallaşmasının tərəfdarı olub. İnterval.Az  xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya və Ermənistanın XİN rəhbərləri Sergey Lavrov və Ararat Mirzoyanla üçtərəfli görüşdə deyib. "Postmünaqişə dövründə normallaşma müxtəlif istiqamətlərdən ibarət prosesdir. Biz bütün istiqamətlər üzrə paralel çalışmağın tərəfdarıyıq", - o deyib. C.Bayramov ötən ilin sonlarından danışıqlar prosesində müəyyən durğunluğun müşahidə olunduğunu qeyd edib. "Prinsipcə may ayından başlayaraq dinamikanın ardıcıl və müsbət xarakter daşımasını çox müsbət qiymətləndiririk. Artıq rəhbərlik səviyyəsində görüşlər keçirilib və sülh sazişi üzrə danışıqlar aparılıb. Hesab edirik ki, bugünkü danışıqlar da məhsuldar olacaq və bir daha bütün məsələlər spektrinin üzərindən keçməyə imkan verəcək. Təbii ki, ikitərəfli əsasda erməni nümayəndə heyəti ilə sülh sazişi ilə bağlı müzakirələri davam etdirmək də yaxşı imkandır", - Azərbaycanın xarici işlər naziri deyib.
Zamiq Yunisov
İnterval.Az