Qlobal kontekstə nəqliyyat və enerji asılılığı məsələləri ən kritik olmasa da, birinci dərəcəli əhəmiyyət kəsb edib. Azərbaycan bu çətin zamanlarda öz logistika və nəqliyyat infrastrukturunun möhkəmlənməsinə fokuslanmaqla eyni zamanda özünün enerji təhlükəsizliyinin təmini və tərəfdaşlarının dəstəklənməsi üçün yeni yanaşmalar tapmaqdadır. Prezident İlham Əliyevin uzaqgörən və hərtərəfli siyasəti son illər ərzində Azərbaycanın avropalı tərəfdaşları ilə əməkdaşlığının daha da möhkəmlənməsinə gətirib çıxarıb. Müxtəlif Avropa ölkələrindən yüksək səviyyəli şəxslərin və işgüzar nümayəndə heyətlərinin çoxsaylı səfərləri əməkdaşlıq əlaqələrini daha da möhkəmlədib. İnterval.Az  bildirir ki, Litva Azərbaycanla ikitərəfli əlaqələri canlandıran aparıcı ölkələrdən biridir. İki ölkə qarşılıqlı maraq kəsb edən müxtəlif sahələrdə, o cümlədən siyasət, iqtisadiyyat, mədəniyyət və diplomatiya sahəsində geniş əməkdaşlıq edirlər. Mayın 22-də Azərbaycan Prezidenti İlham Əliyevin Vilnüsə səfəri hər iki ölkənin ikitərəfli əməkdaşlığın daha da da möhkəmlənməsində və qlobal arenada qarşlıqlı fəaliyyətin genişlənməsində ümumi tərəfdarlığını təsdiqləyib. Prezident İlham Əliyev Prezident Gitanas Nauseda ilə Azərbaycan-Litva biznes forumunda çıxışında Litva və Azərbaycanın regionun nəqliyyat qovşağı olaraq artan əhəmiyyətini qeyd edərək Xəzər və Baltik dənizləri regionları arasında əlaqələr qurmağın vacibliyini və məqsədəuyğunluğunu qeyd edib. "Bu gün Litva və Azərbaycan öz regionlarında mühüm daşımalar qovşağıdır. Beləliklə, biz Xəzər və Baltik regionları arasında şəbəkə qurmalıyıq və bu, mümkündür. Çünki biz Avropanın enerji xəritəsinə nəzər salsaq, o, əsasən, Azərbaycanın təşəbbüsləri sayəsində kəskin şəkildə dəyişib. Neft və qaz boru kəmərləri tamamilə yeni vəziyyət yaradır. Eyni sözləri daşımalara da aid etmək olar. Biz qonşularımız və tərəfdaşlarımızla yeni bağlantılar yaratmışıq. Biz Bakının dəniz limanı infrastrukturuna böyük yatırımlar edirik. Xəzərdə daha çox yük daşıya biləcək əlavə gəmilərin tikintisinə investisiyalar qoyuruq. Buna görə, hesab edirəm ki, biznes dairələrə bu fürsəti dəyərləndirmək üçün münasib vaxtdır. Yubanmaq lazım deyil, çünki birmənalı olaraq, çox böyük daşımalar imkanları, xüsusən də hazırkı geosiyasi vəziyyətdə əlavə dəyər gətirəcək", - deyə dövlət başçısı deyib. Azərbaycan ərazisindən keçən marşrutlar ölkənin təhlükəsiz və effektiv tranzit üçün optimal şəraitin təmin olunması üzrə səyləri sayəsində getdikcə daha cəlbedici olur. Müasir nəqliyyat infrastrukturuna, o cümlədən dəmir yolu və şose yollarına, həmçinin dəniz yollarına malik Azərbaycan vəsaitə və vaxta əhəmiyyətli dərəcədə qənaət edir. Təəccüblü deyil ki, ötən il Azərbaycan ərazisindən yük tranzitlərinin həcmi əhəmiyyətli dərəcədə - 75 faizdən çox artıb. Orta Dəhlizlə Şimal-Cənub nəqliyyat dəhlizinin kəsişməsində yerləşən Azərbaycan özünün nəqliyyat və logistika imkanlarının möhkəmlənməsi və müxtəlif sektorlarda imkanların açılması üçün çox sayda danılmaz üstünlüklərə malikdir. Çərçivələrində böyük layihələrin uğurla tamamlandığı həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin inkişafında mühüm irəliləyişin əldə olunması diqqətəlayiqdir. Eyni zamanda litvalı həmkarı ilə Azərbaycan-Litva biznes forumunda çıxış edən Prezident İlham Əliyev Azərbaycanla Litva arasında ənənəvi, həmçinin bərpa olunan enerji mənbələri sahəsində vədverici əməkdaşlıq perspektivlərinin olduğunu vurğulayaraq Baltik və Xəzər dənizlərində külək enerjisinin böyük potensialı olduğunu qeyd edib. "Hər iki ölkədə - Baltik və Xəzər dənizlərində çox böyük külək enerjisi potensialı var. Hər iki ölkə bu məsələni gündəliyimizə daxil edib. Bizə gəldikdə, bizdə enerji təhlükəsizliyi mövcuddur. Lakin, bununla belə, biz ixrac məqsədləri üçün daha çox təbii qaza qənaət etmək və elektrik enerjisinin istehsalı üçün təbiətimizin günəş və külək enerjilərindən istifadə etmək istərdik. Xüsusən də, nəzərə alsaq ki, ötən ilin iyulunda Avropa Komissiyası və Azərbaycan Enerji sahəsində Strateji Tərəfdaşlıqla bağlı Anlaşma Memorandumunu imzaladılar. Biz onun əsasında 2027-ci ilə qədər Avropaya təbii qaz təchizatımızı iki dəfə artırmağı planlaşdırırıq. 2021-ci ildə Avropaya təbii qaz təchizatımız 8 milyard kubmetr olmuşdur, bu il isə 12 milyard kubmetr olacaq və 2027-ci ilə qədər 20 milyard kubmetrə çatdırılacaq. Fikrimcə, bu, minimal həddi təşkil edir, çünki potensial çoxdur. Biz mövcud yataqlardan daha çox qaz hasil edirik. Bu yaxınlarda Xəzərdə ən iri yataqlardan birində hasilatın başlanmasını elan edəcəyik. Həmçinin bərpaolunan enerji mənbələrinə qoyulan sərmayələr təbii qaza ixrac məqsədləri üçün qənaət etmək imkanını yaradacaq", - deyə dövlət başçısı əlavə edib. Həqiqətən də, Baltika ilə Qafqazın birləşdirilmə perspektivləri daha geniş regionda maraqlı bütün tərəflər üçün vədverici imkanlar açır. Xəzər regionunun Avropa ilə yaxınlaşması eyni zamanda Mərkəzi Asiya ölkələri və daha sonra Çinlə daha sıx əməkdaşlığa şərait yaradacaq. Qlobal zəncirlərin dəyişdiyi sürətlə dəyişən dünyada Azərbaycanın Şərqlə Qərb arasında birləşdirici halqa olaraq mühüm rolu əvəzolunmazdır və bunu Avropada hamı dərk edir. Avropalı tərəfdaşlarla strateji sazişlərin imzalanması son illər Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında apardığl siyasətin əhəmiyyətini daha da vurğulayır. Azərbaycanın Cənubi Qafqaz regionunda mühüm iştirakçı kimi əhəmiyyəti yaxın qonşuları çərçivəsindən kənara çıxaraq onu bütünlükdə Avropa qitəsində daha vacib iştirakçıya çevirir. Zamiq Yunisov  İnterval.Az