Son vaxtlar Fransanın Azərbaycana qarşı beynəlxalq platformalarda tutduğu mövqe Azərbaycan ictimaiyyətində bir sıra əsaslı suallar doğurur. Həmin sualların bir neçəsini səsləndirməyi və fransız siyasətçilərin nəzərinə çatdırmağı vacib hesab edirik. Həmin siyasətçilər Azərbaycanla bağlı məsələlərə münasibət bildirərkən ən azı bu suallar ətrafında da düşünsələr yaxşı olardı.   1. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Qarabağ və ətraf ərazilərində 30 illik işğal dövründə 900 yaşayış məntəqəsi, 150000 ev, 2389 sənaye və kənd təsərrüfatı obyekti, 1025 təhsil və 798 səhiyyə ocağı, 1510 mədəniyyət müəssisəsi, 927 kitabxana, 100 mindən çox eksponata malik olan 22 muzey, 4 rəsm qalereyası, 67 məscid, 5198 km avtomobil yolları, 348 körpü, 7568 km su və 76940 km elektrik xətləri dağıdılmışdır. İlkin hesablamalara görə, Ermənistan hərbi təcavüzü nəticəsində Azərbaycana dəymiş ziyan 500 milyard ABŞ dollarından çoxdur və Ermənistan beynəlxalq hüquqa görə bütün bu vandalizm əməllərinə görə təzminat ödəməlidir. Məgər özünü mədəni xalq adlandıran xalq, millət bu cür barbarlıq edər? Qarabağı özününkü hesab edən ermənilər bəs onu niyə xarabazarlığa çeviriblər? Fransa ermənilərin bu vandallğını heç olmasa bircə dəfə qınayıbmı, qınamayıbsa onda Fransanın haqq-ədalətdən, hansısa xəyali erməni mədəni abidələrinin qorunmasından danışmağa haqqı varmı? "Əzabkeş ermənilərin" törətdikləri bu cür barbar əməllərə göz yuman, onların haqsız və beynəlxalq hüququn normalarını kobud şəkildə pozan tələblərini dəstəkləyən üzdəniraq siyasətçilərin mövqeyini Azərbaycan ictimaiyyəti necə başa düşsün? 2. Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində 30 il ərzində 1 milyondan çox mina basdırmışdır. Bu gün Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələrdən biridir. 1990-cı illərin əvvəlindən 3300-dən çox vətəndaşımız ermənilərin basdırdıqları minaların qurbanı olmuşdur. Təkcə İkinci Qarabağ müharibəsinin başa çatdığı 2020-ci il noyabrın 10-dan sonrakı müddətdə Ermənistanın mina terroru nəticəsində 300-ə yaxın Azərbaycan vətəndaşı həlak olmuş və ya ağır yaralanmışdır. Yalnız son bir il ərzində aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 8780, tank əleyhinə 4133 mina və 14950 partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. 41915.77 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.Minaların və silah-sursatın xeyli hissəsi 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyanatdan sonrakı dövrdə Laçın dəhlizi vasitəsi ilə Ermənistandan gətirilmişdir. Elə bu günlərdə üç nəfər mülki şəxs Ermənistanda 2021-ci ildə istehsal edilmiş və Fransanın açıq saxlanmasını tələb etdiyi Laçın yolu ilə gətirilmiş və azərbaycanlıların təminat yoluna basdırılmış minanın qurbanı olmuşdur. Ermənistan bütün beynəlxalq tələblərə məhəl qoymayaraq, vaxtı ilə işğal altında saxladığı və xarabazara çevirdiyi ərazilərdə basdırdığı minaların dəqiq xəritələrini bu günə qədər vermək istəmir (müəyyən təzyiqlərdən sonra verdikləri xəritələrdə dəqiqlik təxminən 20% təşkil edir). Fransa rəsmiləri himayədarlıq etdikləri Ermənistandan minalanmış ərazilərin dəqiq xəritələrinin verilməməsinin səbəbini soruşublarmı? Əgər soruşublarsa, bu barədə ictimaiyyətə niyə məlumat vermirlər? Soruşmayıblarsa, niyə soruşmurlar? 3. Fransa hələ 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının 4 Qətnaməsinə səs verərək və ATƏT-in fəaliyyətdə olan sədrinin 1996-cı ildəki bəyanatını dəstəkləyərək (burada aydın və konkret şəkildə Qarabağ bölgəsinin Azərbaycanın ərazisi olduğu dəqiq göstərilmişdir), Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdığını bir daha təsdiq etmişdir. Bununla yanaşı, Fransa Prezidenti Emmanuel Makron hələ 2020-ci ilin noyabrında Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olduğunu açıq şəkildə bəyan etmişdir. Lakin Fransa sonradan əvvəlki bəyanatlarından və neytral vasitəçi statusundan imtina edərək və beynəlxalq hüquq normalarının ziddinə olaraq tam formada Ermənistanınmüttəfiqi və himayədarı qismində çıxış etməyə başlamış, eyni zamanda, regionda gərginliyin artmasına səbəb ola biləcək kifayət qədər təhlükəli addımlar atmaqda davam edir. Fransa rəsmiləri dövlətin bu cür mövqe sərgiləməsinin səbəblərini Azərbaycan ictimaiyyətinə izah edə bilərlərmi? 4. İstər işğal, istərsə də postmünaqişə dövründə Fransa Azərbaycana qarşı  qərəzli mövqe ilə çıxış edib. Başqalarından beynəlxalq hüququn norma və prinsiplərinə hörmət, demokratik dəyərlərə sadiqlik nümayiş etdirməyi tələb edən Fransanın özü bu dəyərlərdən uzaqlaşmağa davam edir. Fransa Prezidenti E.Makronun erməni sevgisindən irəli gələn qərəzli mövqeyi Azərbaycan cəmiyyətində başa düşülən və qəbul edilən deyil. Ümumiyyətlə, Azərbaycanın müstəqil siyasətinə qısqanclıqla yanaşan Fransa rəsmiləri vaxtaşırı Azərbaycana qarşı qarayaxma kampaniyası aparır, Ermənistanın avantürist siyasətinə haqq qazandırmağa çalışırlar. Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonnanın guya Laçın-Xankəndi yolunun bağlanması və oradakı ermənilərin humanitar-iqtisadi blokadaya alınması barədə bu yaxınlarda ölkə  parlamentindəki qərəzli bəyanatı da bunu təsdiq edir. Fransanın baş diplomatı Bakıda səfərdə olarkən regionda sülh və təhlükəsizlik və Bakı-Paris münasibətlərinin dərinləşdirilməsinə dair cəlbedici fikirlər söyləsə də, regional arxitekturanın qurulması ilə bağlı əsl niyyətlərini də ortaya qoydu və Laçın yolunda Azərbaycanın sərhəd-buraxılış məntəqəsi qurmasına etiraz etdiklərini bir daha ifadə etdi. Ketrin Kolonna Bakıdan sonra Ermənistana etdiyi səfər çərçivəsində bir az da qabağa gedərək, orada erməni həmkarı ilə mətbuat konfransında yenidən Bakının ünvanına əsassız iddialar səsləndirdi. Fransanın özünün daxilində kifayət qədər problemlərinin olduğu və ölkə ərazisini nümayişlərin bürüdüyü bir vaxtda öz problemlərinin həlli istiqamətində addımlar atmaq əvəzinə, beynəlxq platformalarda Azərbaycanın daxili işlərinə qarışmağının və ölkəmiz əleyhinə fəal siyasət aparmasının səbəblərini Fransa rəsmiləri necə izah edə bilərlər? 5. Fransanın Korsika adasında korsikan dilinin istifadəsi qadağan olunub. Bu barədə ictimaiyyətə məlumat verən BMT-nin azlıqlar üzrə xüsusi məruzəçisi Fernan de Varenn tviterdə bildirib ki, "Korsikada yalnız fransızcanın istifadəsinə icazə ayrı-seçkilikdir və beynəlxalq hüququn pozulmasıdır. Belə ki, ingiliscə dövlət universitetlərində istifadə olunduğu halda korsikan dili yasaqlanıb". Azərbaycan isə ölkə ərazisində yaşayan bütün etnik azlıqlara, o cümlədən, Azərbaycanın beynəlxalq hüquqla tanınmış ayrılmaz hissəsi olan Qarabağda yaşayan 20-30 min erməniyə də öz dilində danışmaq və milli mədəni dəyərlərini saxlamaq üçün hər cür şərait yaratmışdır. Belə olan halda Fransanın Qarabağda yaşayan ermənilərin guya hansısa hüquqlarının pozulmasından danışmaq və bunu beynəlxalq səviyyədə problemə çevirmək istəyinin məqsədi nədir? 6. Azərbaycan öz suveren ərazisində, Laçın yolunda nəzarət-keçid məntəqəsi qurmuşdur. Bu, bütün beynəlxalq hüquq normalarına uyğun bir addımdır. Bu məntəqəni qurmaqla Azərbaycan demək olar ki, hər gün Ermənistan ərazisindən Qarabağa daşınan silah-sursatın, minaların və Qarabağ bölgəsində hələ də qalmaqda davam edən erməni silahlı birləşmələri üçün canlı qüvvənin gətirilməsinin qarşısını almaq və bölgədə sülh prosesinə mane olan kriminal elementlərin ölkə ərazisinə buraxılmaması məqsədi daşıyır. Digər tərəfdən, sərhədlərin qorunması hər bir dövlətin suveren hüququdur və Azərbaycan da bu hüququndan istifadə edərək, öz sərhədində nəzarət-keçid məntəqəsi qurmuşdur. Üstəlik, dövlət səviyyəsində bəyan edilmişdir ki, Laçın yolu humanitar məqsədlər və Qarabağın yerli erməni sakinləri üçün həmişə açıqdır. Bütün bu həqiqətlərin hamı üçün açar olduğu bir halda Fransanı narahat edən nədir? Mən bir vətəndaş və ictimai fəal olaraq, Fransa ərazisinə maneəsiz daxil ola bilərəmmi? Cavab birmənalı mənfidir. Bəs onda Fransa hansı haqla bunu Azərbaycandan tələb edir? Natiq İsayev Azərbaycan Jurnalistlər Birliyinin üzvü.  İnterval.Az