İnterval.Az  xəbər verir ki,   Əqli Mülkiyyət Agentliyinin çoxşaxəli fəaliyyət istiqamətlərindən biri də əqli fəaliyyətin stimullaşdırılmasıdır. Sual oluna bilər ki, əqli fəaliyyətin stimullaşdırılması nə deməkdir və bu iş necə həyata keçirilir? İlk növbədə dünyada baş verən bütün yeniliklər əqli fəaliyyətin nəticəsidir, desək, yəqin ki, yanılmarıq. Əqli fəaliyyət yeniliklər, innovasiyalar, yeni texnologiyalar, sənaye inqilabları, ixtiralar, elmi araşdırmalardır, süni intellektdir, həm də siyasətdən iqtisadiyyata, məişətdən sosial siyasətə, yerdən kosmosa aparan yoldur. Bir sözlə, həyatın elə bir sahəsi yoxdur ki, orada əqli fəaliyyətin izi olmasın. Əqli fəaliyyət cəmiyyətin inkişafa doğru getdiyi yolda mayak rolunu oynayır. İnsanın ağlının, zəkasının, bilik və istedadının yaratdığı isə əqli mülkiyyətdir. Əqli mülkiyyətin nəticələri isə həyatımızın bütün sahələrində mövcuddur.Bir sözlə, əqli fəaliyyətin nəticəsi əqli mülkiyyəti yaradır ki, onun da biznesə çevrilməsi əqli mülkiyyətin kommersiyalaşması deməkdir. Bu isə iqtisadi inkişaf proseslərinin ana xəttini təşkil edir. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin müdriklik və uzaqgörənliklə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində “Texnologiyaların kommersiyalaşdırılması və Transferi Mərkəzi” nin yaradılması haqqında imzaladığı fərman çox mühüm əhəmiyyətə malikdir. Bəs texnologiyaların kommersiyalaşdırılması nə deməkdir? “Texnologiyaların kommersiyalaşdırılması” dedikdə tədqiqat nəticələrindən, elmi kompetensiyalardan gəlir əldə etməyə yönəldilən hər hansı bir fəaliyyət nəzərdə tutulur. Başqa sözlə kommersiyalaşdırma yeni məhsul və ya xidmətlərin bazara çıxarılması prosesidir. Əqli mülkiyyətin kommersiyalaşdırılması iqtisadi inkişafın artımına təsiri ilə ölçülür. Bəs kommersiyalaşma hansı faydaları verə bilər? Buraya ilk növbədə səmərəli istehsal prosesi qurmaqla yeni məhsulların yaradılması, artımı və nəticədə daha rahat seçimə şərait yaradılması; hüquq sahiblərinə əlavə gəlir mənbələrinin yaradılması və artırılması yolu ilə onların və digər yaradıcı şəxslərin ixtiraçılığa təşviq edilməsi; investisiya cəlb edilməsi yolu ilə investorların kommersiyalaşdırmaya marağının artırılması və s. aiddir. Texnologiyaların transferi dedikdə isə tədqiqat nəticələrinin, işləmələrin və biliklərin hər hansı istifadə üçün digər şəxslərə ötürülməsi prosesi nəzərdə tutulur. Əqli fəaliyyət nəticəsinin ötürülməsindən sonra istifadəsinə isə lisenziya vasitəsilə icazə verilir. Belə ki, patent sahibi patentlə bağlı hüquqları digər şəxslərə vermək, habelə onun istifadəsinə görə lisenziya müqaviləsi bağlamaq üçün müstəsna hüquqlara malikdir və bu hüquqlar müqavilə yolu ilə üçüncü şəxslərə verilir. Başqa sözlə, patent sahibi olmayan şəxslər ixtira, faydalı model və sənaye nümunəsindən yalnız patent sahibinin razılığı ilə, lisenziya müqaviləsi əsasında istifadə edə bilər. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi ölkəmizdə həm ixtiraçılıq fəaliyyətinin təşviqi, həm kommersiyalaşma potensialı yüksək olan ixtiraların realizasiyası, həm də yaradıcı şəxslərin qeydiyyata və kommersiyalaşmaya marağının artırılması istiqamətində müxtəlif xarakterli işlər görür. Belə ki, cari ildə də Agentlik həm reyestrdə olan patentlər, həm də yaradıcı şəxslərin müraciətlərinə əsasən, kommersiyalaşdırılma potensialı yüksək olan əqli fəaliyyət nəticələri üzərində müxtəlif kriteriyalar üzrə qiymətləndirmələri davam etdirmiş və kommersiyalaşdırma portfelinin keyfiyyətini daha da artırmışdır. Portfelə daxil olan əqli fəaliyyət nəticələrindən İdman trenajoru adlı faydalı modelin kommersiyalaşma potensialı yüksək olduğundan onun biznesə çevrilməsinə Agentlik tərəfindən dəstək verilməsi məqsədəuyğun sayılmışdır. Yəni, qurğunun kommersiyalaşdırılması məqsədilə bütün lazımi tədbirlər görülmüş, o cümlədən bazar araşdırması aparılmış, alıcı kütləsinin müəyyənləşdirilməsi üçün sorğular həyata keçirilmiş, marketinq işinin təşkili və qurğunun realizasiyası üçün bütün lazımi işlər görülmüşdür. Bu istiqamətdə Əqli Mülkiyyət Agentliyi fəaliyyətini davam etdirir.
Zamiq Yunisov  İnterval.Az  

Məqaləyə dair fotomateriallar: