İnterval.Az xəbər verir ki, Vaşinqtonda, Ağ Evdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Prezidenti cənab Donald Tramp arasında baş tutan yüksək səviyyəli görüş zamanı bir sıra mühüm sənədlər imzalanıb və tarixi qərarlar qəbul edilib. Görüşün əsas nəticələrindən biri Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması olub. Sənəd iki ölkə arasında siyasi, iqtisadi, təhlükəsizlik, enerji, elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın yeni mərhələyə yüksəlməsi üçün hüquqi baza yaradır. Görüş zamanı əldə edilən digər mühüm razılaşmalar: 907-ci düzəlişin ləğvi: ABŞ tərəfi tərəfindən 1992-ci ildən qüvvədə olan və Azərbaycana birbaşa yardımın qarşısını alan 907-ci düzəlişin tamamilə ləğv edilməsi barədə razılıq əldə olunub. Bu addım iki ölkə arasında iqtisadi və müdafiə sahəsində əməkdaşlığın qarşısındakı hüquqi maneələri aradan qaldıracaq. ATƏT-in Minsk Qrupunun fəaliyyətinin dayandırılması: Görüşdə Ermənistan–Azərbaycan münaqişəsinin artıq həll olunduğu və regionda yeni reallıqların formalaşdığı nəzərə alınaraq, Minsk Qrupunun fəaliyyətinin formal olaraq dayandırılması qərara alınıb. Zəngəzur dəhlizi üzrə əməkdaşlıq: Tərəflər regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası və Zəngəzur dəhlizinin açılması istiqamətində əməkdaşlığı dəstəkləyən birgə bəyanat qəbul ediblər. Bu layihə həm regional iqtisadi inteqrasiyaya, həm də beynəlxalq yük daşımalarının genişlənməsinə xidmət edəcək. Enerji təhlükəsizliyi və müdafiə əməkdaşlığı: ABŞ və Azərbaycan enerji resurslarının təhlükəsiz və dayanıqlı şəkildə dünya bazarına çıxarılması, habelə hərbi-texniki əməkdaşlıq sahəsində yeni istiqamətlərin müəyyən edilməsi barədə razılığa gəliblər. Məsələ ilə bağlı Avro–Atlantik Azərbaycan Tərəfdaşlıq Şurasının Baş katibi Sahil Qasımov bildirib: “Prezident İlham Əliyev və Prezident Donald Trampın iştirakı ilə imzalanan Memorandum və əldə olunan razılaşmalar təkcə ikitərəfli münasibətlərin inkişafı üçün deyil, həm də regionda sülh və təhlükəsizlik üçün strateji əhəmiyyət daşıyır. 907-ci düzəlişin ləğvi və Minsk Qrupunun fəaliyyətinin dayandırılması, Azərbaycanın milli maraqlarına uyğun yeni reallıqların möhkəmlənməsi deməkdir. Strateji Tərəfdaşlıq Xartiyası isə əməkdaşlığımızın gələcək onilliklər üçün yol xəritəsini müəyyən edəcək.” Sahil Qasımov əlavə edib ki, görüş zamanı əldə olunan razılaşmaların hər biri Azərbaycan–ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi üçün möhkəm zəmin yaradır. Zamiq Yunisov İnterval.Az