Türk pop musiqisinin unudulmayan əsərlərindən biri hesab olunan “Unutuverdim” bu dəfə yeni nəfəs, müasir aranjiman və fərqli vizual dünyası ilə təqdim edilir.
Mahnının sözləri Ayşe Birgül Yılmaz, musiqisi isə Özkan Turgay tərəfindən yazılıb. Əsərin yeni musiqi tərtibatını Türkiyənin tanınmış aranjörlərindən Selim Çaldıran hazırlayıb.
Mahnının Elyane Arslana gedən xüsusi hekayəsi
“Unutuverdim”in yenidən məhz Elyane Arslanın repertuarında yer almasının arxasında olduqca duyğulu bir hekayə dayanır.
Sənətçinin musiqi karyerasının ilk illərindən etibarən onun yanında olan söz müəllifi Ayşe Birgül Yılmaz, Elyane Arslanı öz qızı kimi qəbul edib. İllər sonra isə böyük sevgi və inamla bu xüsusi əsəri məhz onun ifa etməsi üçün Elyane Arslana təqdim edib.
Bu səbəbdən “Unutuverdim” Elyane Arslan üçün sadəcə yeni bir mahnı deyil, həm də illərin dostluğunu, etimadını və sənət yolunda qurulan xüsusi bağları ifadə edən layihədir.
1995-ci ilin nostaljisi müasir ekran dili ilə birləşdi
Mahnıya çəkilən klipin rejissoru Mert Arslandır.
Klipdə 1995-ci ilin nostalji ruhu ilə müasir dövrün vizual estetikası bir araya gətirilib. Keçmişin romantik və duyğusal ab-havasını qoruyan ekran işi, eyni zamanda bugünkü tamaşaçının zövqünə uyğun müasir görüntü dili ilə hazırlanıb.
Beləliklə, “Unutuverdim” həm onu illər əvvəl sevən dinləyicilər üçün nostalji hisslər yaradır, həm də yeni nəsil üçün yenidən kəşf ediləcək bir musiqi əsərinə çevrilir.
Azərbaycan’dan Türkiyəyə uzanan musiqi yolu
Musiqi fəaliyyətinə 2005-ci ildə Azərbaycanda başlayan Elyane Arslan, yaradıcılıq yolunu daha sonra Türkiyədə davam etdirib.
Sənətçi 2011-ci ildə “Star Akademi” layihəsi ilə geniş auditoriyaya tanınıb və sonrakı illərdə həm musiqi, həm televiziya sahəsində fəaliyyətini uğurla davam etdirib.
İndi isə Elyane Arslan yaradıcılığında yeni bir mərhələyə qədəm qoyur.
“Unutuverdim” keçmişin unudulmayan melodiyasını bu günün musiqi dünyasına gətirən, nostalji ilə müasirliyi birləşdirən xüsusi bir layihədir.
Təxminən 30 il sonra yenidən səslənən bu mahnı, Elyane Arslanın fərqli ifası ilə bir daha sübut edir ki, əsl musiqinin zamanı yoxdur bəzi mahnılar illər keçsə də unudulmur.
https://www.youtube.com/watch?v=p-VO4-4ULaM