Türkiyənin voleybol millisi 1/8 final mərhələsində Azərbaycan yığması ilə üz-üzə gələcək. xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. Bildirilib ki, Sinan Erdem İdman Arenasında keçiriləcək görüş yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00-da) start götürəcək. Oyunu Serbiya Voleybol Federasiyasından Predraq Balandziç və Yunanıstan Voleybol Federasiyasından Teodora Kiriopulu idarə edəcəklər. Qeyd edilib ki, A qrupunda Sloveniya, Latviya, Macarıstan və Almaniya üzərində qələbə qazanan Türkiyənin qadınlardan ibarət milli voleybol komandası son matçında Polşaya 3:2 hesabı ilə məğlub olaraq qrupu ikinci pillədə başa vurub. Belçika, Niderland, Portuqaliya, Rumıniya və İspaniya ilə birlikdə C qrupunda mübarizə aparan Azərbaycan yığması isə keçirdiyi 5 oyundan 3-də qalib gələrək qrupu üçüncü sırada tamamlayıb. Bu qarşılaşmada qələbə qazanan tərəf 1/4 finala vəsiqə əldə edəcək.