Azərbaycan nümayəndə heyətinin çıxışı tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Xüsusilə Qarabağ atlarının nümayişi, milli musiqi elementləri və Azərbaycan mədəniyyətini əks etdirən kompozisiyalar tədbirə xüsusi rəng qatıb. Təqdim olunan proqram Azərbaycanın qədim atçılıq ənənələrinin beynəlxalq auditoriyaya təqdimatı baxımından mühüm əhəmiyyət daşıyıb.
Qeyd edək ki, CHIO Aachen beynəlxalq atçılıq aləmində “Atçılıq idmanının Wimbledon-u” kimi tanınır və burada çıxış etmək dünya atçılıq ictimaiyyəti üçün böyük nüfuz hesab olunur. Festival Beynəlxalq Atçılıq Federasiyasının (FEI) ən yüksək statuslu yarışlarından biri sayılır.
Azərbaycan Atçılıq Federasiyasının nümayəndələrinin bu mötəbər arenada iştirakı ölkəmizin beynəlxalq idman və mədəniyyət sahəsində artan nüfuzunun göstəricisi kimi qiymətləndirilir. Tədbir çərçivəsində bir sıra beynəlxalq nümayəndələrlə görüşlər keçirilib, gələcək əməkdaşlıq imkanları da müzakirə olunub.
Məlumat üçün bildirək ki, Aachen şəhəri 2026-cı ildə keçiriləcək FEI Dünya Atçılıq Çempionatına da ev sahibliyi edəcək. Bu səbəbdən CHIO Aachen hazırda dünya atçılıq ictimaiyyətinin əsas diqqət mərkəzindədir.
https://www.youtube.com/watch?v=LP6oSZJTZuo