Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkənin sərhəd mühafizə sisteminin yaradılması və inkişafı (yanvar 1992–yanvar 2012-ci illər)

Zamiq Yunisov

İnterval.Az-a açıqlamasında İnterval.Azn baş  redaktoru  və Müəllif Hüquqları Uğrunda İctimai Birliyini-n İdarə Heyəti Sədrinin müavini Zamiq Yunisov  bildirib.   Tarixi haqqımız olan müstəqilliyimizi qazandıqdan, 1991-ci ilin 18 oktyabrında “Müstəqillik haqqında Konstitusiya Aktı”nı qəbul etdikdən sonra milli dövlət quruculuğunun bərpası işlərinə başlanıldı. Müstəqil dövlətin əsas dayağı olan silahlı qüvvələrin, o cümlədən Sərhəd Qoşunlarının yaradılması müstəqil dövlət quruculuğunun əsas tərkib hissələrindən idi. 1991-ci ilin dekabr ayının 9-da Azərbaycan Respublikasının Milli Şurası “Azərbaycan Respublikasının Dövlət Sərhədi haqqında” Qanun qəbul etdi. Həmin ilin dekabr ayının 16-da isə Azərbaycan Respublikasının Dövlət Sərhədini Mühafizə Komitəsi (DSMK) yaradıldı.
1992-93-cü illərdə dövlət sərhədinin mühafizəsinin gücləndirilməsi sahəsində hökumət bir neçə qərar versə də, bu qərarların yerinə yetirilməsi lazımi səviyyədə təşkil olunmurdu. Səriştəsizlik, xüsusi ilə xarici qüvvələrin dağıdıcılıq fəaliyyəti ilk vaxtlar Sərhəd Qoşunlarının formalaşması prosesində inamsızlıq yaradırdı. Dövlət sərhəd zolağının bəzi yerlərində keçilməz tikanlı məftillərin sökülməsi və müxtəlif strateji malların kənara daşınmasına şərait yaradılması respublikamızın iqtisadiyyatını sarsıdır, bəzən də sərhədlərimizi qoruya bilməyəcəyimiz barədə ortaya atılan bədxah fikirləri sübuta yetirməyə xidmət edirdi.
Bu dövrdə Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə dövlət sərhədində mövcud mühəndis-texniki qurğuların bir hissəsi dağıdılmış, hərbi texnika və digər vasitələr yararsız hala salınmışdı. Ermənistan Silahlı Qüvvələri tərəfindən ölkə ərazisinin 20 faizinin işğalı nəticəsində İİR ilə dövlət sərhədinin 132 km sahəsinə nəzarət etmək də qeyri-mümkün olmuşdu. Narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-leqal miqrasiya, insan alveri, radioaktiv maddələrin və kütləvi qırğın silahları komponentlərinin qanunsuz daşınması, qaçaqmalçılıq kimi cinayətlərlə məşğul olan transmilli kriminal qruplar Azərbaycan Respublikasının dövlət sərhədlərində yaranmış vəziyyətdən maksimum yararlanmağa çalışırdı.
Həmin illərdə dövlət sərhədinin mühafizəsi, əsasən şəxsi heyətin fiziki imkanları və SSRİ dövründən qalmış, fiziki və mənəvi cəhətdən köhnəlmiş mühəndis-texniki qurğular və texniki vasitələr hesabına həyata keçirilir, şimal və şimal-qərb istiqamətində yaradılmaqda olan sərhəd məntəqələri vaqonlarda, çadırlarda və ən yaxşı halda, uyğunlaşdırılmış binalarda yerləşirdi.
Belə bir vaxtda DSMK-nın qarşısında duran ən böyük vəzifə keçmiş Sovet hərbçilərinin tabeliyində olan hərbi hissələrin və sərhəd dəstələrinin təhvil alınması idi. Keçmiş SSRİ Sərhəd Qoşunlarının Bakı şəhərində yerləşən Əməliyyat Döyüş Şöbəsi, eləcə də hərbi hissələrin rəhbərləri isə bu prosesi uzatmağa, təxribatlar törətməyə çalışırdılar. 1992-ci ilin fevral ayının 12-də DSMK-nın Mühəndis Tikinti İdarəsinin, “Bakı” Əlahiddə Nəzarət Buraxılış Məntəqəsinin, Neftçala Təlim Mərkəzinin, Gözətçi Gəmilər Briqadasının və “Yalama” Nəzarət Buraxılış Məntəqəsinin ştat strukturu təsdiq olundu.
Həmin ərəfədə Bakı bərəsində və hava limanında xidməti keçmiş SSRİ sərhədçiləri aparırdılar və bu, respublikadan silah-sursatın daşınmasına, xarici kəşfiyyat orqanları əməkdaşlarının ölkəmizə maneəsiz gəliş-gedişinə imkan verirdi. Bu cür halların qarşısını almaq məqsədi ilə may ayının 8-dən 9-na keçən gecə “Bakı” ƏNBM-in DSMK-nın tabeçiliyinə verilməsi təmin edildi.
DSMK-nın maddi-texniki bazasının yaradılmasında mühüm rol oynayan, silah-sursat və digər lazımi hərbi ləvazimatlarla dolu olan hərbi anbarların ələ keçirilməsi əsas məsələ kimi qarşıda dururdu. Həm də oğurluq, hərbi sursatın və əmlakın sovet sərhədçiləri tərəfindən talan edilməsi adi hal almışdı. Buna görə də hərbi anbarların ələ keçirilməsi zəruri idi və milli sərhədçilərimiz 1992-ci ilin iyul ayının 26-da əsl fədakarlıq göstərərək bu vacib hərbi obyekti öz tabeçiliklərinə keçirməyə nail oldular.
Azərbaycanın varlığını qoruyub saxlamaq üçün Sərhəd Qoşunlarını təcili formalaşdırmaq, əməliyyat şəraitinə, sərhədin mühafizəsinə nəzarət edə biləcək bir hərbi quruma çevirmək lazım idi. Sovet sərhədçilərinin milli qüvvələrlə əvəz edilməsi prosesindən aqressivləşən, əldə edilmiş sazişi pozaraq hərbi texnikanı, silah-sursatı imkan düşdükcə aradan çıxarmağa çalışan sovet sərhədçiləri şimala doğru üz tutdular. Bu istiqamətdə nəzarəti gücləndirmək zərurəti meydana çıxdı və DSMK 1992-ci ilin iyun ayının 13-də “Yalama” ƏNBM-in fəaliyyətə başlaması haqqında qərar verdi. İyun ayının 16-da milli sərhəd qoşunlarımızın əsgərləri baş leytenant Elçin Quliyevin rəhbərliyi altında Azərbaycanla Rusiya arasındakı əsas tranzit yola nəzarət etmək üçün Samur qəsəbəsindəki körpü üzərinə çıxdılar (Respublikaya gəlib-gedən maşınların sənədlərinin yoxlanılması ilə fəaliyyətə başlayan kiçik bir post sonradan inkişaf edib nizam-intizamı və dövlət sərhədinin etibarlı mühafizəsində nümunəvi xidməti ilə fərqlənən Xudat Sərhəd Dəstəsinə çevrildi).Təhvil alınmış hərbi hissələri şəxsi heyətlə komplektləşdirmək, eləcə də təhvil alınan sərhəd dəstələrini hazırlıqlı əsgərlərlə təmin etmək üçün Neftçala Təlim Bazasının Sərhəd Qoşunlarının tabeçiliyinə keçməsinin böyük əhəmiyyəti var idi. 1992-ci ilin iyul ayının 8-də təlim bazası çətinliklə də olsa təhvil alındı və burada milli sərhədçilərimizin hazırlanmasına başlanıldı.
Cənub sərhədlərində xidmət edən keçmiş SSRİ sərhədçiləri artıq könülsüz xidmət aparır, qaçaqmalçılıq və sərhədpozma halları baş alıb gedirdi. Təxribatçı qüvvələr bu əlverişli vəziyyətdən öz məqsədləri üçün yararlanırdılar. Belə bir şəraitdə Azərbaycan sərhədçiləri cənub sərhədlərini təcili surətdə öz nəzarətlərinə götürməli idilər. Məhz buna görə də DSMK birtərəfli qaydada 1992-ci ilin avqust ayının 1-də Lənkəran Sərhəd Dəstəsinin, avqust ayının 9-da isə Göytəpə Sərhəd Dəstəsinin yaradıldığını elan etdi. DSMK-nın atdığı bu məqsədyönlü addımları keçmiş SSRİ sərhədçilərinin rəhbərliyi çox narahatlıqla qarşılayır, hər vasitə ilə daxili pozucu qüvvələrin gücündən istifadə edib, artıq gedən prosesin qarşısını almağa çalışırdılar. Lakin son dərəcə ağır olsa da, həmin dövrdə xidmət edən milli zabit və gizirlərimizin köməkliyi ilə öz sərhəd dəstələrimizin yaradılması işi uğurla həyata keçirilməkdə idi.
1992-ci ilin oktyabr ayından başlayaraq Hadrutda yerləşən Horadiz Sərhəd Dəstəsinin qəbulu məsələsi ön planda dururdu. Həmin ilin mart ayından başlayaraq sovet sərhədçiləri tərəfindən bu sərhəd dəstəsinə məxsus nə var idisə, hamısı ermənilərə təhvil verilmişdi. Odur ki, həmin sərhəd dəstəsinin nəzarət etdiyi ərazidə baş verə biləcək təxribatların qarşısını almaq üçün dövlət sərhədimizin bu sahəsi Azərbaycan sərhədçiləri tərəfindən tezliklə mühafizəyə götürülməli idi. Bir sıra çətinliklərə baxmayaraq 1992-ci ilin noyabr ayının 1-də Horadiz sərhəd dəstəsi də sərhədçilərimiz tərəfindən təhvil alındı.
Xəzər dənizi hövzəsində dövlət sərhədinin mühafizəsini təmin etmək məqsədilə 1992-ci ilin oktyabr ayının 6-da Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında bağlanan müqavilənin şərtlərinə uyğun olaraq 27 noyabr 1992-ci il tarixdə Əlahiddə Sərhəd Gözətçi Gəmilər Briqadası Sərhəd Qoşunlarının ixtiyarına verildi. Lakin bütün gəmilər, silah-sursat, avtomobil və digər texnika ölkəmizdən çıxarılaraq Həştərxana aparılmışdı. Azərbaycanda yalnız iki ədəd xidmətə yararsız gəmi qalmışdı.
Keçmiş sovet sərhədçilərinin Azərbaycan ərazisindən çıxarılması prosesi 1993-cü ilin aprel ayına qədər davam etdi. Həmin ilin aprel ayının 5-də Azərbaycan Respublikası ərazisində yerləşən sonuncu rabitə taborunun təhvil-təslimi başa çatdı və bununla da, sonuncu sovet sərhədçisi ölkəmizin ərazisini tərk etdi.
Dağıdılmış zastavaları, bərbad hala salınmış kazarmaları, sıradan çıxarılmış mühəndis-texniki və rabitə qurğularını gərgin və ağır şəraitdə bərpa etmək böyük iradə tələb edirdi. Sərhədçilərimiz bu şərəfli vəzifənin öhdəsindən layiqincə gəldilər.
Respublikamızda ordu quruculuğu, o cümlədən Sərhəd Qoşunlarının yaranma prosesi müxtəlif siyasi qüvvələrin hakimiyyət ehtiraslarının qızışdığı dövrlə üst-üstə düşmüşdü. Erməni təcavüzünə məruz qalan ölkəmizdə daxili siyasi vəziyyətin də qeyri-sabit olması, siyasi hakimiyyətdəki qüvvələrin naşılığı, bacarıqsızlığı Sərhəd Qoşunlarımızın formalaşmasına mane olur, sərhədlərimizin mühafizəsi işinin təşkili üçün əsaslı tədbirlərin həyata keçirilməsinə imkan vermirdi.
1992-ci ilin oktyabr ayının 9-dan etibarən DSMK Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsi kimi fəaliyyət göstərməyə başladı.
Müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyev 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının çox ağır, çətin və mürəkkəb dövründə ictimai, siyasi, iqtisadi, mədəni həyatın bütün sahələrində olduğu kimi, ordu quruculuğu sahəsində də böyük işlər görməyə nail oldu. 1988-ci ildən etibarən avtomobil və dəmir yolu ermənilər tərəfindən bağlanan, iqtisadi blokadaya alınan, xarici aləmdən təcrid edilən muxtar respublika basqınlara və talanlara məruz qalır, sərhədyanı yaşayış məntəqələri erməni işğalçıları tərəfindən mütəmadi şəkildə atəşə tutulur, insanlar öldürülür, girov götürülürdülər. Muxtar respublikanın ərazisində olan 75-ci motoatıcı diviziyanın və 41-ci sərhəd dəstəsinin hərbçiləri isə Moskvanın siyasətinə uyğun olaraq Naxçıvanı nəinki erməni təcavüzündən qorumur, hətta bəzi hallarda ermənilərə kömək edir, yerli əhali ilə münaqişələr yaradırdılar. Belə bir vəziyyət muxtar respublikanın müdafiəsinin milli qüvvələr hesabına təşkil olunması istiqamətində təcili və təxirəsalınmaz tədbirlərin görülməsini tələb edirdi. Heç təsadüfi deyildir ki, uzaqgörən dövlət xadimi Ali Məclisin sədri seçildikdən cəmi üç gün sonra, 1991-ci ilin sentyabr ayının 6-da Naxçıvan Muxtar Respublikası Dövlət Milli Müdafiə Komitəsi yaradılması barədə qərar verdi. Belə bir qərar qəbul etməklə uzaqgörən sərkərdə Azərbaycanın ilk peşəkar, vahid rəhbərliyə tabe olan milli ordusunun əsasını qoydu. Ulu Öndərin rəhbərliyi ilə Milli Müdafiə Komitəsinin statusu, strukturu, təşkili haqqında qanunvericilik bazası yaradıldı, fəaliyyət istiqamətləri müəyyənləşdirildi və Naxçıvandakı sovet hərbi hissələrinin milliləşdirilməsi prosesinə başlanıldı.Bu proses çox çətin şəraitdə başlasa da, incə siyasətlə və böyük məharətlə həyata keçirilirdi. Şəraiti çətinləşdirən amillərdən biri də bu idi ki, o zaman respublikaya rəhbərlik edənlər ölkənin maraqlarını qorumağa qadir deyildilər və buna görə də Ulu Öndər Naxçıvanda bütün Azərbaycanın mənafelərini qorumaq üçün müstəqil qərarlar qəbul etmək məcburiyyətində idi. O vaxt qəbul edilmiş həmin müstəqil qərarlar sonralar müstəqillik tariximizin şanlı səhifələri kimi qürur mənbəyinə çevrildi.
Ulu Öndərin o vaxt qəbul etdiyi tarixi qərarların bir hissəsi sərhədlərlə, vətənin hüdudlarının milli sərhədçilərimiz tərəfindən mühafizə olunmasının təşkili və həyata keçirilməsi ilə əlaqədar olmuşdur. Zaqafqaziyada sərhədlərin qorunması işinə incəliklərinə qədər bələd olan görkəmli dövlət xadimi bilirdi ki, Sədərək və Ordubad rayonları ərazisində ermənilərlə həmsərhəd olan sərhəd məntəqələri Naxçıvandakı 41-ci sərhəd dəstəsinə deyil, Ermənistan ərazisində fəaliyyət göstərən müxtəlif sərhəd dəstələrinə tabedir. Sovetlər dönəmində Naxçıvan ərazisindəki sərhəd zastavaları düşünülmüş şəkildə bu cür parçalanmışdı. Sovet dövründə Şərurdan Ermənistana gedərkən nəzarət məntəqəsi sərhəd xəttinə yaxın yerdə deyil, xeyli aralıda, muxtar respublikanın içərilərinə doğru gedən yerdə yaradılmışdı. Sədərək nəzarət məntəqəsi də Vəlidağla Dəhnə dağının birləşdiyi yerdə, “Qurd Qapısı” deyilən ərazidə təşkil olunmuşdu və Sədərək qəsəbəsi nəzarət-buraxılış məntəqəsindən o tərəfdə qalmışdı. Ordubad rayonu ərazisində isə vəziyyət daha anlaşılmaz idi. Bu rayonun ərazisindəki bütün sərhəd zastavaları (“Yaycı” sərhəd zastavasından “Kotam” sərhəd zastavasınadək) Ermənistan ərazisində süni şəkildə yaradılan Mehri Sərhəd Dəstəsinə tabe edilmişdi. Belə bir vəziyyət ermənilərin ekstremist və işğalçı hərəkətlərə başladıqları zaman sərhədçilərlə yerli hakimiyyət orqanları arasında ciddi problemlər yaradır, yerli əhalini narazı salırdı. Ulu Öndər bu vəziyyəti aradan qaldırmaq üçün qərar qəbul etdi, Sərhəd Qoşunları Zaqafqaziya Dairəsinin və 41-ci sərhəd dəstəsinin rəhbərliyindən tələb olundu ki, muxtar respublikanın ərazisindəki sərhəd məntəqələrinin hamısı bir dəstədə cəmlənsin və 41-ci sərhəd dəstəsinə tabe edilsin. Bu məsələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin tələb etdiyi müddətdə, yəni 3 gün ərzində (30 oktyabr 1991-ci il) həll edildi.
Muxtar respublikanı iqtisadi-siyasi blokadadan, xüsusən də erməni təcavüzündən xilas etmək üçün müstəqil və cəsarətli siyasət yürüdən Ulu Öndərə Moskvadan təzyiqlər edilir, Naxçıvandakı proseslərə imperiyanın xeyrinə uyğun olan yozumlar verilirdi. Məsələn, Ulu Öndərin qardaş Türkiyə ilə əlaqələr qurmaq cəhdləri, lazım olarsa, Naxçıvana Türkiyə qoşunlarının dəvət olunması barədəki bəyanatı Müstəqil Dövlətlər Birliyinin birləşmiş silahlı qüvvələrinin baş komandanı marşal Şapoşnikovu təlaşlandırmış və o, “əgər belə olarsa, onda üçüncü dünya müharibəsi başlaya bilər” kimi sərsəm bəyanat verərək hamını qorxutmağa cəhd etmişdi. Şapoşnikovun verdiyi bu bəyanatı məntiqlə, tarixi fakta əsaslanaraq puça çıxaran Ulu Öndər bildirmişdi ki, Naxçıvanın statusu haqqında 1921-ci ildə Rusiya ilə Türkiyə arasında imzalanmış Qars müqaviləsini hələ heç kim ləğv etməyib və lazım gəlsə, həmin müqaviləyə istinadən Türkiyəyə müraciət ediləcəkdir. Ulu Öndərin mətbuata verdiyi bu açıqlama Naxçıvana da ərazi iddiasına düşmüş erməni işğalçılarına və onların havadarlarına tutarlı cavab oldu.
Naxçıvan Sərhəd Dəstəsinin əmlakının, silah-sursatının tamamilə milli sərhədçilərimizə təhvil verilməsi işi də uzaqgörən sərkərdənin qətiyyəti sayəsində ölkəmizin milli maraqlarına uyğun şəkildə həll olundu. 1992-ci ilin avqust ayının 22-də 41-ci sərhəd dəstəsi Azərbaycanın tabeliyinə keçdi və sərhəd dəstəsində müstəqil Azərbaycanın milli bayrağı dalğalandırıldı. (Bu hadisəni sərhədçilər Naxçıvan sərhəd diviziyasının yaradılması günü kimi qeyd edirlər.) Beləliklə, ölkəmizdə müəyyən xidməti ərazidə sərhədlərimizi tam mühafizə altına götürən ilk milli sərhəd dəstəsi yaradıldı. O vaxt respublikamızın ərazisindəki sərhəd dəstələrinin əmlakının bölünməsi, yəni 50 faizinin Rusiya Federasiyasının, 50 faizinin isə Azərbaycan Respublikasının sərəncamına verilməsi barədə razılaşma olmuşdu. 1992-ci ilin sentyabr ayının 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Rəyasət Heyətinin yığıncağında “Naxçıvan Muxtar Respublikasının müdafiəsinin və sərhədlərinin qorunması haqqında” məsələyə baxıldı və qərar qəbul olundu. Az sonra isə muxtar respublika ərazisində yerləşmiş keçmiş SSRİ Silahlı Qüvvələrinin tabeliyində olan silah-sursatın, texnikanın, hərbi və mülki əmlakın bütövlüklə Azərbaycana təhvil verilməsi prosesinə başlanıldı.
Naxçıvana məkrli əllərin uzanmasına imkan verməmək, mürəkkəb ictimai-siyasi şəraitdə, blokadada inləyən torpaqları işğal təhlükəsindən xilas etmək zərurəti ordu quruculuğu işini daha da sürətləndirdi. 1992-ci ilin sentyabr ayının 29-da Naxçıvan Sərhəd dəstəsində mitinq keçirildi, keçmiş SSRİ zabitləri ilə təhvil-təslim prosesinin rəsmi imzalanma mərasimi oldu. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Naxçıvan ərazisində yerləşən hərbi hissələrin texnika və hərbi əmlakı heç bir şərt qoyulmadan xalqımızın ixtiyarına verildi və sovet sərhədçiləri Naxçıvandan yola salındı.1992-ci ilin oktyabr ayının 18-də Naxçıvan Sərhəd Dəstəsində gənc əsgərlərin andiçmə mərasimi keçirildi. Bu andiçmə Azərbaycan Respublikasının milli sərhədçilərinin ilk andiçmə mərasimi idi. Andiçmə mərasimində iştirak edən Ulu Öndər sərhədçiləri təbrik edərək bu sözləri dedi: “Siz müstəqil Azərbaycanın sərhədlərinin toxunulmazlığını, respublikamızın ərazi bütövlüyünü təmin edən sərhəd qoşunlarının sıralarında xidmət etməyə başlayırsınız. Siz indi müstəqil Azərbaycan dövlətinə sədaqətlə xidmət etmək andı içdiniz. Bu and müqəddəs anddır. Azərbaycan xalqının son 70 ildə xidmətə gedən oğulları daim Sovet Ordusuna, Sovet dövlətinə sədaqətlə xidmət edəcəklərinə and içərdilər. Bu, o dövrün xarakterik cəhəti idi. İndi isə bizim üçün ən şərəfli, ən xoşbəxt an ondan ibarətdir ki, Azərbaycan müstəqil dövlət olub, Azərbaycan xalqı öz milli azadlığına nail olub və indi müstəqil dövlətin atributlarını yaratmaqla məşğuldur. Bu baxımdan ən mühüm sahə olan Sərhəd Qoşunlarının yaradılması prosesi gedir…
Biz bu gün çox böyük məmnuniyyət hissi ilə müstəqil Azərbaycan dövlətində Sərhəd Qoşunlarının yaranmasını məhz buradan, Naxçıvandan, Azərbaycanın bu qədim diyarından başlandığını qeyd edirik…”

1993-cü ilin iyununda Azərbaycanda hakimiyyətə qayıdan Dahi Öndər Heydər Əliyevin müdrikliyi sayəsində ictimai həyatın bütün sahələrində olduğu kimi, dövlət sərhədinin mühafizəsində də mühüm dəyişikliklər baş verdi. Dövlət sərhədlərinin mühafizəsi məsələlərinə göstərilən diqqət və qayğı sayəsində cənub sərhədlərində dağıdılmış sərhəd infrastrukturunun bərpası, ölkənin şimal və şimal-qərb sərhədlərində sərhəd məntəqələrinin yaradılması və maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər görüldü. XX əsrin 60-cı illərinin 2-ci yarısından etibarən həyata keçirilən kadr siyasəti sayəsində SSRİ sərhəd qoşunlarında məsul vəzifələrə yüksəlmiş milli sərhədçi kadrlar xidmətə cəlb edildi və peşəkar sərhədçilərin təcrübəsindən geniş istifadə olunmağa başlanıldı.
Milli Sərhəd Qoşunlarının formalaşdığı 1993-2002-ci illərdə dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili sahəsində böyük irəliləyişlərə nail olundu. Sərhəd Qoşunlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, maliyyə-təsərrüfat fəaliyyətinin nizamlanması, yeni yaradılmış sərhəd dəstələrində və sərhəd zastavalarında müasir tələblərə uyğun xidməti və yaşayış binalarının tikilib istifadəyə verilməsi prosesləri uğurla davam etdirildi. İqtisadi çətinliklərə baxmayaraq, Sərhəd Qoşunlarının nəqliyyat vasitələri, eləcə də rabitə avadanlıqları və xüsusi texniki vasitələrlə təminatı yaxşılaşdırıldı. Sərhəddə mühəndis-texniki qurğuların bərpası, qaçaqmalçılıqla mübarizə, şəxsi heyətin döyüş və siyasi hazırlığının yüksəldilməsi ilə yanaşı, şimal və şimal-qərb sərhədlərimizin mühafizəsinin təşkili istiqamətində də mühüm tədbirlər həyata keçirildi. Azərbaycan-Rusiya sərhədində Şəki Əlahiddə Sərhəd Komendantlığı (11 iyul 1995-ci il), Azərbaycan-Gürcüstan sərhədində isə Zaqatala (3 mart 1993-cü il), Şəmkir (15 avqust 1994-cü il) Sərhəd Dəstələri yaradıldı. Qısa tarixi vaxt ərzində Sərhəd Qoşunları nəinki formalaşma prosesini başa çatdırdı, həm də təkmilləşərək respublikanın sayılıb-seçilən hərbi qurumlarından birinə çevrildi.

Lakin bu proseslər də asanlıqla getmirdi. Sərhəd Qoşunlarının yaradılması prosesində qarşıya çıxan əsas problemlərdən biri ixtisaslı kadrların çatışmaması idi. Keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında xidmət edən azərbaycanlı zabitlərin başqa millətlərlə müqayisədə azlıq təşkil etməsi yeni yaradılmış Sərhəd Qoşunlarının sərhədçi zabitlərlə komplektləşdirilməsində çox böyük problemə çevrilmişdi. Bu işdə Dahi Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş Cəmşid Naxçıvanski adına hərbi internat məktəbinin yetirmələri köməyə çatdı. Bunlarla bərabər, SSRİ Sərhəd Qoşunlarında xidmət edən azərbaycanlı zabit və gizirlərin, demək olar ki, hamısı könüllü olaraq Azərbaycan Sərhəd Qoşunlarında xidmətə daxil oldular. Lakin bunlar qoşunların tələbatını tam ödəmirdi. Odur ki, ehtiyatda olan zabitlər, eləcə də digər hərbi mükəlləfiyyətli vətəndaşlar könüllü olaraq xidmət etmək üçün Sərhəd Qoşunlarına həqiqi hərbi xidmətə qəbul edildilər.
Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin noyabr ayının 2-də radio və televiziya ilə xalqa tarixi müraciəti Sərhəd Qoşunlarının da inkişaf edib möhkəmlənməsi yolunda dövlət proqramına çevrildi. Xalqın vətənpərvər oğulları müstəqil respublikamızın sərhədlərini qorumaq üçün müraciət etdilər. Əlbəttə, ilk vaxtlar təcrübəsizlik, ixtisaslı zabitlərin çatışmaması müəyyən çətinliklər törədirdi. Lakin mülki həyatdan gəlmiş zabit və gizirlər qısa müddət ərzində sərhədçi peşəsinə yiyələnə bildilər. Getdikcə qoşunların kadr potensialı yaranmağa başladı. Vicdanla, namusla, nümunəvi xidməti ilə fərqlənən zabit, gizir və əsgərlərin sayı artdı.
1992-ci ildən sərhədçi zabitlər Müdafiə Nazirliyinin tabeliyində olan Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin sərhəd fakültəsində hazırlanmağa başlanıldı. 1994-cü ildən başlayaraq Sərhəd Qoşunları həmin məktəbin məzunları ilə komplektləşdirildi. Məktəbin tədris prosesində Sərhəd Qoşunlarının spesifik xüsusiyyətlərinin tam nəzərə alınmaması, sərhədçi zabitlərin peşə və mənəvi-psixoloji hazırlıqlarının lazımi səviyyədə olmaması, son nəticədə dövlət sərhədinin etibarlı mühafizə edilməsi işinə mənfi təsir göstərirdi. Məhz bunları nəzərə alaraq, 1998-ci ilin dekabr ayının 1-də Ulu Öndər Heydər Əliyev Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının yaradılması haqqında fərman verdi.Sərhədçi zabit və gizirlərin, xüsusilə ehtiyatdan xidmətə qəbul olunanların bilik və peşə bacarığını artırmaq məqsədi ilə Sərhəd Qoşunlarının tərkibində 1994-cü ilin avqust ayının 12-də Kadrların Hazırlanması və Təkmilləşdirilməsi Kursları yaradıldı.

Dahi Öndər Heydər Əliyevin Azərbaycan sərhədçiləri ilə görüşləri sərhəd mühafizəsinin inkişafı üçün xüsusilə əhəmiyyətli oldu. Ulu Öndər Heydər Əliyevin 1996-cı ilin dekabr ayının 16-da, 2001-ci ilin avqust ayının 19-da Sərhəd Qoşunlarının ildönümlərinə həsr olunmuş mərasimlərdə iştirakı, 2002-ci ilin mart ayının 6-da Sərhəd Qoşunlarının illik hesabatını qəbul etməsi, 2003-cü ilin fevral ayının 6-da Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti ilə görüşməsi, sərhəd mühafizəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün verdiyi göstərişlər milli sərhəd mühafizəsinə yüksək qayğının nümunəsi oldu. 2001-ci ildə Sərhəd Qoşunlarının xidməti hesabatını qəbul edərkən Ulu Öndər sərhədçilərin qarşısında beynəlxalq terrorçuluğa, qanunsuz miqrasiyaya, narkotiklərin qanunsuz dövriyyəsinə, qaçaqmalçılığa qarşı mübarizə aparılması, dənizdə neft-qaz hasilatı infrastrukturunun mühafizəsi kimi vəzifələr qoydu.

2002-ci ilin iyul ayının 31-də Ulu Öndər Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin yaradılması barədə fərman imzaladı. Dövlət Sərhəd Xidmətinin yaradılması və ona mərkəzi icra hakimiyyəti orqanı statusunun verilməsi ilə Azərbaycan sərhədçilərinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Dövlət Sərhəd Xidməti qarşısında müasir dövrün tələblərinə uyğun olaraq yeni vəzifələr qoyuldu və sərhəd təhlükəsizliyinin təminatı məsələlərinin ən yüksək səviyyədə həll olunmasına başlanıldı.
2002-ci ilin oktyabr ayının 24-də sərhəd aviasiyası yaradıldı, DSX-nin balansına verilmiş təyyarə və vertolyotlar əsaslı təmir edilərək xidmətə cəlb olundu, sərhədin havadan mühafizəsinin təşkili, dövlət sərhədində baş verən hadisələrə çevik reaksiya verilməsi və şəxsi heyətin təyinat yerinə vaxtında çatdırılması, dağlıq ərazilərdə və dənizdə xilasetmə əməliyyatlarının aparılması üçün sərhəd aviasiyasının istifadəsinə başlanıldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəyə rəhbərlik etməyə başladığı ilk vaxtlardan Ulu Öndər Heydər Əliyevin milli sərhəd siyasətini uğurla davam etdirərək sərhədçiləri və Sərhəd Qoşunlarını daim dövlət qayğısı ilə əhatə etdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ölkəmizin sərhədçiləri ilə çoxsaylı görüşləri Dövlət Sərhəd Xidmətinin inkişafına, ölkəmizin sərhədlərinin mühafizəsinə göstərilən diqqət və qayğının əyani təzahürüdür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə 2004-cü ilin yanvar ayının 14-də Naxçıvan sərhəd dəstəsinin bazasında sərhəd diviziyası yaradıldı. 2005-ci ilin fevral ayının 18-də cənab Prezidentin Fərmanı ilə sərhəd gözətçi gəmilər dəstəsinin əsasında DSX-nin Sahil Mühafizəsinin yaradılması dəniz sərhədlərinin mühafizəsinə və Xəzərdə ölkəmizin maraqlarının daha yüksək səviyyədə təmin edilməsinə geniş imkanlar yaratdı. DSX-nin Xəzər dənizində müşahidə, axtarış və xilasetmə imkanları xeyli inkişaf etdirildi, sərhəd gözətçi gəmiləri müasir naviqasiya və aşkaretmə avadanlıqları ilə təchiz edildi, dəniz səthi üzərində nəzarətin təşkili üçün zəruri istiqamətlərdə radiolokasiya stansiyaları quraşdırıldı.
2005-ci ilin dekabr ayının 27-də “Azərbaycan Respublikasının dövlət sərhədlərinin mühafizəsi sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı” təsdiq edildi.2007-ci ilin iyun ayının 12-də cənab Prezident İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması barədə Sərəncam imzalaması Vətənimizin sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsində mühüm rol oynadı. 2008-ci ilin sentyabr ayının 14-də Dövlət Sərhəd Xidməti Akademiyasının ilk kursantları Vətənə, dövlətə sədaqət andı içərək təlim və tədrisə başladılar. 2008-ci il noyabr ayının 27-də akademiyanın yeni səhra təlim mərkəzi istifadəyə verildi. Mərkəzdə kursantların nəzəri hərbi biliklərinin təcrübədə işlənilməsi, zəruri döyüş və əməliyyat-taktiki vərdişlərinə yiyələnməsi üçün hər bir şərait yaradılmışdır.
2009-cu il Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 90 illik yubiley ili kimi əlamətdar olmuşdur. Sərhədçilər yubileyi xidmətdə qazanılmış uğurlarla, yüksək inkişaf dinamikası ilə qarşılamış və yubiley ili ölkəmizin sərhəd mühafizəsi tarixində xüsusi izlər qoymuşdur. “Sərhədçi” idman olimpiya mərkəzi və Şüvəlan qəsəbəsindəki xüsusi hərbi hissə yubiley ilinin yadigarlarıdır. 164 binanın, o cümlədən xidməti heyvanların təlimatçılarının hazırlanması mərkəzində üstüörtülü manejin və yeni açıq yarış meydanının, Göytəpə Sərhəd Dəstəsi qarnizonunun, 22 ədəd sərhəd komendantlığı və sərhəd zastavasının, 2500 nəfərlik təlim mərkəzi kompleksinin, Akademiya kompleksinin, Sahil Mühafizə bazasının və dəniz limanının, Səngəçal qəsəbəsində mərkəzi anbarlar kompleksinin inşası və əsaslı təmiri uğurla davam etdirilmişdir. DSX Sahil Mühafizəsinə yüksək keçid qabiliyyətli gəmilər verilmiş, çevik hərəkət qurumları üçün yüksək manevrli və keçid qabiliyyətli nəqliyyat vasitələri, sualtı əməliyyat və müşahidə, istehkam avadanlığı, xüsusi müdafiə vasitələri alınmışdır ki, bu da xidmətin səviyyəsinin yüksəlməsinə müsbət təsir etmişdir.
“Döyüş hazırlığı ili” kimi yadda qalan 2009-cu ildə şəxsi heyətin döyüş hazırlığının gücləndirilməsinə mühüm diqqət yetirilmiş, hərbi hissələrin təlim-tədris bazalarının genişləndirilməsi məqsədi ilə sərhəd dəstələrində və hərbi hissələrdə zəruri işlər aparılmışdır. İyun ayının 21-25-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və digər silahlı birləşmələrinin cəlb edildiyi “Qalxan-2009” birgə əməliyyat-taktiki təlimlərində DSX-nin bölmələrinin qarşısına qoyulmuş döyüş tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilmişdir. Sentyabr ayının 23-25-də Xəzər dənizində neft-qaz infrastrukturu obyektlərinin mühafizəsi mövzusunda geniş miqyaslı taktiki təlimlər, noyabr ayının 24-26-da Şəmkir Sərhəd Dəstəsinin xidməti ərazisində “Dövlət sərhədində qoşun qruplarının və quldur dəstələrinin silahlı basqınlarının dəf edilməsi” mövzusunda zirehli döyüş texnikasının tətbiqi, gecə və gündüz döyüşü mövzusunda əməliyyat-taktiki təlim keçirilmişdir. Dövlət sərhədini pozmuş silahlı qruplara qarşı silah tətbiq edilərkən 3 nəfər sərhəd pozucusu zərərsizləşdirilmiş, 3 sərhəd pozucusu yaralanmışdır. Terrorçularla döyüşdə Dövlət Sərhəd Xidmətinin əsgəri Eltun Xaləddin oğlu İsgəndərov komandirlərini və əsgər yoldaşlarını xilas etmək üçün həyatını qurban verərək qəhrəmancasına həlak olmuşdur. Əsgərin igidliyi yüksək qiymətləndirilmiş, ona Azərbaycan Respublikası Prezidenti tərəfindən “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin DSX Akademiyası kompleksinin, Göytəpə sərhəd dəstəsi qarnizonunun, Biləsuvar, Samur və Balakən sərhəd buraxılış məntəqələrinin açılış mərasimlərində iştirak etməsi, Xudat sərhəd dəstəsinin “Yuxarı Zeyxur” sərhəd zastavasında xidmətin təşkili ilə tanış olması və görülmüş işlərə yüksək qiymət verməsi, DSX əməkdaşlarını orden və medallarla təltif etməsi bütün şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanmışdır. Dövlət sərhədlərinin mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi tədbirləri uğurla davam etdirilmiş, o cümlədən Bakı şəhəri Xətai rayonu ərazisində DSX Akademiyası kompleksinin, Cəlilabad rayonunun Göytəpə qəsəbəsində sərhəd dəstəsi qarnizonunun, hərbi hissələrdə cəmi 158 binadan ibarət xidməti və yaşayış obyektlərinin əsaslı tikintisi başa çatdırılmışdır. “2006-2010-cu illərdə Azərbaycan Respublikası dövlət sərhədlərinin mühafizəsinin texniki inkişafına dair” Dövlət Proqramının icrası üzrə tədbirlər müvəffəqiyyətlə yekunlaşdırılmışdır.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2011-ci ilin fevral ayının 9-da Azərbaycan-Gürcüstan dövlət sərhədində “Şıxlı” dövlət sərhədindən buraxılış məntə-qəsinin, aprel ayının 15-də Azərbaycan-İran dövlət sərhədində “Astara” dövlət sərhədindən buraxılış məntəqəsinin, may ayının 19-da Bakı şəhərinin Nərimanov rayonu ərazisində sərhədçilər üçün inşa olunmuş 264 mənzilli yaşayış binasının açılış mərasimlərində iştirak etməsi, avqust ayının 16-da DSX-nin hərbi qulluqçularını orden və medallarla təltifləndirməsi, ali zabit hərbi rütbələrinə layiq bilməsi, Dövlət Sərhəd Xidmətinin ştat-strukturunun təkmilləşdirilməsi, peşəkar heyətin say tərkibinin artırılması barədə qərarlar verməsi sərhədçilər tərəfindən qürur və sevinc hissləri ilə qarşılanmışdır. 2011-ci ildə 359 binadan ibarət 49 tikinti kompleksinin əsaslı təmir-tikintisinin həyata keçirilməsi, hərbi hissələrdə zabit-gizir heyətinin məişət şəraitinin yaxşılaşdırılması üzrə 1288 mənzilin inşa edilməsi xüsusi vurğulanmalıdır. Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Oğlanlar üçün Açıq tipli xüsusi məktəbin Heydər Əliyev Fondu tərəfindən tam təmir edilərək zəruri tədris bazası ilə komplektləşdirildikdən sonra ona Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbi statusunun verilməsi, DSX Akademiyasının tərkibində dəniz və aviasiya kafedralarının fəaliyyətə başlaması, ilk dəfə olaraq həmin ixtisaslar üzrə qəbulun keçirilməsi, DSX Sahil Mühafizəsinin cənub, mərkəz və şimal şöbələrinin fəaliyyətə başlaması, Xəzər dənizinin sahil xətti boyu sahil nəzarəti məntəqələrinin DSX Sahil Mühafizəsinin tabeliyinə verilməsi və tam peşəkar heyətlə komplektləşdirilməsi, DSX Sahil Mühafizəsinə yüksək keçid qabiliyyətli üzmə vasitələrinin verilməsi, Xəzər dənizində sərhəd gözətçi gəmiləri tərəfindən fasiləsiz xidmətin təşkil edilməsi və sərhəd sularında Azərbaycan mənafelərinin qorunması, müşahidə və aşkaretmə imkanlarımızın əhəmiyyətli dərəcədə artırılması, Hava Nəqliyyatında Sərhəd Nəzarəti Dəstəsinin yaradılması, yeni istismara verilmiş Lənkəran və Qəbələ beynəlxalq hava limanlarında sərhəd nəzarətinin təşkil edilməsi 2011-ci ildə sərhəd mühafizəsi tarixinin parlaq səhifələrindəndir.
Dövlət Sərhəd Xidmətinin idarəetmə sistemi xeyli təkmilləşdirilmiş, müasir radiorabitə və telekommunikasiya sistemlərinin tətbiqi genişləndirilmiş, Dövlət Sərhəd Xidmətinin aparatı ilə sərhəd dəstələri arasında peyk rabitəsi sistemi yaradılmışdır. Dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd nəzarətinin təşkili beynəlxalq standartlar səviyyəsinə qaldırılmış, sərhəd nəzarəti məntəqələrində sənədlərin yoxlanılması üzrə müasir tipli laboratoriyalar yaradılmışdır. Şəxsi heyət dövlət sərhədindən keçən şəxslər və nəqliyyat vasitələri üzərində etibarlı sərhəd nəzarətinin həyata keçirilməsi üçün müasir texniki avadanlıq ilə təchiz edilmiş, bütün sərhəd keçid məntəqələrinin avtomatlaşdırılmış məlumat-axtarış sisteminə qoşulması nəticəsində miqrasiya proseslərinin ciddi nəzarətə götürülməsi təmin olunmuşdur.Dövlət Sərhəd Xidmətinin peşəkar heyətlə komplektləşdirilməsi üçün sərhəd zastavalarının atıcı və təminat qrupu komandirlərinin hazırlığı, miqrasiya və sahil mühafizəsinin kiçik mütəxəssislərinin hazırlığı kursları təşkil edilmişdir. Sərhəd Qoşunlarının döyüş hazırlığının gücləndirilməsi daim diqqət mərkəzində olan əsas məsələlərdəndir. Bu məqsədlə hərbi hissələrin təlim-tədris bazaları genişləndirilir, təlimin və tədrisin keyfiyyətinin yüksəldilməsi üçün zəruri tədbirlər həyata keçirilir.
Şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsinə, ekstremal şəraitdə peşə vərdişlərinin yüksək səviyyədə mənimsənilməsinə böyük yardım göstərən taktiki təlimlərin 2004-cü ildən etibarən hər il keçirilməsi hərbi qulluqçuların xilasetmə-axtarış əməliyyatlarında fədakarlıq, yüksək peşəkarlıq nümayiş etdirmələri döyüş hazırlığının lazımi səviyyədə olduğunun göstəricisidir. Keçirilən təlimlər zamanı Xəzər dənizində Azərbaycan Respublikasının mənafelərinin təmin edilməsi, dövlət sərhədində vəziyyətin gərginləşməsi zamanı xidməti-döyüş tapşırıqlarını yerinə yetirərkən birləşmə, hissə və bölmələrin döyüş və hərəkət nizamının təkmilləşdirilməsi, silahlı təxribat-kəşfiyyat qruplarının, terrorçu dəstələrin axtarışı və zərərsizləşdirilməsi, dənizdə xilasetmə işlərinin aparılması üzrə xidməti-döyüş fəaliyyətinin təşkilində zəruri təcrübənin əldə edilməsi kimi ciddi məqsədlərə nail olunur.
Beynəlxalq əməkdaşlıq, dünya dövlətlərinin sərhəd qurumları ilə qarşılıqlı faydalılıq əsasında münasibətlərin qurulması məsələləri diqqət mərkəzində saxlanılır. NATO, Avropa İttifaqı, ATƏT, BMTQAK, BMqT, Şiofok Konfransı, GUAM kimi beynəlxalq təşkilatlarla və bir çox ölkələrin sərhəd xidmətləri ilə əməkdaşlıq inkişaf etdirilmişdir. Bir neçə ildir ki, Sərhəd Məsələləri üzrə Beynəlxalq Konfransın (Şiofok konfransının) iclasları Bakı şəhərində keçirilir.
Dövlət Sərhəd Xidməti gənclərdə hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi məqsədilə Təhsil, Gənclər və İdman nazirlikləri ilə hazırlanmış birgə plan əsasında müxtəlif məzmunlu tədbirlər həyata keçirir. Bu məqsədlə, sərhəd məntəqələrinə ekskursiyalar, DSX-nin aparatında tələbələrlə görüşlər, “Sərhəd” hərbi-idman oyunları, müxtəlif mövzularda təsviri və tətbiqi incəsənət, musiqi və ədəbiyyat müsabiqələri keçirilir, “Sərhədçi” jurnalının xüsusi buraxılışları, DSX-nin fəaliyyətini əks etdirən kitablar nəşr edilir. DSX-nin mərkəzi aparatında fəaliyyət göstərən Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzinə mütəmadi olaraq gənclərin ekskursiyaları təşkil edilir. Gənclərin Vətənə, onun sərhədlərinə məhəbbət ruhunda böyüməsində sərhədçi qəhrəmanların şücaətləri, onların xidməti-döyüş yolu barədəki söhbətlər mühüm rol oynayır. Torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə və dövlətçiliyin qorunmasında sərhədçilərimiz də mərdliklə vuruşmuşlar. Bir çox hallarda ən qaynar nöqtələrdə məhz sərhədçilər dayanmışlar. Ağdərə bölgəsində sərhədçilərdən ibarət xüsusi təyinatlı sərhədçi taboru düşməni ağır itkilərə uğratmışdır. Bu döyüşlərdə qəhrəmancasına həlak olmuş baş leytenant Eldar Məmmədov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk sərhədçidir.
Yüksək hərbi nizam-intizamı ilə fərqlənən Sərhəd Qoşunları Füzuli ətrafında da erməni işğalçılarına qarşı cəsarətlə döyüşmüşdür. Cəbrayıl, Horadiz, Zəngilan düşmən tərəfindən işğal olunan zaman sərhədçilər fədakarlıqlar göstərmiş, dinc əhalinin təhlükəsizliyini təmin etmişlər. Xüsusilə, Cəbrayıl rayonu ərazisində yerləşən Xudafərin məntəqəsi və Füzuli rayonunun Böyük Bəhmənli kəndində yerləşən sərhəd məntəqəsi uğrunda gedən döyüşlərdə sərhədçilərimiz son anadək erməni işğalçılarına qarşı döyüşmüş və həmin məntəqələri sonuncu olaraq tərk etmişlər. Bu döyüşlərdə göstərdiyi şücaətə görə leytenant Tahir Bədəlov ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur.
Müstəqillik yolunda uğurlu addımlar atan Azərbaycan dövlətçiliyinə qarşı daxili və xarici qüvvələr tərəfindən yönəldilmiş bir neçə dövlət çevrilişi cəhdləri zamanı da sərhədçilər fədakarlıq və sədaqət nümunəsi göstərmişlər. Dövlətçiliyimizin qorunması uğrunda gedən çarpışmalarda qəhrəmanlıq göstərən və Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş baş leytenant Əmiraslan Əliyev, gizir Faiq Cəfərov və sərhədçi kursant Bəhruz Mansurovun igidliyi Sərhəd Qoşunlarının salnaməsinə qızıl hərflərlə yazılmışdır.
Sərhəd Qoşunlarının şəxsi heyəti dövlət sərhədlərimizi mühafizə edərkən sülh dövründə silahlı sərhəd pozucularına qarşı mübarizədə canlarını qurban vermiş gizir Qulam Ələkbərov, çavuş Natiq Xəlilov, əsgər Elçin Qasımov və əsgər Eltun İsgəndərov kimi sərhədçilərin xatirəsini unutmur.1995-ci ilin oktyabr ayının 28-də Bakı metropolitenində baş vermiş yanğın zamanı əsgər Elxan Talışxanov hərbi və vətəndaşlıq borcuna sadiq qalaraq qatardakı bir neçə sərnişini xilas edərkən qəhrəmancasına həlak olmuşdur. Göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1998-ci il tarixli Fərmanı ilə E. Talışxanov ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilmişdir.

Ölkəmizin sərhədçiləri çoxsaylı cinayətkar dəstələrin zərərsizləşdirilməsinə nail olmuşlar. Bu proseslər zamanı sərhədçilər dəfələrlə silahlı müqavimətlərlə rastlaşmış və həmin müqavimətləri fədakarlıqla dəf etmişlər. Bu cür cinayətkar dəstələrə qarşı keçirilən əməliyyat tədbirləri sırasında uzun müddət axtarışda olan, Azərbaycan Respublikasının şimal-qərb bölgəsində qatı cinayətlər törətmiş Hacı Maqomedovun başçılıq etdiyi silahlı quldur dəstəsinin 2002-ci ilin iyul ayının 13-də Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən zərərsizləşdirilməsi, dəstə başçısının isə məhv edilməsi xüsusi yer tutur. Həmin əməliyyat tədbirində sərhədçilərin rəşadəti Ulu Öndər Heydər Əliyev tərəfindən yüksək dəyərləndirilmişdir. Azərbaycan Respublikasının dövlət sərhədinin toxunulmazlığının təmin edilməsindəki xidmətlərinə, şəxsi igidlik və şücaət göstərdiklərinə görə Dövlət Sərhəd Xidmətinin iki əsgəri – Anar İsmayılov (ölümündən sonra) və Təbriz Quliyev “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişlər.
2008-ci ilin yanvar ayında silahlı sərhəd pozucuları ilə döyüşə girən və qəhrəmanlıqla həlak olan leytenant Qorxmaz Həşimov “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur.
Ümumilikdə 3 sərhədçi zabit, 1 gizir, 1 kursant və 1 əsgər “Azərbaycanın Milli Qəhrəmanı” adına, onlarla əsgər və zabit isə müxtəlif dövlət təltiflərinə layiq görülmüşlər. Qəhrəmanlıq göstərmiş sərhədçilərin xatirəsini əbədiləşdirmək üçün 7 sərhəd zastavasına onların adları verilmişdir.
Bu gün ölkəmizdə nizami ordu səviyyəsində, çevik, mütəşəkkil, yüksək intizama və döyüş hazırlığına malik, ən müasir texniki vasitələrlə təmin olunmuş Dövlət Sərhəd Xidməti mövcuddur. Heydər Əliyev ideyalarına, dövlətçiliyə, xalqa sədaqətini dəfələrlə nümayiş etdirən hər bir sərhədçi zabit, gizir, çavuş, əsgər və matros müstəqil ölkəmizin dövlət sərhədlərini gecə-gündüz sayıqlıqla qoruyur.

İnterval.Az-a açıqlamasında  İnterval.Azn baş  redaktoru  və Müəllif Hüquqları Uğrunda İctimai Birliyini-n İdarə Heyəti Sədrinin müavini Zamiq Yunisov  bildirib. 

Yıldray Arslan    

İlahə Seyidova

İnterval.Az

 


Bütün xəbərlər