Azərbaycan xalqı bütün dövrlərdə Heydər Əliyevlə qürur duyub -Zamiq Yunisov

Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günüdür. Zaman keçdikcə biz ulu öndərin şəxsiyyətinin ucalığını, dövlətimiz üçün müəyyən etdiyi siyasi kursun və inkişaf yolunun əzəmətini daha yaxından və dərindən anlayırıq.

Heydər Əliyev kimi dahilər öz əməlləri ilə mənsub olduqları xalqın, dövlətin qürurdoğuran tarixini yaradır, onun inkişaf salnaməsinini müəllifinə çevrilirlər. Tariximizə nəzər salanda görürük dövlətimizin çətin vaxtlarında Heydər Əliyev bir lider kimi düşən bütün vəzifələri layiqincə, qətiyyətlə yerinə yetirib, Azərbaycanı tənəzzüldən inkişafa, təbəddülatlardan sabitliyə aparıb. Sovet dövründə Azərbaycanı keçmiş ittifaqın qabaqcılları sırasına çıxaran Heydər Əliyev müstəqillik illərində də öz missiyasını müdrikcəsinə həyata keçirib, dövlətimizi parçalanmaqdan, xalqımızı öz azadlığını itirməkdən xilas edib. Ulu Öndərin 1969-cu ildən başlayan və 30 ildən artıq davam edən rəhbərliyi dövrü Azərbaycan tarixinə milli dirçəliş və intibah dövrü kimi yazılıb. Bu baxımdan istər sovet, istər müstəqillik illərində Heydər Əliyevin müəllifliyi ilə qazanılan hər bir uğur tariximizin qürurdoğuran səhifələridir. Azərbaycan xalqı Heydər Əliyevlə bütün dövrlərdə qürur duyub.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın nail olduğu hər bir uğur həm də Heydər Əliyev ideyalarının reallaşmasıdır. Məhz bu ideyalar nəticəsində Azərbaycan tarixinin ən qüdrətli dövlətinə, bölgənin liderinə, dünyada isə söz sahibinə çevirilib.
Azərbaycanın yeganə problemi torpaqlarımızın işğal altında olması idi. Ötən ilin Vətən müharibəsində torpaqlarımızın azad edilməsi bir daha Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolunun təntənəsi kimi tariximizə həkk olundu. Bu qələbəyə aparan yolun əsasını illər öncə ulu öndər müəyyən etmişdi. Məhz Heydər Əliyevin sayəsində müasir Azərbaycan dövlətinin yaradılmasından sonra müsbətə doğru baş verən dəyişikliklər həm də torpaqlarımızın azad edilməsi üçün etibarlı bünövrə yaradılmasını təmin etdi. Heydər Əliyev uzaqgörən siyasətçi dövlət xadimi idi. Onun təməlini qoyduğu inkişaf siyasəti yalnız sosial-iqtisadi sfera ilə tamamlanmayaraq, kompleks xarakter daşıyırdı. Əlbəttə, bəzən qarşıya qoyulan hədəflərə çatmaq üçün illər, onilliklər lazım gəlir. Eyni zamanda bu zaman daim nəzərə alınırdı ki, biz yalnız Ermənistanla yox, həm də onun havadarları ilə mübarizə aparırdıq. Amma ulu öndər əmin idi“ Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır. Nəyin bahasına olur-olsun” deyirdi.

Ulu öndərin müəyyən etdiyi inkişaf siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsinin nəticəsi olaraq Azərbaycan iqtisadi sferada sürətli yüksəliş yoluna qədəm qoydu, beynəlxalq arenada öz mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirdi. Azərbaycanın yüksəlişi isə nəticə etibarilə torpaqlarımızın işğaldan azad olunmasını uğurla təmin etdi. Prezident İlham Əliyevin Azərbaycanı gücləndirərək elə bir səviyyəyə çatdırdı ki, ordumuz müharibə yolu ilə Ermənistanın işğal siyasətinə son qoydu, torpaqlarımızı azad etdi. Yəni, Azərbaycan beynəlxalq hüququ özü öz gücü hesabına təmin etdi.

“Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün!” –deyə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən il noyabrın 8-də Şəhidlər Xiyabanından xalqa müraciəti zamanı bəyan etmişdi.

Ulu öndər Heydər Əliyev Azərbaycanı bütün təhlükələrdən xilas etdi. Prezident İlham Əliyev isə Azərbaycanı sürətli inkişaf yoluna, dünyanın ən güclüləri sırasına çıxardı. Bu dövlət və haqlı olaraq qürur duyduğumuz ordumuz qarşısında duran tarixi missiyanı, Heydər Əliyevin arzusunu və vəsiyyətini yerinə yetirdi. Ona görə bu gün Heydər Əliyevin də ruhu şaddır, çünki Vətən müharibəsindəki qələbə həm də ulu öndərin ideyalarının təntənəsidir.

Məqalədə:      Zamiq Yunisov 

Nərmin Cabbarova

Interval.Az


Bütün xəbərlər