Özbəkistanda Heydər Əliyevin 100 illik yubileyi münasibətilə xatirə poçt markası buraxılıb

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və sifarişi ilə respublikanın Dövlət Poçt İdarəsi Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ozarbayjon xalqining Umummilliy Lideri Haydar Aliyevning 100 yilligi” adlanan poçt markası buraxılıb.

İnterval.Az xəbər verir ki, bu barədə Mədəniyyət Mərkəzindən bildirilib.

Üzərində Ulu Öndərin portreti əks olunan poçt markası 2023-cü ilin Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar olaraq hazırlanıb.

“Ozarbayjon xalqining Umummilliy Lideri Haydar Aliyevning 100 yilligi” adlanan poçt markası xatirə üçün Azərbaycan və Özbəkistanın muzeylərinə, hər iki ölkənin dövlət və hökumət nümayəndələrinə göndərilməklə yanaşı, Özbəkistanda daxili və beynəlxalq dövriyyəyə buraxılacaq.

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Özbəkistanda silsilə tədbirlər davam edir və Mərkəz Ulu Öndərin zəngin irsinin təbliği məqsədi ilə bir sıra layihələr həyata keçirir.

Qeyd olunub ki, yaxın günlərdə Heydər Əliyevə həsr olunmuş özbək dilində nəşr işıq üzü görəcək, Özbəkistanın aparıcı universitetində Heydər Əliyev auditoriyasının açılışı nəzərdə tutulub.

Zamiq Yunisov
İnterval.Az  

Bütün xəbərlər