“Mənim ən gözəl filmim hələ çəkilmədiyimdir” – Elməddin Cəfərov

İnterval.Az ölkə.az-a istinadla aktyor Elməddin Cəfərovla müsahibəni təqdim edir:

– Elməddin, bəri başdan deyim ki, standart, sırf yaradıcılığın, fəaliyyətin üzərində qurulmuş suallar verməyəcəm. Hər dəfə görüşəndə bizi narahat edən mövzulardan danışırıq, müzakirələr edirik. Bu günlərdə ən çox müzakirə etdiyimiz, haqqında baş sındırdığımız mövzu xəyanətdir. Xəyanət nədir? Sənin xəyanətə münasibətin necədir?

– “Xəyanətin nədir?” sualına dəqiq cavab verə bilmərəm. Amma məncə, son zamanlar xəyanət tələbatdır. Siqaretə tələbat olduğu kimi, insanların xəyanətə də tələbatı var. İnsan siqaret aludəçiliyinə təslim olduğu kimi, xəyanəti də vərdişə çevirir. Amma xəyanətin necə hiss olduğunu bilmirəm. Rəbbim elə etsin ki, ömrümün sonuna qədər xəyanətin nə olduğunu bilməyim.

– Siqaret baş qatır, hansısa bir boşluğu doldurur. Bəs xəyanət hansı ehtiyacdan yaranır?

– Yüzlərlə bəhanə gətirə bilərsən, amma xəyanətin adı elə xəyanətdir. Adını nə istəyirsən qoy: balamın ruzusu, karyera arzusu, əziyyətdən çıxmaq üçün vasitə… Amma xəyanətin heç bir halda bəraəti yoxdur.

– Bağışlamaqla aran necədir?

– İnsanları bağışlamamaq üçün yüz, bağışlamaq üçün bir səbəbim olsa, bağışlamağı seçirəm.

– Bilirsən, bu sualları nə üçün verdim? Son dönəmlər iş həyatında yaşadığın sıxıntıları az-çox bilirəm. Güvəndiyin adamların sənə qarşı yanlış addım atması, komandanı tərk edənlər, əhdinə dönük çıxan dostlar…

– Bir şey yaranıbsa, bir gün dağıla bilər. Mən fərd olaraq dağılmamağa üstünlük verirəm. Yəni, komanda dağıla, müəyyən adamlar komandadan gedə bilər. 2000-ci ildəki Futbol üzrə milli komandamız dəyişməz qala bilərdimi? Mən bu gedişlərə komandada heyət dəyişikliyi kimi baxıram. Bəzi məqamlarda bunu azad seçim kimi qəbul edirəm. Amma hər gedişin səbəbi olmalıdır. Gedən komanda üzvü, dost səbəb göstərməlidir. Səbəbsiz, ya da cılız səbəblərdən komandanı tərk etməyə yaxşı baxmıram.

– Demək olar, bütün ulduzlarla, ən məşhur yerli aktyorlarla işləmisən. Üzdə olan simaların əksəriyyətinin səninlə yolu kəsişib. Xalq artisti Yaşar Nuridən, günümüzün ən populyar simalarına qədər, hər kəslə işləmisən.

– Bəziləri imkan yaradıb ki, mən onunla işləyim, bir çoxlarıyla onsuz da yola birlikdə çıxmışdıq, bəzilərinə imkan yarandı, bizimlə işlədi. Ona görə də, “bizim mətbəximiz” olub, mənim olmayıb.

– Aktyorların etibarsızlığından gileylənən çox olur… Prodüser Elməddin Cəfərov necə düşünür, aktyorlar çoxmu etibarsız, qeyri-stabil olur?

– Əgər Cəlil Cavanşir mənə xəyanət eləsə, mənim bütün yazıçılara qarşı fikrim dəyişməz, bu səhv sadəcə Cəlilin səhvidir. Ona görə də, bütün aktyorlar haqqında “etibarsızdır” deyə bilmirəm. Səhv, fərdin səhvidir. Müəllim, həkim, polis, vəkil… hər kəsin səhvi ola bilər. Xəyanət etmək istəyən, edəcək. Amma dostlar arasında xəyanət olmamalıdır, ola bilməz.

– Əgər xəyanət varsa, bu, dostluq olmayıb?

– Əgər xəyanət varsa, dostluq birtərəfli, yarımçıq olub.

– Baş verənləri xatırladıb, sənin qanını qaraltmaq istəmirəm. Keçənə güzəşt deyərlər. Olan, olub. Önəmli olan sənsən, sən də ki, neçə belə hadisəni atlatmış, belə problemləri çox görmüş adamsan. Gəl, sənin peşəkar olduğun sahədən danışaq. Ölkədə çoxlu “ən”ləri həyata keçirmisən. Məsələn, ən uzunömürlü serial sənin layihən idi. İndi bu bazarda çox qarışıqlıqdır. Ümumiyyətlə, serial, şou proqramlarla bağlı nə düşünürsən? Niyə vəziyyət ürəkaçan deyil?

– Bu barədə ilk dəfə danışacam, yəni bunu ilk sənə etiraf edirəm. Mən güclü olduğum tərəfləri bildiyim üçün, sorğulamadım. Uğurumu görürdüm. Təəssüf ki, zəif tərəflərimi dəyərləndirə bilmədim. Bəzən tənqidlər olur, nəyisə etməməkdə ittiham olunuruq. Məncə, var olan şey, olmayan şeylərdən daha dəyərlidir. Görülən iş var və ehtimal olunan daha keyfiyyətli işdən yaxşıdır. Ateistlər sorğulayırlar ki, niyə varıq? Amma yaşadıqlarımız, var olmağımız daha gözəl deyilmi? Var olub, üsyan etmək doğru deyil. Var olana niyə üsyan etməliyik? Etiraf edirəm ki, zəif işlər çox olub. Bütün sahələrdə olduğu kimi, bizim sahəmizdə də zəif işlər olub və olacaq. Biz duyğulara bağlıyıq. Etiraf edirəm ki, işdə maddiyyat önəmlidir, amma içində duyğu, sevgi olan iş hər zaman sevilən olur.

– Uzunömürlü layihələrinin sirri sevgi idi?

– Bəli. İşimin əsas uğuru sevgi idi. Bu yaxınlarda “Leyli və Məcnun” adlı serialımız efirə çıxdı. Yüzlərlə qüsur, səhv var. Məsələn, adı “Leyli və Məcnun” olmalı deyildi, ssenari yaxşı işlənməli, fikirlər düzgün çatdırılmalı idi. Mən bu günə qədər gördüyüm işləri sıfır saydım, çatışmayan cəhətləri aradan qaldırmağa çalışdım. Düşündüm ki, işimdə texniki problemləri aradan qaldırmalıyam, texnikanı yenilədim. İndi isə anlayıram ki, hər şey birlikdə olanda uğur qazanmaq mümkün olur. Hər şeyi yüz faizlik həll etmək mümkün deyil. Səudiyyə Ərəbistanında bir bölümü 44 milyon dollara serial çəkilir. Mümkün deyil ki, onunla yarışım, savaşım. Problem, çatışmazlıq olacaq. Serial bazarında, mütləq enmə-qalxma olacaq. Seriallarla bağlı tənqidləri, iradları eşidirik hamımız. Bəzən milli-mənəvi dəyərlərə zərbə vurduğumuzu deyirlər. Bununla razı deyiləm. Ailəsində, oxuduğu məktəbdə normal tərbiyə almayan insana biz necə təsir edə bilərik? Və yaxud da əksinə, biz tərbiyəni, əxlaqı düzgün qavramış adamları necə poza bilərik? Amma bunu da qeyd edim ki, bizim ümumi prosesə təsirimiz var. Hamımız bacardığımız ümumi prosesə faydalı olmalıyıq.

Gördüyün işlərdə milli-mənəvi dəyərlərə necə faydalı oldun?

– Mənim işim tərif etmək deyildi. Mənim işim instaqramda şortiklə şeir deyən şairi tənqid etmək idi. Mən bunları göstərməklə o adamları təbliğ etmirdim. Bu obrazları göstərməklə ümumi vəziyyəti tənqid etməyə çalışırdım. Mənim niyyətim ümumi prosesdə görə bildiyim mənfi detalları tənqid etmək idi.

– Niyyətinə nail ola bildinmi?

– Xeyr, tam olaraq nail ola bilmədim. İstədiklərimi bütöv şəkildə həyata keçirə bilmədim. Tənqid etdiyim tiplər hələ də cəmiyyətimizdə var.

– O zaman niyə satira, yumor, komediya? Başqa janrlara üz tut.

– Onları düzəldəcəyimə də əmin deyiləm və yaxşı bildiyim işlə məşğul oluram.

– Bəs gördüyümüz işlərin faydası yoxdursa, niyə əziyyət çəkirik?

– Mən özümdən başlamağı seçdim. Əvvəlcə öz səhvlərimi düzəltməliyəm. Dost məclislərində düşdüyüm vəziyyətlə bağlı ilk növbədə dostlarımdan mənim səhvlərimi deməsini, məni ittiham etməsini istəyirəm. Ola bilsin ki, dostlar məni çox istədiyi üçün, bu məsələnin üstündən keçə bilər. Ən çox özümü ittiham edirəm. İstədiyim iki böyük şey var. İnsanlar mən öldükdən sonra haqqımda “Elməddin yaxşı insan idi, kaş ki… filan səhvləri olmayaydı” – deməsini istəmirəm. Adımın arxasınca “kaş ki…” deyilməsini istəməzdim. Bir də, sorğu günündə nümunəvi bəndə kimi sorğu-sual edilmək istəyim var. Bu arzularımdan vaz keçə bilmirəm.

– Elməddin, sən şöhrətpərəst deyilsən. Tanınmışlığından, şöhrətindən, sevilməyindən istifadə etmirsən. Sosial şəbəkələrdən də qaçırsan. Şou-biznes xəbərlərində adın hallanmır, haqqında dedi-qodu yayılmır. Gecə həyatından, əyləncələrdən uzaqsan. Mənim gördüyüm qədər, nümunəvi bir həyat yaşayırsan və bunu da reklam etmirsən…

– Mənim yaşam səbəbim tam başqa şeylərdir. Bu gün bir nəfər məndən soruşur ki, filan məşhur restoranı tanıyırsan, deyirəm, yox. İnanmır. Deyir, filan restoranda filan yemək verilir, nə əcəb getməmisən? İzah edirəm ki, mən heç bir məşhur məkana getmirəm, məşhurların olduğu yerlərə can atmıram. Mən ad olaraq məşhuram, öz olaraq bu şeylərdən uzaq adamam. Məşhurlar həmin bahalı restoranda qəribə təamlar dadanda, mən iş yoldaşlarımla kartof yeyirdim. Dəvət etsələr də, o bahalı restorana getməmişdim. Allah şahiddir ki, iş yoldaşlarımla yeyilən kartof mənə daha şirindir. Bir-birimizin boşqabından əl atıb götürdüyümüz kartof, bahalı yeməklərdən daha dadlı gəlir mənə.

– Mən sənin bu yanaşmanı inanclı olmağınla bağlayıram. Sən həm inanclı, həm də əksər inanclı insanlardan fərqli olaraq sorğulamağı bacaran insansan. Oxuyursan, araşdırırsan, təhlil edirsən. Həyat nizamını İslama uyğun qurursan, yoxsa müsəlman olmasan da, bu cür yaşayardın?

– Ramazan aylarından birində iftarı gözləyə-gözləyə düşünürdüm. Bilirsiniz, oruclu olanda zaman çox ləng keçir, düşünmək, təfəkkür etmək üçün vaxt çox olur. Bu ərəfədə Allahı araşdırmağa qərar verdim. Bunun üçün öncə özümü araşdırmaqdan, özümü sorğulamaqdan yola çıxdım. Özümlə bağlı suallara cavab axtardığım ərəfədə, öncə sosial şəbəkələrdən, məni idarə edən hər şeydən uzaqlaşdım. Bu boyda kainatda, bu boyda qalaktikada, bu boyda Yer kürəsində kiçik bir varlıq olan Elməddinin mənliyi elə kainat boyda suallarla doludur. Bu suallara cavab axtara-axtara şöhrət, tanınmışlıq gözümdən düşdü. Mənim üçün üç əsas məsələ var: insanlar məndən nə gözləyir, məni yaradan məndən nə gözləyir, mən özümdən nə gözləyirəm. Mən özümdən nə gözlədiyimin cavabını bilmirdim. Əvvəllər Oskar almaq arzusunda idim. Sonra dərk etdim ki, bizə qarşı qoyulan məhdudiyyətlər var. Artıq Oskar almaq kimi arzularım yoxdur. İnanıram ki, yaradan məndən güclü insan, güclü aktyor olmağı yox, doğru, dürüst insan olmağı gözləyir.

– Sənət adamı kimi cəmiyyətin də səndən gözlədikləri var…

– Mən tam mükəmməl ola bilmərəm. Mənə qədər çox böyük sənətkarlar var. Ona görə də, mənim verdiyim mesajlar qəbul edilməyə, doğru anlaşılmaya bilər. Daha təcrübəli, daha peşəkar insanlar var. Düzdür, peşəkarların hamısı da doğru mesaj vermir. Amma mən hələ mesaj vermək, cəmiyyətin arzuladığı kimi gündəmdə olmaq istəmirəm.

– Yadıma düşmüşkən, sənin həm də Azərbaycanın ən bahalı aktyorusan…

– Bu, o qədər də doğru məlumat deyil. Mənə gələn dəvətlərdən imtina etdiyim üçün, məni bahalı aktyor hesab edirlər. Mənim ən gözəl filmim – hələ çəkilmədiyim filmdir. Çəkildiyim filmlərin içində alınmayanlar çoxdur. Hələ nə qədər təklifi geri çevirirəm, görün, o filmlərə çəkilsəm, nələr olardı. Sadəcə güvəndiyim işləri qəbul edirəm, onlar da alınmayanda ruhdan düşürəm. Təklifləri qəbul etmədikcə, mənə tələbat artır, məni çəkmək üçün az qala yarışırlar. Mən qəbul etməyəndə də “ən bahalı aktyor” mifi yaranır. Gördüyüm işlərdə peşman olduğum üçün, daha çox dəvətlərdən imtina edirəm.

– Peşman olmadığın işin var?

– Yoxdur. Ümumiyyətlə, peşman olmadığım günüm yoxdur.

– Nə vaxt düzələcək?

– İnsanın kamilliyi son nəfəsdə baş tutur. Həqiqəti anladığın an, həyat bitir.

– Səninlə bağlı söhbət düşəndə deyirlər ki, Elməddinə hələ də özünü ifadə edəcəyi rol verilməyib…

– Bu rejissor və ssenarist problemidir. Güclü ssenaristlər, güclü rejissorlarımız var, onlarla da yolumuz kəsişməyib. Rejissor tək film çəkmir, aktyoru oynatmağı da bacarmalıdır. Çox vaxt mən rejissora istiqamət verirəm, nəyi bacardığımı qismən göstərirəm və rejissor da bunun axarına düşür. Təəssüf ki, istədiyim kimi oynadığım film yoxdur.

– Özünü ciddi, dramatik, sənət, art-haus filmində görürsən?

– Son vaxtlar aktyorluqdan soyumuşam. Amma ciddi rejissor olsa, özümü ona fəda edə, çalışa bilərəm. Bir məsələ də var ki, dramatik rollarda travma alıram, texniki oynaya bilmirəm, təbii oynayanda üz cizgilərim ağrıyır, fiziki yoruluram. Ciddi, güvəndiyim bir layihə olsa, fədakarlıq edə, çalışa bilərəm.

– Düşünürəm ki, çəkildiyin ilk film “Toy” kinokomediyasından sonra rejissorlar səni o filmdə “Tək səbir”dəki potensialın üzərindən oynadıblar. Səni kəşf etməyə, potensialını tam açmağa çalışmayıblar.

– Heç o filmdə də tam potensialımla oynamamışam. O filmdə mənim çəkildiyim əsas səhnələr silindi. Amma o filmin 1 milyon disk satışı olmuşdu. Təəssüf ki, bizdə film işinə biznes sahəsi kimi baxırlar. Bütün işlərin – idman, incəsənət və s. içində biznes var. Amma heç bir işdə birinci biznes marağı gözlənilməli deyil.

– Fəxri adlardan, təltiflərdən danışaq. Sənin sadəcə prodüser kimi fəaliyyətin çox əhatəli, çox genişdir. Nə qədər tənqidi yanaşsan da, aktyor kimi ən üzdə olan, tələb olunan simalardan birisən. Fəaliyyətin çoxlarının fəaliyyətindən daha üstün, daha parlaqdır. Hətta sənin kino sahəsinə gətirdiyin adamlar belə fəxri ad alıb. Səncə, Elməddin Cəfərova niyə fəxri ad verilmir?

– Birincisi, “bu işimə görə fəxri ada layiqəm”- dediyim iş yoxdur. İkincisi, incəsənət sahəsində təhsil almadığım üçün, ad verməli olan şəxslər, bəlkə də, tərəddüd edirlər. Üçüncüsü, başqa səbəblər də ola bilər, amma danışmaq istəmirəm. Fəxri ad gözləntim azdı.

– Üzdə olan gənc aktyorların böyük əksəriyyətinin savadsız olmasını, öz sahələrindən xəbərsiz olmasını müşahidə etmişəm. Əksəriyyəti cəhalətindən bixəbər səhnəyə çıxır, filmə çəkilir. Kitab oxumayan aktyorların bəhanəsi nə ola bilər? Niyə məşhur simalar oxumur? Əksəriyyəti ilə on dəqiqə söhbət etmək olmur.

– Haluk Bilginər müsahibələrindən birində deyir ki, Amerikada təhsil alarkən mənə heç nə öyrətmədilər, sadəcə çoxlu bilgi verdilər. Aktyorun bilgisi olmalıdır. Ən azı özünü təkrar etməmək, başqasına bənzəməmək üçün bilgili olmalıdır. Bir ömür oynayandan sonra məlum olacaqsa ki, şüuraltı kimisə təkrarlamışam, bu artıq boş yaşamaqdır. Bunun bir az da bizneslə əlaqəsi var…

– Cəhalətin, kitabdan uzaq düşməyin bizneslə necə əlaqəsi ola bilər?

– Sənət üçün fədakarlıq lazımdır. Həqiqət üçün mücadilə aparmaq lazımdır. Kiminsə teatrdan küsüb toylara üz tutması, küsüb getməsi, mütaliədən uzaq düşməsi yanlışdır. Qazanc üçün, biznes üçün sənətdən uzaqlaşmaq, bayağılaşmaq yanlışdır. Oxumadan, araşdırmadan yaşamaq yanlışdır. Anlayanda ki, sən mütləq qalib gəlməlisən, ruhdan düşmürsən. Mənim bir dostum var – Orxan Mərdan. Onun işlərini, onun dəst-xəttini ona görə sevirəm ki, o sonacan mübarizə aparmağı, çalışmağı, əziyyət çəkməyi sevir. İnsan uduzanda yox, təslim olanda məğlub olur. Aktyorlarımızın da oxumamağının səbəbi məğlubiyyəti qəbul edib, bayağılaşmağı qəbul etməsidir. Axundovu, Sabiri, Mirzə Cəlili, Mikayıl Müşfiqi düşün. O insanlardan nə qədər var? Həmişə cəmiyyətdə düşünən azlar və cahil çoxluq olur. O düşünən beyinlərin də maddi vəziyyəti heç vaxt yaxşı olmur.

– Sən cəmiyyətdəki neqativlərin, problemlərin düzələcəyinə inanırsan?

– Mükəmməllik olmur. Mükəmməlliyi axtarmayaq.

– 2020-ci illə bağlı planlarından danışaq.

– 2020-ci ildə Elməddini aktyor kimi dondurmaq, seriallardan, filmlərdən uzaqlaşdırmaq istəyirəm. Kinodan və serialdan gedirəm. Prodüser kimi çalışacağam. Daha çox araşdıracağam.

– Bəs 2019-cu ilin kino sahəsindəki işləri necə qiymətləndirirsən?

– Sərt tənqid edəndə inciyirlər, ona görə dolayı yolla deyim. Türkiyədə film sənayesi geriyə gedir, bizdə isə iməkləyir, sürünür. Bizim kino sənayemiz körpə uşaq kimidir. Ona da normal qayğı göstərməsək, güclü inkişaf etməyəcək, böyüməyəcək. Türkiyədə film sənayesi çöküşə gedir, bizdə isə heç nə baş vermir.

– Oxucularımıza sözün varmı?

– “Qurani Kərim”in ilk ayəsi “Oxu!”dur. Bizdə “onu oxuma”, “bunu oxuma” deyirlər. Amma mütləq oxumaq lazımdır. Araşdırmaq, təhlil etmək, sorğulamaq lazımdır. Oxumadan dünyanı dərk etmək mümkünsüzdür. Kitablar arasında ayrı-seçkilik qoymadan, janrlara, mahiyyətinə fikir vermədən oxumaq, bilgini artırmaq lazımdır. Roman oxumaq, elmi ədəbiyyat oxumaq lazımdır. Mən oxumağın, kitabın gücünə, mütaliənin faydasına varlığım kimi əminəm və oxumaqla həyatımızı dəyişə biləcəyimizə inanıram.


Bütün xəbərlər