Bakıda seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu müzakirə edilib

Bu gün Bakıda “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri” mövzusunda seminar-müşavirə keçirilib.

İnterval.Az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Mərkəzi Seçki Komissiyasının (MSK) və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilən seminar-müşavirədə Prezident Administrasiyasının, MSK rəsmiləri və KİV-lərin nümayəndələri iştirak ediblər.

Seminar-müşavirəni giriş sözü ilə açan MSK sədri Məzahir Pənahov seçkilərin işıqlandırılmasında medianın mühüm rol oynadığını qeyd edib. O bildirib ki, belə bir tədbirin baş tutması Azərbaycan dövlətinin şəffaf, demokratik seçkilərin keçirilməsi üçün ortaya qoyduğu siyasi iradənin ən bariz nümunələrindən biridir: “Seçkilər mətbuat üçün açıq olmalıdır, KİV bu prosesdə önəmli rol oynamalıdır. Çünki istənilən ölkədə əhəmiyyətli tədbirin ictimaiyyətə çatdırılmasında ən önəmli rol mətbuatın üzərinə düşür. MSK da mətbuatla birgə işləməyə hər zaman xüsusi diqqət göstərir. MSK bütün seçkiləri Seçki Məcəlləsinin, beynəlxalq standartların tələblərinə uyğun keçirməyə səy göstərir”.

Daha sonra tədbir çıxışlarla davam edib.

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova seçkilər zamanı medianın üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. O vurğulayıb ki, media seçki prosesini obyektiv və operativ şəkildə işıqlandırmalı, seçkiqabağı təşviqat dövründə bütün namizədlərə bərabər şərait yaratmalıdır.

Digər çıxışçılar da seçkilər zamanı medianın rolu və əhəmiyyəti haqqında danışıb.

Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri fevralın 9-na təyin edilib.


Bütün xəbərlər