Azad edilmiş ərazilərə geri qayıtmış köçkünlərə xüsusi müavinətlər təyin edilə bilər

Hazırda məcburi köçkünlərin Qarabağa repatriasiyasının effektiv təşkili sahəsində sistemli empirik tədqiqatlar aparılır.

Bunu AMEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Nazim Müzəffərli bir qrup rusiyalı jurnalistlə görüşündə deyib.
O bildirib ki, bu tədqiqatlar post-konflikt reabilitasiyanın planlaşdırılmasında bir növ istinad nöqtəsi rolunu oynayacaq. Çünki bütün bərpa işləri, o cümlədən həyat təminatı sistemlərinin və fiziki infrastrukturun yenidən qurulması qarşısında dayanan əsas vəzifə azad edilmiş ərazilərə qayıdan insanların rahat və firavan yaşayışı üçün şərait yaratmaqdır.

Bərpa və yenidənqurma xərcləri haqqında danışan N.Müzəffərli deyib ki, xərclərin həcmi, digər amillərlə yanaşı, bərpa işləri üçün hədəf görülən standartlardan asılıdır: “Dövlət başçısı “Biz Qarabağı təkcə Azərbaycanın deyil, dünyanın ən gözəl guşələrindən birinə çevirəcəyik!” məzmunlu bəyanatları ilə bu standartları çox yüksək səviyyəyə qaldırmışdır. Amma nəzərə almaq lazımdır ki, söhbət təkcə dövlət investisiyalarından yox, həm də yerli və xarici şirkətlərin yatırımlarından, beynəlxalq maliyyə institutlarının vəsaitlərindən və Azərbaycan vətəndaşlarının xərcləmələrindən gedir. Bərpa xərclərinin bəlli bir zaman içində paylanacağını da unutmaq olmaz. Nəticə etibarilə Azərbaycan dövlətinin və cəmiyyətinin, xarici tərəfdaşların da qatqısı ilə bərpa və yenidənqurma işlərini uğurla icra edəcəyi tamamilə şübhəsizdir”.

N.Müzəffərli vurğulayıb ki, hədəf dayanıqlı məskunlaşmadır. Bunun üçün bölgədə yeni iş yerləri yaradılmalı, geri dönən insanların etibarlı gəlir mənbələri olmalıdır. İşi mürəkkəbləşdirən amillərdən biri də odur ki, ənənəvi olaraq aqrar sahədə ixtisaslaşan bu regionun hazırda kənd təsərrüfatını inkişaf etdirməsi çox çətindir, çünki əkin və örüş yerləri minalanmışdır və bunların təmizlənməsi yaşayış məntəqələrinə nisbətən daha uzun zaman tələb edir. Ona görə də repatriantların, xüsusən də “birinci dalğa”nın iş yerləri ilə təmin olunması ən aktual problemlərdən biri olaraq qalır. Bu tipli məsələlərin mümkün həll yollarından biri, məsələn, məcburi köçkün statusunun verdiyi imtiyazları tədricən ləğv edərək, əvəzində geri qayıtmış repatriantlara ilk dövrlər üçün xüsusi müavinətlərin təyin edilməsi ola bilər. Bu, müzakirə edilən çoxsaylı ideyalardan yalnız biridir. Əminliklə söyləmək olar ki, bütün müzakirələrdən sonra mümkün variantlar arasında ən effektivləri seçiləcəkdir.


Bütün xəbərlər