“Əvvəllər təhqir olunanda mənə pis təsir edirdi” – Nahidə Orucova

“Aparıcılıq çox məsuliyyətli işdir. Həm teatrda çalışmaq, həm də efirə çıxmaq çox yorucudur. Həm də bunun üçün çox vaxt lazımdır. Bu səbəbdən hazırda efirlərdə görünmürəm.”

İnterval.Az bildirir ki, bu sözləri ölkə.az-a açıqlamasında Əməkdar artist Nahidə Orucova bildirib. Yaradıcılığından danışan aktrisa bildirib ki, yeni tamaşaya hazırlaşır:

“Teatrda rus bölməsində hazırlanan tamaşaya dəvət almışam. Gəncə Dram Teatrının baş rejissoru İradə Gözəlova ilə çalışırıq. İnşallah, yaxşı bir tamaşa alınmalıdır”, – aktrisa vurğulayıb.

Əməkdaşımızın “seriallara dəvət alırsınızmı” sualına N.Orucova “Seriallar mənim üçün yoxdur” cavabını verib.

Aktrisa son günlər sənətçilərin plastik əməliyyatlarına görə tənqid olunmasına da toxunub.

“Axı niyə heç kəs öz işi ilə məşğul olmur? Hamı bir-birini tənqid, təhqir edir? Səhnə insanları hər zaman formada olmalıdır ki, tamaşaçıya gözəl hisslər, duyğular bəxş edə bilsinlər. Hələ keçmiş zamanlardan bu, belə olub. Aktrisalar, müğənnilər özlərinə qulluq ediblər, xarici gözəlliklərinə fikir veriblər. Hər dövrün öz təlabatı var. Əgər bir insanın xarici görünüşündə qüsuru varsa və bunu şəxs özünə kompleks edirsə mütləq əməliyyat etdirməlidir, axı bunun başqalarına nə aidiyyatı var? Əgər adi xanım özünə baxırsa, əməliyyat etdirirsə, niyə səhnə adamı etdirməməlidir? İndi hətta kişi sənətçilər də plastik əməliyyat etdirir. Onlar da yaraşıqlı görünmək istəyirlər. Kiminsə burnu əyridirsə, niyə bunu düzəltdirməməlidir? Ona görə mən buna normal baxıram və deyirəm ki, səhnə adamı gözəl görünməlidir”.
Aktrisa sosial şəbəkələrdə yazılan tənqid və təhqirlərə görə insanları qınadığını bildirib.

“Mən insanları başqalarını qınadıqlarına görə qınayıram. Hər insanın özünə görə həyatı var. Buna müdaxilə etməyə, qınamağa heç kəsin haqqı yoxdur. Guya o, tənqidedici şərhlər yazanların özləri idealdır? Həyatlarında hər şeyi doğru yaşayırlar? İnandırım sizi, heç də elə deyil. Hər kəs öz həyatına cavabdehdir. Mənə də yazırlar, tənqid də, təhqir də edirlər. Əvvəllər bu mənə çox pis təsir edirdi. Ancaq soradan düşündüm ki, Nəsibə Zeynalovanın dediyi kimi, mənim iki əlim var, iki ağzı tuta bilərəm, hamını susdurmaq olmur axı. Ona görə, onları öz vicdanlarına buraxıram, başqa nə deyə bilərəm.

Ancaq sevgi insanı gözəl, cavan saxlaya bilər. Ona görə mənim məsləhətim özlərini və bütün insanları sevsinlər. Çalışsınlar ki, hər zaman ətraflarına xoşbəxtlik, gözəllik bəxş etsinlər”.


Bütün xəbərlər