Bakı Qarabağda ermənilərə 168 saat vaxt verdi: İrəvana ŞƏRT QOYULDU

Ermənistan-Azərbaycan münasibətlərinin əleyhinə olan 30 illik işğal faktorunun 44 günlük müharibə ilə artıq ortadan qalxması bu iki ölkə arasında münasibətlərə yenidən baxılması, keçmişin bütün çətinlik və problemlərinə baxmayaraq, münasibətlərin normallaşması məsələsini aktuallaşdırsa da,  təəssüf ki, bunun üçün rəsmi İrəvandan bir müsbət addım görmürük.

İstər 10 noyabr, 11 yanvar 2020-ci il üçtərəfli bəyanatlarından sonra, istərsə də 26 noyabr Soçi görüşündən sonra bu məsələdə bir irəliləyiş olacağı barədə müsbət gözləntilər gözlənilsə də, Ermənistan hərbi-siyasi rəhbərliyi geridə qalan ilyarım ərzində ancaq manipulyativ addımlarla diqqət mərkəzinə düşdü. Təbii ki, proseslər bu cür davam edə bilməzdi, rəsmi Bakı İrəvanın təxribatlarına, vaxt qazanmaq üçün etdiyi gedişlərə dur deməliydi. Gözlənildiyi kimi də oldu:

Rusiya-Ukrayna müharibəsi Moskvanı çox məşğul etdiyi bir vaxtda Azərbaycan region və bölgə ilə bağlı bir çox məsələlərdə konkret addımlar atmağın zamanının yetişdiyini özü üçün müəyyənləşdirdi. Bunu istər dünən Zəngəzur dəhlizinə alternativ olaraq İran ilə aramızda imzalanan Anlaşma Memorandumu deməyə əsas verir, istərsə də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Anadolu agentliyinə etdiyi açıqlamalar.

Əslində Ukraynada başlatdığı müharibəyə görə tarixində görünməyən misilsiz sanksiyalarla üz-üzə qalan Rusiyanın iqtisadi blokada vəziyyətindən çıxış yolu kimi Zəngəzur dəhlizi üçün yeni perspektivlər açılsa da, Moskvanın bu məsələdə İrəvana lazımı təzyiq göstərməməsi indiki məqamda Bakını çevik qərarlar qəbul etməyə vadar etdi. Rusiyaya tətbiq edilən bu sanksiyaların dünyanın həm geosiyasi, həm də geoiqtisadi konfiqurasiyasını çox ciddi şəkildə dəyişəcəyini yaxşı anlayan rəsmi Bakı vəziyyəti düzgün dəyərləndirərək gedən proseslərdən geri qalmamaq üçün İranla imzaladığı Memorandumla İrəvanın bir çox planlarının birbaşa bağlı olduğu Zəngəzur dəhlizi ətrafındakı manipulyasiya cəhdlərini yerə vurmuş oldu.

Zəngəzur dəhlizi ilə bağlı məsələdə nələrin olacağı ilə bağlı Ermənistandan bir cavab gözləyən Bakı, dəfələrlə bəyan etmişdi ki, üçtərəfli bəyanatlardakı müddəalar, Ermənistanın götürdüyü öhdəliklər onlar üçün ən yaxşı, ən doğru seçim ola bilər. Azərbaycandan verilən bu mesajları 44 günlük müharibədən əvvəl olduğu kimi yenə qulaqardına vuran rəsmi İrəvan təkrar və daha çıxılmaz durumla üz-üzə qaldı. Azərbaycan Zəngəzur dəhlizini açmaq məsələsini gecikdirməklə, dəhliz kartını uzun müddət rıçaq kiimi Bakıya qarşı istifadə edəcəyini düşündüyü bir məqamda Azərbaycanın İranla bu anlaşması İrəvan və Moskvada ciddi yuxu pozğunluğuna səbəb ola bilər. Rəsmi Bakı Memorandumla artıq üçtərəfli bəyanatları icra etmək üçün öz bildiyi kimi davranmağa, doğru saydığı, beynəlxalq hüquq normalarına uyğun şəkildə olaraq konkret addımlar atmağa başlayır.

Ötən gün Azərbaycan XİN rəhbərinin etdiyi açıqlamalar isə sadalanan proseslərin bir-biri ilə nə qədər sıx əlaqəli məsələlər olduğunu, rəsmi Bakının Ermənistanın, eləcə də Moskvanın ağlına gətirə bilməyəcəyi gedişlər etdiyindən xəbər verir.

Belə ki, Ceyhun Bayramovun dünən Antalyadakı Forumda etdiyi “Azərbaycan Ermənistana münasibətlərin normallaşması ilə bağlı 5 maddədən ibarət sənəd göndərib və cavabını gözləyir. Bir ilə yaxındır ki, Ermənistan tərəfindən bizim təklifimizə cavab yoxdur. Azərbaycan tərəfi öz xoşməramlılığını göstərmək üçün bu yaxınlarda Ermənistana yeni təkliflə çıxış edib. Biz Ermənistan tərəfinə mahiyyətcə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını özündə əks etdirən bəzi əsas prinsipləri təklif etdik. Biz münaqişənin tənzimlənməsinə dair əsas prinsiplərə uyğun olaraq öz fikrimizi bildirdik. Biz münasibətləri müəyyən prinsiplər əsasında inkişaf etdirməyə hazırıq dedik. Ermənistan bunlara baxıb öz fikrini bildirməlidir. Əgər Ermənistan səmimi şəkildə münasibətlərin normallaşmasını istəyirsə, bu, onlar üçün çox yaxşı fürsətdir. Ermənistanın cavabı tezliklə bəlli olacaq və biz təbii ki, bundan sonra müvafiq addımlar atacağıq” açıqlamasında əslində hər şey açıq-aydın ifadə edildi. Məlum oldu ki, Bakı İrəvana 5 maddəlik sənəd göndərib. Maddələrin nələr olduğu mətbuata açıqlanmasa da sənədin artıq göndərilməsindən artıq bir xeyli vaxt keşdiyini demək olar. Bunun üçün də Azərbaycan artıq bunu açıq şəkildə bəyan etmək məcburiyyətində qaldı. Bunu 10 noyabr bəyanatının davamı olaraq postkonflikt reallıqları nəzərə alınmaqla Ermənistanın növbəti kapitulyasiya aktı da adlandırmaq olar. Bayramovun açıqlamasının sonunda qeyd etdiyi “Ermənistanın cavabı tezliklə bəlli olacaq və biz təbii ki, bundan sonra müvafiq addımlar atacağıq” ifadəsi Azərbaycanın səbrinin tükəndiyini və tez bir zamanda konkret qərarlar qəbul ediləcəyindən xəbər verir:

Bu ya İrəvanın Bakının şərtlərini qəbul edəcəyi halda hər şeyin sülh və qonşuluq prinsipi əsasında həyata keçirilməsi ilə nəticələnəcək, yaxud da əksi olacağı təqdirdə Azərbaycan artıq güc metodunu işə salmaq məcburiyyətini hiss etmiş olacaq. Yaxın günlərdə bu iki seçimdən birinin mütləq veriləcəyi isə gün kimi aydındır.

Əslində bu açıqlamanın ardınca Xələf Xələfovun dedikləri Azərbaycanın artıq yekun qərarını daha da konkretləşdirdiyindən xəbər verməklə yanaşı rəsmi Bakının İrəvana göndərdiyi 5 bəndlik şərtinə hansı məsələlərin daxil edildiyi də aydınlaşmış olur. Azərbaycanın xarici işlər nazirinin müavini “Qanunsuz erməni hərbi birləşmələri birmənalı olaraq Azərbaycan ərazilərindən çıxarılmalıdır və bu istiqamətdə proses gedəcək” açıqlamasını etməklə sülhməramlı kontingentin müvəqqəti səlahiyyət zonası hesab edilən Qarabağın dağlıq hissəsindəki qanunsuz erməni silahlı birləşmələrinin tərksialh edilməsi, ərazidən çıxarılması üçün artıq bütün tamamlama işlərinin görüldüyünə, sadəcə bunun dinc, yaxud güc yolu ilə edilib edilməyəcəyi ilə bağlı seçimi İrəvanın öhdəsinə buraxıldığına bir işarə vurdu. Ceyhun Bayramovun bildirdiyi bu “Ermənistanın cavabı tezliklə bəlli olacaq və biz təbii ki, bundan sonra müvafiq addımlar atacağıq” sözləri deyilənləri bir daha təsdiq edir.

Qondarma rejimin “parlamenti”nin feysbuk səhifəsinin azərbaycanlı hakerlər tərəfindən bir müddətlik ələ keçirilərək, profil şəklinə Azərbaycan bayrağı qoyulması və ermənilərin Qarabağı tərk etməsi barədə xəbərdarlıq xarakterli yazının (“Mən Əsgəranda yaşayan bütün erməniləri 168 saat (1 həftə) ərzində Əsgəranı tərk etməyə çağırıram” – red) əks olunması sıradan bir məsələ kimi görünmür. Bunu rəsmi Bakının İrəvana ünvanlanan bir subliminal mesaj kimi şərh etmək olar.

Bütün bu hadisələrin üst-üstə düşməsi isə Azərbaycanın bütün istiqamətlərdə İrəvana pressinqini gücləndirdiyinə işarədir. Bir müddət əvvələ nəzar salsaq görərik ki, səlahiyyət zonalarında qanunsuz erməni silahlılarının özbaşına davranışlarına qarşılıq olaraq Azərbaycan Ordusunun adekvat addımından dərhal sonra ələ-ayağa düşən, araya girərək vəziyyəti nəzarətə götürməyə çalışan sülhməramlı kontingent bu gün sərhəddə baş verən təxribatlar fonunda gözə dəymir. Bu isə ondan xəbər verir ki, rəsmi Bakı bütün məsələləri dəqiqliklə nəzərdən keçirib və növbəti diplomatik, yaxud da hərbi qələbə üçün ələ düşən fürsətdən düzgün yararlanmaq məqsədilə ələ düşən şansı doğru-dürüst xərcələməyə başlayıb.

Təhməz Əsədov
Interval.Az


Bütün xəbərlər