Biznes qurmaq istəyən gənclər üçün…

Biznes qurmaq istəyən gənclər üçün yeni layihəyə start verilir

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, “Coca-Cola” Fondu və Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi ilə həyata keçirilən “New Generation 2.0” layihəsi 2021-ci il üçün olan mövsümünə başlayır. “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin (DVC) nəzdində fəaliyyət göstərən “Youth Inc.” Sahibkarlıq Proqramı tərəfindən icra edilən “New Generation 2.0” layihəsi 28 yanvar 2021-ci ildə ictimaiyyətə təqdim edilib.

“New Generation 2.0” (“Yeni Nəsil 2.0”) Azərbaycanda gənclərin və qadınların sahibkarlıq fəaliyyətində iştirak etməsinə imkan yaradan və biznesə dəstək verən bir illik layihədir. Bakı, Abşeron-Qobustan, Gəncə-Qazax, Şəki-Zaqatala, Sabirabad və Lənkəran regionlarını əhatə edəcək layihənin istiqamətləri özündə sahibkarlıq düşüncəsi, təhsili və mədəniyyəti, innovativ ekosistemin yaradılması, “HoReCa”, kənd təsərrüfatı və rəqəmsallaşmanı əks etdirir.

Pandemiya səbəbindən onlayn həyata keçirilən layihənin təqdimat mərasimində Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, “Coca-Cola” şirkətinin Qafqaz regionu üzrə direktoru Adrian Cernautan, Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin rəsmi missiya rəhbəri Cey Sinx, Milli Məclisin deputatları Şahin Seyidzadə, Nigar Arpadarai, Kamal Cəfərov, Avropa Gənc Sahibkarlar Assosiasiyasının (JEUNE) fəxri prezidenti Patrik Kovacs iştirak edib.

Tədbirin açılışını edən “Youth Inc.” Sahibkarlıq Proqramının koordinatoru Talifa İsgəndərli Proqramın ötən illərdəki uğuru, bu layihənin fəaliyyət istiqamətləri, görüləcək işlər, hədəflər haqqında təqdimat edib.

Tədbir açılış nitqi və layihənin təqdimatından sonra rəsmi qonaqlara söz verilərək davam edib.

Gənclər və İdman nazirinin müavini İntiqam Babayev çıxışı zamanı gənclərin inkişafının, sahibkarlığa həvəsləndirilməsinin vacibliyini və startapların bu günün reallığına çevrildiyini vurğulayıb:

“Proqramın tərəfdaşlarını təbrik edirəm ki, artıq 10 ildir proqram uğurla həyata keçirilir. Bu təməldə düzgün hədəflərin qoyulmasından, düzgün istiqamətin müəyyənləşdirilməsindən xəbər verir. “Youth Inc.” Sahibkarlıq Proqramı artıq cəmiyyətdə brendə çevrilib. “New Generation 2.0” layihəsinin fəaliyyəti və məqsədi ölkənin gənclər siyasətinə uyğun müəyyənləşib. Gənclərin daha çox startaplara, biznes inkubasiyaya cəlb edilməsi, onların yeni innovativ ideyalar ərsəyə gətirməsi, əlbəttə ki, əsas prioritetlərimizdəndir. Gənclər və İdman nazirliyi olaraq bu işdə daim gənclərin yanındayıq, çalışırıq ki, gənclərin ideyaları həyata keçsin. Bu layihə də gənclərin sosial rifahını yüksəltməyə xidmət edir. Gənclər və İdman Nazirliyi olaraq səlahiyyətimiz çərçivəsində layihəyə lazımi dəstəyi göstərməyə hazırıq. Hər bir iştirakçıya uğurlar diləyirəm”.

Növbəti olaraq çıxış edən Coca-Cola-nın Qafqaz regionu üzrə direktoru Adrian Cernautan qadınlar və gənclərə dəstək layihələrinin Coca-Cola şirkəti üçün prioritet olduğunu qeyd elədi: “Qadınlar və gənclərə dəstək olmaq Coca-Cola-nın sosial inkişaf prioritetlərindən biridir. Gənclərin sahibkarlıq sahəsində fəallığı cəmiyyətin və iqtisadiyyatın inkişafı üçün çox önəmli olduğunu hesab edirik. Məhz buna görə Coca-Cola uzun illərdir ki, Azərbaycanda bu istiqamətdə maraqlı layihələrə dəstək olur. “Youth Inc.” Sahibkarlıq Proqramının yeni layihəsi olan “New Generation 2.0” təşəbbüsünü alqışlayırıq və əminik ki, tərəfdaşlarımızın da dəstəyi ilə bu layihə bir çox gənclərin həyatında müsbət rol oynayacaq, maraqlı bizneslərin qurulmasına səbəb olacaq”.

Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin rəsmi missiya rəhbəri Cey Sinx əlavə edib ki, Amerika xalqının dəstəyi ilə Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi “New Generation 2.0” layihəsinin sponsoru qismində çıxış etməkdən qürur duyur. Eyni zamanda, bu layihə vasitəsilə gənclər və qadınları yeni bilik və bacarıqlarla təmin edərək regional iqtisadi inkişafda fəal rol oynamalarına dəstək vermək istəyirik.

Tədbirdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinın İdarə Heyətinin sədri Orxan Məmmədov, Milli Məclisin deputatları Şahin Seyidzadə, Nigar Arpadarai və Kamal Cəfərov layihənin uğurlu və gənc sahibkarlar üçün faydalı olacağına inandıqlarını bildiriblər.

Qeyd edək ki, “Coca-Cola” Fondunun və Azərbaycan Respublikaasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən “New Generation 1.0” layihəsində 2018-2019-cu illərdə 2000-dən artıq sahibkarlıq fəaliyyətinə başlamaq istəyən gənc qoşulub. Ümumilikdə, 2012-ci ildən bu günədək Gənclər və İdman Nazirliyi və “Coca-Cola” Fondu tərəfindən dəstəklənən “Youth Inc.” Sahibkarlıq Proqramı 18.000-dən çox gənci əhatə edib.

Açılış mərasiminin tam video yazısını “Youth Inc” Sahibkarlıq Proqramının Facebook səhifəsində izləyə bilərsiniz. Və layihənin növbəti addımları ilə bağlı ətraflı məlumatı əldə etmək üçün “Youth Inc” Sahibkarlıq Proqramını sosial media vasitəsi ilə izləməyi unutmayın.


Bütün xəbərlər