Elçin Əmirbəyovun Fransanın LeMonde qəzetində müsahibəsi dərc edildi – FOTO

Dünən Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Fransanın aparıcı “LeMonde” qəzetində müsahibəsi dərc edilib.

İnterval.Az  xəbər verir ki, jurnalist Emanuel Qrinzspanın Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyət, xüsusilə də Laçın yolu ilə bağlı suallarını cavablandıran Elçin Əmirbəyov, qərb mətbuatında yer alan və guya ki, yolun bağlanması ilə əlaqədar əsassız iddialara cavab verib.

Prezidentin nümayəndəsi 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata uyğun olaraq Laçın yolunun humanitar məqsədlər üçün istifadə edilməli olduğunu, lakin iki il yarım müddət ərzində Ermənistanın bu yoldan qeyri-qanuni məqsədlər, o cümlədən Azərbaycan ərazisinə silahlı qüvvələrini, habelə silah-sursat göndərmək üçün suiistifadə etdiyini bildirib. O, Qarabağda yaşayan ermənilərin sayının 120.000 kimi göstərilməsinin həqiqətə uyğun olmadığını və əslində burada 50.000 erməninin, o cümlədən 10.000 qanunsuz erməni silahlı qüvvənin olduğunu vurğulayıb.

AR Prezidentinin xüsusi nümayəndəsi müxbirin erməni hərbçilərini öz vətəndaşınız hesab edirsinizmi sualına cavab olaraq, bu ermənilərin Azərbaycan ərazisinə üçtərəfli bəyanata zidd olaraq, qeyri-qanuni daxil olan Ermənistan silahlı qüvvələrinin üzvləri olduğunu qeyd edib. Azərbaycan tərəfinin bu səbəbdən 23 aprel tarixində beynəlxalq hüquqa uyğun olaraq Laçında nəzarət məntəqəsi yaratdığını söyləyib.
Laçın yolundan hazırda tibbi ləvazimatların keçdiyi və humanitar məqsədli yüklərin Azərbaycanın Ağdam və Füzuli ərazisindən keçməsi təklifinin isə ermənilər tərəfindən qəbul edilmədiyi qarşı tərəfin diqqətinə çatdırılıb.

E.Əmirbəyov vurğulayıb ki, əgər həqiqətən də vəziyyət təqdim edildiyi kimi faciəvi olsaydı insanlar humanitar yardımın hansı istiqamətdən gəldiyi əhəmiyyət verməzdi; demək ki, qondarma üzdəniraq “hakim dairələr” orada yaşayan ermənilərin əksəriyyətini girov saxlayırlar, çünki sosial şəbəkələrdə narazılıqlar eşidilir. Qondarma hakim qüvvələr bu vəziyyətdən Azərbaycan əleyhinə beynəlxalq səviyyədə təzyiq məqsədilə istifadə etmək istəyirlər.

E.Əmirbəyov müsahibədə Vaqif Xaçatryanın həbs edilməsi ilə əlaqədar həqiqətlərdən bəhs edib, onun birinci Qarabağ müharibəsi zamanı mülki azərbaycanlılara qarşı müharibə cinayətləri törədən şəxslər siyahısında olduğunu diqqətə çatdırıb.

Xüsusi nümayəndə, jurnalistin Azərbaycanın avtoritar rejim olması ilə bağlı təxribatçı sualına cavab olaraq, Azərbaycanın demokratik ölkə olduğunu vurğulayıb və insan hüquqları məsələsinə gəldikdə, Fransa da daxil olmaqla heç bir ölkənin mükəmməl olmadığı müxbirin diqqətinə çatdırılıb.

Zamiq Yunisov

İnterval.Az 

Məqaləyə dair fotomateriallar:


Bütün xəbərlər