Putin-Ərdoğan danışıqları başa çatdı

Soçi şəhərində Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar başa çatıb.

İnterval.Az bildirir ki, iki ölkə lideri arasında ümumilikdə 3 saat davam edib.

Görüş qısa salamlama ilə başlayıb və Putin türkiyəli həmkarını Soçiyə təkcə iş üçün deyil, həm də istirahət üçün gəlməyə dəvət edib. Daha sonra iki ölkə lideri danışıqlar masasının arxasına keçiblər.

İki ölkə lideri arasında keçirilən geniştərkibli görüşdə Rusiya və Türkiyənin müdafiə nazirləri Sergey Şoyqu və Yaşar Gülər, xarici işlər nazirləri Sergey Lavrov və Hakan Fidan da iştirak ediblər.

Məlumata görə, geniştərkibli görüşdə tərəflər ikitərəfli gündəlikdə duran məsələlərlə yanaşı, taxıl sazişinin bərpası mövzusunu da müzakirə ediblər.

“Mən bilirəm ki, siz taxıl sazişi məsələsini qaldırmaq niyyətindəsiniz. Biz bu məsələ ilə bağlı danışıqlara açığıq”, – Putin Ərdoğana deyib.

Rusiya və Türkiyə prezidentlərinin geniştərkibli görüşü təqribən saat yarım davam edib. Daha sonra prezidentlər işgüzar nahar danışıqlara təkbətək formatda davam ediblər.

Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov iki ölkə liderinin geniştərkibli görüşünü konstruktiv hesab etdiyini açıqlayıb.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyanın Soçi şəhərinə yollanıb.

Yıldray Arslan

İnterval.Az


Bütün xəbərlər