Heç kəs başqasının sənətinə yiyələnə bilməz.

Interval.Az -ın növbəti qonağı bəstəkar Gövhər Həsənzadə olub

Yaxşı mahnıların yoxluğundan şikayətlənən bəzi müğənnilər üçün bəstəkarın sərt və tənqidi fikirləri olub:
“Məndən uzaqlaşıblar. Mən də tək deyiləm. Peşakar bəstəkarlardan uzaqlaşıblar. Gənclər elə bilirlər ki, onların zövqlərini yaşlı nəslin nümayəndələri başa düşə bilməz. Onların düşüncəsi tam fərqlidir. Onlar heç kimin təsiri altında olmadan da istədiklərini tamaşaçıya çatdıra bilərlər. Mən… mən… mən… deməkləri gətirib qeyri-peşəkar abu-hava yaratdı”.
Ola bilərmi ki, Gövhər xanımın musiqiləri dəyərli olduğu kimi də qiymətləri yüksək olduğuna görə gənc müğənnilər yaxın düşə bilmirlər?
“Mənim mahnım neçəyədir, deyim? Yaxşı peşəkar bir aranjemançı, peşəkar səs rejissoru, bütün tələblərə cavab verən studiya və musiqiçilərin maaşı qədərdi mənim mahnımın qiyməti”.
Bəstəkar bu günün tələblərinə cavab verən, müğənnini önə çıxaran və gündəmdə saxlayan mahnı necə olmasını izah etdi:
“Gündəmdə olmaq üçün birinci növbədə şərtdir ki, mahnı səmimi olmalıdır. Səninlə dialoq qurmalıdır. Sözləri tutarlı olmalıdır. Mətn fəlsəfi, mürəkəb deyil, səmimi ünsiyyət yaradacaq şəkildə yazılmalıdır. Əlbəttə ki, gözəl melodiya olmalıdır ki, həmin o sözləri tərənnüm edə bilsin”.
Bəzi müğənnilərin öz mahnılarını yazıb oxumasını qətiyyən qəbul etməyən Gövhər Həsənzadə müğənninin bəstəkar ola bilməyəcəyi fikri üzərində dayandı:
“Ancaq özüm yazıb, özüm oxuyacam deyə bir şey yoxdur. Heç kəs bəstəkar ola bilməz. Heç kəs başqasının sənətinə yiyələnə bilməz. Bəstəkarlar da müğənnilərə desinlər ki , sağ olun mənim öz səsim var. Siz mənə lazım deyilsiniz. Sizi gözləyib nə edəcəm ki? Özüm çalıb, özüm oxuyacam. Bu da düz deyil ki. Nə müğənni bəstəkar ola bilməz, nə də bəstəkar müğənni”.
Yatmamış yuxu görən bəzi “bəstəkarlar”ın peşəkarları kölgədə qoyduğunu dilə gətirən Gövhər xanım onlara irad tutulduğunu da etiraf etdi:
“Bəstəkar deyilən bir söz adiləşib. Bəstəkarlara xalq tərəfindən həddindən artıq iradlar tutulur. Narazılıq edirlər. Deyirlər ki, siz hara baxırsınız? Elələri də var ki, deyir ki, siz yoxsunuz görürsünüz biz nələrə qulaq asırıq. “Turkvision
”ya gedib ilk dəfədən birinciliyi qazanan bəstəkar mənəm. Fərid Həsənovla bir yerdə. Amma mən Gövhər Həsənzadə kiməm? Azərbaycanlı bəstəkaram”.
O, əksər müğənnilərin yaxşı bəstəkarın, yaxşı mahnının olmamasından şikayətlənməsindən söz açıb:
“Şükür Allaha ki, biz sağıq. Yaxşı mahnı yoxdur, deyəndə, müğənnilər az qala telefonu əlimə alım həmkarlarımı yığıb soruşum ki, salamatçılıqdı? Mənim ona ürəyim ağrıyır ki, bizim mahnılarımızla məşhurlaşanlar da onu deyir. Sizə nə olub? Təzə gələn müğənnilər haya-küyə düşüblər. İndi bütün dünya yaxşı mahnı baxımından bərbad haldadır. Amma sizə nə düşüb? Siz ki sənətdən gəlmisiniz, siz ki sənətkar görmüsünüz, siz ki sənətkar səhnəsindən çıxmısınız? Kim gəldi də Gövhər ona pis mahnı verdi? Kimin cürəti çatıb deyə bilər ki, mən getdim Gövhərdə yaxşı mahnı yox idi. Biri çıxsın efirə desin!”
Zamiq Yunisov 
Interval.Az  

Bütün xəbərlər