“Mübariz” operasının premyerasında şəhidlərə əbədi ehtiram – FOTO

Azərbaycan Televiziyası Mədəniyyət kanalının təşkilatçılığı ilə yanvar ayının 17-də Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində şəhidlərin əziz xatirəsinə ithaf olunan və Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şücaətindən bəhs edən “Mübariz” adlı operanın premyerası anşlaqla keçirilib.

İnterval.Az xəbər verir ki, librettosu şair Şahin Musaoğluna, musiqisi bəstəkar Nərmin Nağıyevaya məxsus olan tamaşanın quruluşçu rejissoru respublikanın Əməkdar artisti İnarə Babayevadır. Baş rolda Əməkdar artist Ramil Qasımov, Əməkdar artist Cahangir Qurbanov, Səbinə Ərəbli, Əməkdar artist Tural Ağasiyev, Taleh Yahyayev, Şaban Cəfərov Elçin Əhədzadə, Aydan Həsənova çıxış ediblər.

Quruluşçu baletmeyster Əməkdar artist Ceyhun Qubadov, quruluşçu rəssam Fərid Nəcəfovdur. Tamaşada F. Əmirov adına Əməkdar kollektiv, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Azərbaycan Televiziyası və Radiosunun Cahangir Cahangirov adına xoru (xormeyster Şəhla Ələkbərova) iştirak ediblər.

Tamaşadan əvvəl dəhlizdə 20 yanvar faciəsinin 30-cu il dönümü ilə əlaqədar rəssamların çəkdikləri rəsmlər nümayiş olunub.

Tamaşadan sonra maraqlı anlar yaşanıb. Belə ki, tamaşaçıların ruh yüksəkliyi, ara verməyən gurultulu alqışları, sonda aktyor və bütün tamaşaçılar tərəfindən yekdilliklə səslənən “Azərbaycan, Azərbaycan!” nidaları xalqımızın vətənpərvərliyini və şəhidlərə əbədi ehtiramı əks etdirib.

Qeyd edək ki, tədbiri izləyən arasında xüsusilə hərbi zabitlərlə yanaşı, xalq artistləri Ramiz Quliyev, Mübariz Tağıyev, əməkdar artist Gövhər Həsənzadə, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, yazıçı-publisist-dramaturq Yunus Oğuz, əməkdar müəllim Qəzənfər Abbasov, o cümlədən  “Z-Company 2007” və “Zəng Film” şirkətinin təsisçisi və rəhbəri Zamiq Yunisov və digər mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Fuad MƏDƏTOV
FOTO: Ruslan TEYMURFULATOV


Bütün xəbərlər