BÖYÜK ŞAİRİMİZ BƏXTİYAR VAHABZADƏ MƏNİ ÇAĞIRIB DEDİ Kİ…

“BÖYÜK ŞAİRİMİZ BƏXTİYAR VAHABZADƏ MƏNİ ÇAĞIRIB DEDİ Kİ…” – Gövhər Həsənzadə: “…Onda başa düşdüm ki, bəli, musiqi İlahi qüvvədir”

Interval.az Qafqaz.media  istinadən “Sual vermirlər ki, Gövhər xanım, niyə bu qədər seriallar çəkilir, sizə müraciət etmirlər…”

“Rəhmətlik Bəxtiyar Vahabzadə dedi ki, 30 ildə sözlərimin musiqisiylə bu qədər dolğun təmas etməsini eşitməmişdim, buna görə sənə minnətdaram”

“Düşünürəm ki, opera və balet yazmaq arzumu həyata keçirə bilməsəm, bu dünyadan gözüaçıq gedərəm”

Müsahibimiz Əməkdar İncəsənət xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Azad Azərbaycan Televiziyasının Şura üzvü, Müəllif Hüquqları Uğrunda İctimai Birliyinin İdarə Heyətinin sədri Gövhər Həsən-zadədir.

Gövhər xanımla söhbətimizdə yaradıcılığındakı yeniliklərdən başlayaraq, gündəmlə bağlı bir sıra suallara cavab tapmağa çalışdıq.

(Əvvəli bu linkdə: “QARABAĞDA HESABAT KONSERTİ VERMƏYİ ƏHD ETMİŞDİM…” – Gövhər Həsənzadə: “Düşünürəm ki, uyğun zamanda dünyanın hər tərəfindən gələcək qonaqları, ifaçıları dilbər guşəmizdə toplayım”)

– Gövhər xanım, səhv etmiriksə, əksər bəstələrinizin sözləri elə sizə məxsusdur…

– Mahnılarımın sözlərini 99 faiz özüm yazıram. Əlbəttə, bəzən elə sözlər olur ki, onları oxuyanda artıq onun melodiyası ifa olunur beynində. Görürsən ki, səndən uzaqdakı, səndən fərqli bir insan sənin melodiyanı sözləriylə ifadə edib. Bu da nəticədə çox gözəl işbirliyi olur. Həyatımda çox mənalı və dəyərli anlar yaşamışam. Böyük şairimiz, dərin və mənalı qələm sahibi Rəhmətlik Bəxtiyar Vahabzadə sağlığında, təxminən 28-30 il əvvəl məni çağırdı…

Səbəbini açıqlayım. Hələ çox gənc yaşlarımda korifey sənətkarımız Flora xanım Kərimova ilk mahnımızı yazmaq şərəfinə nail olmuşam. Yəni mənim yaradıcılığımın səhifələrindən biri olan, Bəxtiyar Vahabzadənin sözlərinə bəstələdiyim “Sevgi nəğməsi” mahnımızdan söhbət gedir. Flora xanım, kimin yazdığından asılı olmayaraq, öz ifası ilə hər bir musiqidən sənət əsəri yaradıb, təqdim edir tamaşaçılarına. Mən də çox gənc idim və Flora xanım böyük sənəti ilə o musiqimi ifa etdi. Mahnımız Azərbaycan və Türkiyyə telekanallarında böyük maraqla nümayiş etdirildi. Bu musiqidən sonra Bəxtiyar müəllim evimizə telefon açıb, məni çağırdı. Çox həyacanlıydım. Bəxtiyar müəllim söylədiyi sözləriylə və mahnıma verdiyi yüksək qiymətlə məni heyrətləndirib sanki özgüvənimə güc qatdı. Şeirlər təqdim etdi ki, son “30 ildə sözlərimin musiqisiylə bu qədər dolğun təmas etməsini eşitməmişdim, buna görə sənə minnətdaram”.

Doğrusu, həmin vaxt şokdaydım ki, Bəxtiyar Vahabzadə məni çağrıb bu sözləri deyir. Sonra 2 şeirini təqdim etdi ki, onlara da musiqi bəstələyim.

Nəticədə Cavid Hüseynin ifasında səslənən “Bəxtiyaram mən” və Xatirə İslamın ifasında səslənən “Ay kimidir” mahnılarım yarandı. Bu mahnıları indi də sevə-sevə dinləyib, özümə güvənimi bərpa edirəm.

Ümumiyyətlə, sənətdə xoşbəxt anlar çox yaşamışam. Ona görə Tanrıma dönə-dönə minnətdaram.

– Bəzən belə fikir səslənir ki, ötən illərə nisbətən, indi sənət adamları arasındakı peşəkar rəqabətin yerini paxıllıq, qısqanclıq əvəz edir. Bu haqda siz necə düşünürsünüz?

– İllər öncəyə baxanda indi rəqabət yoxdur. Rəqabət ona görə yoxdur ki, son zamanlarda sosial şəbəkələrə, texnikaya daha çox diqqət və yer ayırıldı. Bütün dünyada çox bərbad musiqi nümunələri ortaya çıxdı, qeyri-peşəkar, məntiqsiz şeylər baş verdi. Əlbəttə, dünyada baş verən xaos bizdə də öz əksini tapdı. Ona görə, bir boşluq kimi bu etapı da adladırıq. Amma onu da deməliyəm ki, rəqabət həmişə olub və olacaq. O, cümlədən paxıllıq, qısqanclıq da həmişə olub, olacaq. Rəqabət olanda paxıllıq, qısqanclıq daha çox olur. Amma sənətkarın sənətindən çox, onun özəli müzakirəyə çıxarılanda, nəticədə görünən tərəf o olur ki, bu, heç kəs sənətlə məşğul olmur. Misal üçün, çox az sualla qarşılaşıram ki, hamı soruşsun, sizin filan mahnınız necə oldu, niyə mahnılarınıza kliplər çəkilməyib və ya musiqilərimə efirlərdə nümayiş etdirilən veriliş və ya layihələrdə niyə müraciyət olunmur və sairə? Gövhər xanım, niyə bu qədər seriallar çəkilir, sizə müraciət etmirlər, axı seriallarda səslənən musiqilər daha peşəkar və klassik olmalıdır və s. Bu sualları niyə vermirlər, çünki bu gün əksər insanları maraqlandırmır. Sual verirlər ki, Gövhər xanım, Türkiyədəsiniz, yoxsa Bakıdasınız? Ailə həyatınızda bir dəyişiklik varmı? Vallah, həyatımda maraqlı heç nə baş vermir. Bu pandemiyanın əsəbindən, travmasından başqa heç nə yaşamıram. Çünki yaradıcı insan qapalı həyat tərzi yaşaya bilməz. Bunun ən açıq cavabı budur. Ən yaradıcı insanlar qapanıb, pandemiyanın qanunlarına əsasən oturublar evdə, neyləməlidirlər, yazır, atır masasının dolabına. Çünki ünsiyyət yox, böyük orkestrlərlə, ansambllarla işbirliyinə şərait, imkan, icazə yox. Bizim işimiz maskalı deyil, axı… İfaçı ağızında maska necə klarnet, saksafon ifa etsin? Müğənni 3 metr məsafədə necə dursun ki, sən də burdan onunla ünsiyyətə girəsən?! Yəni bu pandemiyanın fəsadları çox çəkəcək. Mən düşünürəm ki, son zamanlar yaradıcılıqda yeniliklərin olmadığı haqda iddiaların səbəbi budur. Biz yenə də dözüb, bu maskanı taxıb, qanuna riayət edirik. İstəyirik ki, hər kəs də bu maskanı taxıb, qanunlara tabe olsun, ağır günləri, işgəncəli günləri tez adlayaq. Bu xəstəlikləri tez bitirək ki, hər kəs öz peşəsinin, vəzifəsinin başına keçə bilsin.

– Yadımdadır ki, 2000-ci illərdə sizin nəğmələrinizlə peşəkar sənət yollarına, peşəkar səhnəyə qədəm qoyan müğənnilərimiz oldular. Sizin nəğmələriniz onların vizit kartı, sənət vəziqəsi idi. İndi də o cür müğənnilər varmı ki, Gövhər Həsən- zadənin sənət süzgəcindən keçsinlər?

– Yenə də deyirəm, mənim əsas işim məhz yaradıcılığı kollektiv formada həyata keçirmək olub, hər işim bir möhür olsun deyə qurulub. Mən bəstəkaram, qalan işlərlə başqası məşğul olsun. Mənim yaradıcılığım istehsalat struktrudur. Mən böyük kollektivin fikirini dinləyərək, hər kəsin yaradıcılığı ilə əlaqə yaradaraq işləməyi sevirəm. Ona görə də mahnılarımın hər biri alınıb. Hər biri var. Hər dəfə deyirəm, bu, qeyri-adi, fitri istedad deyilən bir şey deyil. Əlbəttə, hər bir yaradıcı insan özəldi, individualdı. Amma niyə uğurlu olur, niyə onların hər biri var… Mən bəzən deyəndə ki, 200 mahnımdan hardasa 70-i, 80-i hamı tərəfindən bilinir, tanınır, bəlkə də kimlərsə deyir, bu, ola bilməz. Amma mahnını dinləyib, musiqisi və ya sözlərinin mənim olduğunu bilməyən insanlar da var. Bu, məni heç də narahat etmir. Bunun səbəbi bilirsiniz nədir, yenə də deyirəm, istehsalat baxımından yanaşıram. Aranjimançı, səs rejissoru, bek vokalist müğənni, sözlərin müəllifi, instrumental ifaçılar, prodüsser, layihəni düşünən, onu seçən… Bunların hamısının fikiri mənim tərəfimdən dinlənilir. Dünyada aksioma deyilən bir şey yoxdur, hər kəs eyni şeyə öz prizmasından baxanda fərqli görünür. Ona görə də mən hamının fikrini alıram. 2-3 fikir üst-üstə düşəndə ona diqqət də ayırıram, orda nəyisə dəyişirəm.

Amma bu gün bizim böyük sənətkarlarımız – xalqımızın sevdiyi, seçdiyi, dinlədiyi sənətkarlarımızın 85 faizi efirlərdə yoxdur. Ciddi sənət musiqsi, xalq musiqisi, retro musiqilər hər gün efirlərdə olmalıdır. Onunla bərabər də müasir – bu gün nə yaradılır, nə yaşadılır, nə baş verirsə, onlara da vaxt ayrılmalıdır. Bu olmadığına görə, bizim böyük sənətkarlarımız klip çəkdirmir. Deyir çəkdirdim klipi, hara verəcəm?! Youtube göstərici deyil. Məsələn, kitabla elektron kitabı siz necə bərabər gətirə bilərsiniz?! Əsl kitab oxumaqla kompüterdə kitab oxumaq eyni şeydirmi? Mənim yaradıcılığımda da eyni şey davam edir. İnsanlar növbəti uğurlu mahnı növbəti işbirliyi üçün mənə müraciət edirlər. Həmin işləri də verdiyiniz suala cavab kimi qəbul etmək olar.

– “Ürək bir dəfə sevir”, “Yaşananlar”, “Ömür bumu” kimi neçə – neçə gözəl nəğmələrin müəllifi olan Gövhər Həsənzadə yaşadıqlarını nota köçürür, yoxsa bunlar hamısı bir təxəyyülün məhsuludur?

– Yaşadıqlarım deyil. Həyatımda, ətrafımda məni təsirləndirən, şahidi olduğum, məndə təəssürat yaradan hisslərin təxəyyülüdür… Yəni təxəyyülün məhsuludur. Amma bir sirr də açım. Mistik bir hiss də var ki, sözün açığı, bir müddət mahnı yazmaqdan, mətnlərini yazmaqdan çəkindim. Çünki illər öncə həmin təxəyyülümün məhsulu olan obrazların yaşadıqlarını başladım yaşamağa. Bəzən insanlar deyirdi ki, “Gövhər xanım, kimsə mənim həyatımdakı hadisəni sizə danışıb, siz o mahnını yazmısınız”. O dərəcədə oxşarlıq, o dərəcədə insanların ürəyindəki sözləri dilə gətirib, mahnıya çevirmişdim. Düşünürdüm ki, yəqin deyirlər də, bu qədər eynilik ola bilməz. Amma özüm eyni şeyi, eyni hissləri illər sonra yavaş-yavaş gördüm, həyatımda yaşanmağa başlandı. Onda başa düşdüm ki, bəli, musiqi İlahi qüvvədir. Bəlkə də həmin hisslər hamıda olduğundan, mahnılar uzunömürlü olur. O qədər də dərin məna kəsb etməyən, çox mürəkkəb sözlərlə beyni yoran mahnılar çox yaşamır.

– Sözsüz ki, hər bir kəsin dünya görüşünün formalaşmasında mütaliənin rolu çox böyükdür. Bizə maraqlıdır ki, Gövhər Həsənzadə hansı yazıçıların kitablarını mütaliə edir, dünya, yoxsa yerli yazarlarımızın?

– Özüm yaradıcı insan olduğuma görə, təhsillə əlaqədar məsələlərlə həmişə təmasda olmuşam, oxumuşam. Klassikanı çox sevirəm. Klassik yazıçıları, yəni klassik əsərləri musiqidə də, ədəbiyyatda da hər zaman sevmişəm. Kuprinin əsərlərini oxuyurdum. Elə əsərlərin adların çəkərəm ki, dinləyici üçün bir az ziddiyyət yaradıb, haralarasa aparacaq. Axır vaxtlar Qoqolun əsərlərini oxumağa başlamışdım. Mən bədii əsər kimi oxuyub, ona bədii əsər kimi yanaşmıram. Elə bil, ruh halı kimi, orda insanın dünyasında olmağı sevirəm. Ona görə, bir yaradıcının əsərlərini dalbadal oxuyuram. Mənim əsas mütaliə etdiyim böyük şəxsiyyətlərin, mənim üçün maraqlı şəxsiyyətlərin dünyası, onların yaşantılarıdır. Salvador Dali mənim üçün çox maraqlı insandır, onu çox mütaliə etmişəm. Amma bilirsiniz, gündəlik mənim marağımı nə cəlb edə bilər: elmi açıqlamalar, elmi-fəlsəfi məsələlər. Maksimum reallığa yaxın olan faktların açıqlanmasını çox sevirəm. Keçən il serb əsilli Amerika futuroloqu, elektriki və maşın mühəndisi, ixtiraçısı Nikola Teslanı mütailə etdim. Onun həyat və dinamikasını. Mən hansısa sənətkarın əsərlərini dalbadal oxuyanda baxmaq istəyirdim ki, onun həyat fəlsəfəsi, ömür musiqisinin leytmotivi nədir? Nəyi təbliğ edir? Nəyi icra edir? Onda aparıcı xətt nədir? Mən bu cür yanaşıram mütaliəyə. Ən son mütailəm Dostayevskinin həyatı və XX əsr fransız filosofu, yazıçı və dramaturq, ekzistensialist ədəbi-fəlsəfi cərəyanın yaradıcılarından biri, 1964-cü ildə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülsə də, bundan imtina etmiş Jan-Pol Sartr olub. Ümumiyyıtlə, o fikirlə razı deyiləm ki, “çox oxuyun, çox bilin”. Xeyr. Oxuyacağını biləcəksən. Çox yox, dəyərli və sənə nə lazımdırsa onu oxuyacaqsan. Çünki bütün oxuduqların beyinə yata bilməz. Beyin hamısın qavraya bilməz. Sən onun hamısını hiss edə bilməzsən. Əzbərçiləri də heç vaxt sevməmişəm. Çünki bu insan özü yox kiminsə əksidir…

– Gövhər xanım, mütaliədən, kitab oxumaqdan danışdıq. Bəs özünüz nə vaxtsa istərdiniz ki, keçdiyiniz maraqlı sənət yolu haqda bir roman yazasınız?

– Düşünmürəm ki, əsəb, sinir sistemimin bu qədər gərgin vəziyyətdə olduğu bir dönəmdə mən roman yaza bilim. O qədər özümü toparlaya bilsəydim, bu gün incəsənətdə daha böyük nailiyyətlər əldə edərdim. Əfsuslar olsun ki, artıq o güc, qüvvət qalmayıb məndə. Beynimdə o qədər gündəlik həyati məsələlərin həlli, onların qayğısı var ki. Siz dediyiniz bir romanı yazmaq üçün harasa çəkilib, orda oturub qələmi ilə, ruhuyla yaradıcı dünyaya qapanaraq təklikdə olmaq lazımdır. Bu imkanlar isə məndə yoxdur və yaqin ki, heç olmayacaq da. Amma Allah qismət eləsə, ömrümüz çatsa və mən həmin o ruh sakitliyimi bərpa edə bilsəm mütləq opera və balet yazmaq kimi ən böyük arzumu həyata keçirərdim. Düşünürəm, mən onları yazmasam, həyata keçirə bilməsəm, gözüaçıq gedərəm bu dünyadan. Mənim öz sənətimdə öz romanım olmalıdır. Bu, mənim baletimdir, operamdır.

– Siz həm də Müəllif Hüquqları Uğrunda Cəmiyyətin sədrisiniz. Bu sahədə hansı addımları atırsınız?

– Ümumiyyətlə, Müəllif Hüquqları Uğrunda Cəmiyyətin yaradılması çox gözəl və vacib bir addımdır. Bu işin təməlini qoyaraq, belə bir təklifi irəli sürən İslam Bağırova dərin minnətdarlığımı bildirirəm. Mən özüm də əvvəlcə bir müəllif kimi bu işə real baxmırdım. Çünki bu qədər ciddi yanaşma və dəstəklə qarşılaşacağımı bilmirdim. Bu gün mənə göstərilən etimada görə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri, professor Kamran müəllim İmanova xüsusi minnətdarlığımı bildirirəm. Çox ciddi məsələlərin həlli və vəzifələrin icrası durur qarşımızda. Biz illər öncə Azərbaycanın həm bəstəkar, həm xalq mahnılarının, hətta qardaş Türkiyəmizdə belə, anonim olaraq təqdim olunmasının şahidi olurduq. Şükür olsun, dövlətimiz tərəfindən ciddi və səmərəli işlər görülür. Göstərilən böyük qayğı və diqqət nəticəsində bütün müəlliflərimizin hüquqlarının müdafiə edilməsi, tariximizin qorunub saxlanması və şəffaf əks etdirilməsi üçün əsas və vacib amildir. Biz bütün milli sərvətlərimiz kimi incəsənətimizi də qoruyub onu sahiblənməyi bacarırıq.

– Gövhər xanım, Allah saxlasın, bir qızınız var. İstərdiniz ki, qızınız incəsənətdə sizinlə bərabər addımlasın?

– Təşəkkür edirəm. Allah cəmi balaları saxlasın, içində də bizimkiləri. Övladımın musiqidə olmasını heç istəmirəm, musiqiylə peşəkar məşğul olmağa özü də meyilli deyil. Musiqini çox sevir. Məndən daha çox diqqətlidir musiqiyə. Amma düşünürəm ki, əgər bir valideyn hansısa bir məsləyin sahibidirsə, onun övladı həmin sənəti , məsləyi davam etdirəcəksə, o, valideynindən daha bacarıqlı və nailiyyətli olmalıdır. Valideynindən aşağı göstəriciləri olacaqsa, ondan zəif olacaqsa, tam olmayacaqsa, o uşağın bədbəxtçiliyidir. Gülünc bir yer alacaq, gülünc bir obyekt olacaq, hər zaman qınanılacaq, hər zaman özünü zavallı hiss edəcək. Deyəcəklər ki, bu da valideyininə görə bu sənətdədir, özü istedad sahibi deyil. Bu, mənim üçün çox həssas məsələdir. İstəmədim musiqidə olsun, özü də istəmədi, rəssamlığa meylli oldu. Onun da öz dünyası var. Sənətin tam fərqli qollarındayıq. Mən də ona heç yardımçı belə ola bilmirəm. Ona görə də bir az çətinlikləri olur. Hərdən gecələri yuxusuz qala bilər, hərdən həssas və küskün, hərdən isə çox yorğun olur. Bütün yaradıcı insanlar kimi yaratdığını, çəkdiyini bəyənməyib əsəbləşə bilər. Amma bu da onun həyat yoludur. Ya əsl rəssam olacaq, ya da sənət dünyasında olmayacaq, başqa heç nə. O da onun arzularıdır. Onun da arzularını Tanrı eşidib, xeyirlisi nədirsə, ona yönəldəcək. Mən ümumiyyətlə müdaxilə etmirəm.

İstəmədiyi bir şey odur ki, onu valideyni ilə təqdim etsinlər. Görürəm ki, çox əsəbi qəbul edir. Bir az qapalı həyat yaşayır. Qonaqlıqlar, əyləncələr, qaraguruh ortamı sevmir. Oxuyur, müəllimlərin iradlarını qəbul edir, nəyisə bəyəniləndə sevinir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil alır, öz dünyası öz sənət ortamı, dəyərli sənət müəllimləri və yaradıcı ünsiyyət dairəsi var. Yaradıcı insanların hamısı elədir, çox az insanlarla ünsiyyətdə olurlar. Amma təkliyi  də sevmirlər. Nə mən, nə də o.

– Gövhər xanım, sonda bizim soruşmadığmız, özünüzün dilə gətirmək istədiyiniz hər hansı fikirləriniz varsa, buyurun…

– Həyatımda ən çox sualı olan müsahibə oldu. Əslində, mən həmişə iki-üç sualı geniş danışıram. Amma bütün suallarınız səliqəli, maraqlı, çox peşəkar idi. Uğurlar! Təşəkkür edirəm!

 

Söhbətləşdi: Fuad BİLƏSUVARLI,

Qafqaz.media

 

 Fuad BİLƏSUVARLI,

Interval.az

 


Bütün xəbərlər