“Gələn ilin birinci rübündə təqdimat keçirəcəyik”

#İQDİSADİYYAT

Biznesin İnkişafı Fondu 2023-cü ildə yeni alətlərin ərsəyə gətirilməsini qarşısına məqsəd qoyur.

Interval.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün iqtisadiyyat naziri Mikayıl Cabbarov “Dayaq” mükafatının təqdimat mərasimində deyib.

Nazirin sözlərinə görə, fond vasitəsilə həm dəstək tədbirlərinin, həm də qrant alətlərinin həyata keçirilməsi nəzərdə tutulur.

“İndiyədək əsas alətimiz Sahibkarlığın İnkişafı Fondunun xətti ilə güzəştli kreditlərin verilməsi olub. Fond minlərlə layihəni əhatə edir, lakin onun bir alətlə işləməsi bu günün tələbini ödəmir. Bu baxımdan biz Azərbaycan iqtisadiyyatının tələblərinə uyğun olaraq bir sıra maliyyə aləti ərsəyə gətirəcəyik. Bununla bağlı, gələn ilin birinci rübündə təqdimat keçirəcəyik”, – deyə o bildirib.

M.Cabbarov əlavə edib ki, bu il Azərbaycanın qeyri-neft ixracının illik dəyəri ilk dəfə olaraq 3 milyard dolları ötəcək.

“Qeyd etmək lazımdır ki, pandemiyadan sonra biz müsbət dinamikaya nail olmuşuq və ölkə iqtisadiyyatı ötən il 5,8 faiz, bu ilin yanvar-noyabr aylarında isə 4,8 faiz artıb. Bundan əlavə, bu il dekabrın 15-nə olan göstəricilərə əsasən, 15 milyard manatdan çox vergi daxilolmalarını təmin etmişik”, – deyə nazir qeyd edib.

Zamiq Yunisov

Interval.Az 


Bütün xəbərlər