AMEA-nın 2020-2025-ci illər üçün inkişaf proqramı təsdiq edilib

Azərbaycan Milli Elmlər Akademiyasının bu gün keçirilən illik ümumi yığıncağında “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı” səsə qoyularaq təsdiq edilib.

İnterval.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev qurumun bu gün keçirilən ümumi yığıncağında proqramın prioritetlərini açıqlayıb.

Onun sözlərinə görə, proqramın prioritetləri elmi tədqiqatların sosial-iqtisadi, mədəni, ictimai problemlərin həllinə yönəldilməsi, elm sahəsində idarəetmə sistemi, infrastrukturun modernləşdirilməsi və optimallaşdırılması, elmi-tədqiqat müəssisələrinin, bütövlükdə elmin maliyyələşdirilməsi mexanizmlərinin təkmilləşdirilməsidir. Digər prioritetlər yüksək ixtisaslı kadrların hazırlanması, eyni zamanda elm və təhsilin inteqrasiyası, elmi işçilərin sosial təminatının yaxşılaşdırılması, elmin normativ-hüquqi bazasının və informasiya təminatının gücləndirilməsidir.

R.Mehdiyev əlavə edib ki, fundamental və tətbiqi tədqiqatların səmərəliliyinin artırılması, xüsusilə innovasiya fəaliyyətinin genişləndirilməsi üçün intellektual əmək resurslarından daha səmərəli istifadə edilməlidir. Elmi işçilərin attestasiyası həyata keçirilməli və onların səmərəli yerləşdirilməsi təmin edilməlidir.


Bütün xəbərlər