Bəlkə yetər, Kamil Musəvi?

“Bu gün 60 saylı Salyan-Neftcala seçki dairəsinin təyin etdiyi Cəzaçəkmə və hərbi hissələrdə bütün namizədlərlə birlikdə görüş təşkil edildi. Təəssüflər olsun ki, bəzi “saytlar” bu görüşü “Kamil Musavi Fəzail Ağamalıya pula satıldı” başlığı ilə təqdim edərək insanların fikirlərini qarışdırmağa başlayıb. Bir şeyi bilin və əsla unutmayın: Biz pula satılanlardan yox, mübarizə aparanlardanıq!!!”

Bu sözləri qazi, 60 saylı Salyan-Neftcala seçki dairəsindən deputatlığa namizəd olan Kamil Musəvi Facebok profilində yazıb.

Xeyli emosional, aplomblu, pafoslu açıqlamadır. Üstəlik, üç nida işarəsi ilə.

Qarabağ savaşında yaralanan qazilərimiz millətin və ulusun fəxrləridir. Onlar dövlətin ən sədaqətli vətəndaşları, düşmənlə döyüşdə qanlarından və səhhətindən keçən insanlardır.

Qarabağ qaziləri arasında fiziki imkanları məhdud olanlar da az deyil. Onlar barəsində “əlil” demək istəməzdim, əsla. Çünki onlar gözlərini, ayaqlarını, qolların itirsələr də, Vətən sevgisini, iradəni, qətiyyəti və mərdliyi itirməyiblər.

Hər andan yararlanmağa, hər fürsətdən kam almağa çalışan Kamil Musəvini aprel döyüşlərində yaralanmış qazi kimi təqdim edirlər.

Fəqət…

Reallıq budur ki, 2016-cı ilin aprelin 1-də başlayaraq 6-da başa çatan və tarixə “Dördgünlük savaş”, “Aprel döyüşləri” kimi düşən, Azərbaycan Ordusunun tam qələbəsi ilə başa çatan hərbi əməliyyatlarda Kamil İbadət oğlu Müsəvi iştirak etməyib.

8 avqust 2008-ci il tarixində Heyder Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub, 2012-ci ildə leytenant hərbi rütbəsi alaraq bitirib. 2015-ci ilin oktyabr ayında Naftalan, Talış kəndi istiqamətində gedən döyüşlərdə kəşfiyyat qrup komandiri vəzifəsində döyüş tapşırığı yerinə yetirərkən düşmən minasının partlaması nəticəsində ayağını və gözünü itirib.

Aprel döyüşlərindən 7 ay əvvəl minaya düşərək ağır yaralanan K.Musəvi nədən “Aprel döyüşlərinin qazisi” kimi təqdim olunmalıdır ki?! Ümumiyyətlə, bu uydurma, yalan kimə və nə üçün gərəkdir?!

Sözlərindən və dediklərindən yaranmış obrazdan fərqli olaraq sırf praqmat insan təsiri bağışlayan Kamil Musəvi artıq beş ildir ki, gözündəki tampon sarğını çıxarmır. Halbuki döyüşlərdə gözünü itirmiş qazilər bəbək implantlarından yararlanırlar və onların heç biri K.Musəvidən fərqli olaraq nümayişkaranə şəkildə gözüsarğılı dolaşmır.

Onların heç biri Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərindən pafoslu açıqlamalar verərək gündəmdə qalmağa çalışmır.

Və ən nəhayət, onların heç biri siyasətdə uğur əldə etmək üçün statusundan, adından və cəmiyyətdə qazilərə münasibətdən yararlanmağa çalışmır.

Qarabağ qaziləri arasında dostlarım, qardaşlarım çoxdur. Dünyasını dəyişlnlər də az deyil, amma onlar mənimçün hələ də sağdır.

Etimad Əsədov kimi.

Etimad 1993-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2002-ci ildən isə “Qarabağ qaziləri” ictimai birliyinin sədri idi. Yüzlərlə qazinin yaşamlarında üzləşdikləri problemlərin həlli ilə məşğul idi.

Yaxud Rey Kərimoğlu kimi. Məşhur jurnalist, həmkarlarının belə, “Rey baba” dedikləri bu şəxs sonsuz sayğı və izzət ünvanıdır. Çünki təvazökardır, sadədir, amma qazilərindən birinin hüququ tapdandımı, qarşısını almaq olmaz onun.

Rey yaralarından, ağrılarından, çəkdiyi acılardan danışmağı əsla sevmir.

Etimad kimi: “Bu məsələlər Vətənlə mənim aramdadı” söylərdi sağlığında Etimad Əsədov.

E.Əsədov yaralanandan sonrakı həyatını Qarabağ qazilərinin və şəhid ailələrinin problemlərinin həllinə, onların qayğılarının çəkilməsinə həsr etdi. Rey Kərimoğlu indi də savaşanlar üçün yaşayır sanki.

Onlar dərdlərini, problemlərini, ağrılarını unudaraq Vətən üçün çalışanlardır – Etimad mənim üçün sağ olduğu üçün, onun barəsində indiki zamanda yazıram.

Kamil Musavi isə əfsuslar olsun, tam fərqli bir qazidir.

Hər qazi kimi, ona sayğım böyük, amma…

Amması odur ki, merkantil Kamil Musəvininn dedikləri, etdikləri, sözləri və əməlləri birmənalı təsir bağışlamır.

Azərbaycanda çox az qazi var ki, onun barəsində bunca ittihamlar səslənsin.

Məsələn, 2015-ci ilin oktyabrın 12-də Kamil Musəvi ilə birlikdə minaya düşən Qarabağ və ayağını itirən Qarabağ qazisi Elşən Yusifovun dediyinə görə, K.Musəvi aktiv döyüş zamanı yox, xüsusi bir əməliyyata keçid təşkil edilərkən, öz səhvi ucbatından minaya düşüb.

“Ərazini açırdım. Kamil həyəcanlı idi. Kamil bir getdi-gəldi, iki-getdi gəldi. Üçüncüdə düşdü məndən arxada qalan minaya. Dediyim o kəndirdən 30 sm sağa çıxmışdı. Gözünü və ayağını itirdi”, – E.Yusifov deyib.

Elşən Yusifov da qazidir, amma K.Musəvidən fərqli olaraq adından və statusundan mümkün qədər istifadə etməyə çalışmır.

Ümumiyyətlə, Qarabağ şəhidlərinin və qazilərinin ailələrinin tam əksəriyyətində də bir gözütoxluq, ağayanalıq var. Onlar daim nə isə istəmir, nələrisə tələb etmirlər. Vətən üçün vuruşanlar Vətən qarşısında tələb qoymurlar, qoymazlar da. Və onlar barəsində də cəmiyyətdə, xüsusilə də sosial şəbəkələrdə ittihamlar, iddialar səslənmir, yayılmır…

Əfsuslar olsun ki, qazi Kamil Musəvi barədə bu sözləri demək olmur.

Onu merkantillikdə, qazi adından sui-istifadə edərək maddi nemətlər əldə etməkdə, hətta Bakının bir neçə yerində mənzilə yiyələnməkdə suçlayırlar.

Azərbaycan vətəndaşının bir neçə mənzilinin olması suç deyil.

Qazinin maddi durumunun yaxşı olması da sevindirici məqamdır.

Fəqət, bütün bunlar qazinin ünvanına ittiham kimi səslənməməlidir.

İllah da ki, Aprel döyüşlərində yox, daha əvvəl əməliyyat zamanı minaya düşərək gözünü və ayağını itirən qazi pafoslu, təhkiyəli çıxışları çox sevirsə, illərdən bəri gözündə tənzifli tamponla dolaşaraq belə özünəməxsus imic formalaşdırmağa çalışırsa, yaxşı deyil.

Və bu qazi statusu ilə adından yararlanaraq parlament seçkilərinə qatılırsa, təşviqat və təbliğat kampaniyasında yenə də pafosu xırdalayırsa, heç yaxşı deyil.

Şəhidlərmizə ehtiram, qazilərimizə sayğı hədsizdir. Lakin qazi adından istifadə edərək nələrəsə nail olmaq və imtiyazlara yiyələnmək üçün bütün sədləri aşmağa çalışırsa, yaşananlar əsla təqdirəlayiq olay sayılmaz.

Aprel döyüşlərinin qazilərinin, demək olar ki, heç biri Kamil Musəvi qədər siyasi və ictimai baxımdan hiperfəal deyillər. Daha doğrusu, onlar, sadəcə, Vətən və xalq qarşısında borclarını verdiklərini düşünürlər.

Vətəni borclu çıxarmaq istəmirlər.

Deputatlığa namizədliyə gəldikdə isə, parlamentdə fəaliyyət bacarıq, qanunverici təşəbbüslərlə çıxış etmək üçün potensial, geniş erudisiya və təcrübə tələb edir.

Sadəcə, pafos və ambisiya yetərli deyil.

İntriqanlıq da işə yaramır.

Kamil Musavi telekanalları dəyişirdi, saytlarda boy verirdi və həmişə, hər yerdə Vətəndən danışırdı, vətənpərvərlikdən bəhs edirdi. Halonki bu hisslər dəyərdir – çox söylənəndə dəyəri artmaz.

Vətəni sevmək ayrı, köpüklü vətənpərvərlik ayrı.

Kamil Musəvi də məhz öz maraqlarını və fərdi mənafeyini təmin etmək üçün vətənpərvərlik lüğətindən gen-bol istifadə edib, yazıqlar olsun.

İndi də millət vəkili olmaq istəyir, “Həqiqətləri görmək üçün tək göz də yetər!” şüarına sarılıb.

Həqiqətləri görmək üçün hüur və qəlb də yetər – göz gərək deyil.

Kamil Musəvi həqiqəti isə budur ki, o, haqqında “yalnız özünü düşünür” deyilən və belə iddiaların çox olduğu insandır.

Gəncdir, amma qəlbən qocalıb, ahıllaşıb artıq.

Qəribə olan bilirsiniz nədir? K.Musəvidən “Mən Aprel döyüşlərində vuruşmamışam” sözünü eşidən olubmu? Bəlkə də deyib, amma çoxsaylı müsahibələrində və açıqlamalarında leytmotiv təşkil etməyib bu kəlmələr.

İndi siyasətə atılıb, Milli Məclisdə təmsil olunmaq istəyir.

İstəsin, hər vətəndaş kimi hüququ və haqqıdır. Amma hüququn mənəvi səbatı, haqqın da əxlaqi dəyər biçimi olmalıdır.

Milli Məclis şüarçılıq, bəlağətli çıxışlar, tamponla bağlanmış gözün yanındakı gözlə ətrafa baxaraq “Vətən, Sakarya” tipli çağırışlar məkanı deyil.

Parlament qanunverici orqandır və orada da vətəndaşların, dövlətin və millətin intişarına yönəlmiş qanunlar qəbul olunur, qərarlar verilir.

Bunun üçünsə potensial, bilik və bacarıq olmalıdır.

Kamil Musəvidə bəhs etdiyim keyfiyyətlər varmı? Durumundan siyasi tramplin qismində istifadə etməyə çalışması normaldır, yoxsa pis?

Özü düşünsün – tək qalanda. Gərçi istərsə və bacararsa… (Milli.Az)


Bütün xəbərlər