“Formula-1”: Azərbaycan Qran-prisinin biletləri satışa çıxarıldı

Bu gün "Formula-1" üzrə 2023-cü il Azərbaycan Qran-prisi üçün bilet satışına start verilib.

Interval.Az xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) “early bird” erkən bilet satışına başlayıb.

Azarkeşlər 20 faizlik endirim fürsətindən gələn il yanvarın 15-dək faydalana biləcəklər.

BŞH-nın Satış və Kommersiya departamentinin yeni rəhbəri Səbri Gülmalıyev bildirib ki, möhtəşəm avtoidman yarışını Azərbaycan vətəndaşları üçün daha əlçatan etmək istəyirlər: “Həmvətənlərimiz və ölkəmizin rezidentləri Bakı yarışına biletləri beynəlxalq qiymətlərlə müqayisədə 2 dəfəyədək sərfəli qiymətlərlə əldə edə biləcəklər. Bu il daha çox yerli azarkeşin F1 yarış həyəcanını yaşaması və Dənizkənarı Milli Parkda əyləncələrdən zövq alması üçün erkən bilet satışı dövründə ayaqüstü biletlər 40 manatdan 120 manatadək, tribuna biletləri 160 manatdan 690 manatadək, azyaşlılar üçün biletlər isə 110 manatdan 480 manatadək olan qiymət aralığında təklif olunacaq”.

BŞH-nın mətbuat katibi Turab Teymurov isə vurğulayıb ki, Bakıda ilk dəfə sprint yarışları da baş tutacağı üçün qürurludurlar: “Sprint mübarizəsinin baş tutacağı 6 ölkə arasında Azərbaycanın da olması sevindiricidir”.

Biletləri “28 Mall”, “Gənclik Mall”, Heydər Əliyev Sarayı, Kiosk 1 (Azərbaycan kinoteatrı), Kiosk 2 (Nizami küçəsi), ASAN 1, ASAN 2, ASAN 3, ASAN 4 və ASAN Sumqayıtda əldə etmək olar.

Qeyd edək ki, yeddinci dəfə Bakıda təşkil olunacaq Qran-pri gələn il aprelin 28-30-da keçiriləcək. Yarış çərçivəsində ilk dəfə sprint yarışı da baş tutacaq.

Zamiq Yunisov

Interval.Az


Bütün xəbərlər