Qarüstü polo üzrə dünya kubokunu qazanmış “Land of Fire” komandası Vətənə qayıdıb

İsveçrənin Sankt-Morits şəhərində qarüstü polo üzrə 37-ci dünya kubokunu qazanmış “Land of Fire” komandası yanvarın 31-də Vətənə dönüb.

Interval.Azbildirir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda təşkil olunan qarşılanma mərasimində Azərbaycan Atcılıq Federasiyasının nümayəndələri, idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları və jurnalistlər iştirak ediblər.

Qeyd edək ki, yanvarın 27-dən start götürən və 6 komandanın iştirak etdiyi turnirdə komandamızın ilk görüşdəki rəqibi “Perrier Jouet” komandası olub. Oyunda inamlı qələbə qazanmış komandamız 2019-cu ilin qalibi “Badrutts Palace” ilə yarımfinal matçında əzmkarlıq nümayiş etdirərək rəqibini məğlub edib və turnirin həlledici final qarşılaşmasında “Clinique La Prairie” ilə üz-üzə gəlib.

Yanvarın 30-da final oyununa rəqib komanda reqlamentə uyğun olaraq yarım xal fərqlə öndə başlayıb. Lakin buna baxmayaraq, “Land of Fire” komandası prinsipial oyunun bütün komponentlərində rəqibdən üstün olaraq 6-2,5 xal hesabı ilə qələbə qazanıb.

Beləliklə, Azərbaycan poloçuları tarixdə ilk dəfə qarüstü polo üzrə dünya kubokunun sahibi adını qazanıb.

Interval.Az


Bütün xəbərlər