Müddətli həqiqi hərbi xidmətə yanvar çağırışı başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 22-də imzaladığı Sərəncama uyğun olaraq həqiqi hərbi xidmətə növbəti çağırış başa çatıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) verilən məlumata görə, SHXÇDX tərəfindən Sərəncamın icrası təmin edilib və yanvar ayı ərzində Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi müvəffəqiyyətlə yekunlaşdırılıb.

Respublikamızda koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması istiqamətində vətəndaşların sağlamlığının qorunmasına yönələn preventiv və təxirəsalınmaz tədbirlər çərçivəsində müddətli həqiqi hərbi xidmətə çağırışın mütəşəkkil keçirilməsi və mümkün risklərin minimallaşdırılması məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən zəruri addımlar atılıb. Müddətli həqiqi hərbi xidmət keçmək üçün xidmət yerlərinə təyin edilmiş çağırışçılar xüsusi karantin rejiminin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tapşırıq və tövsiyələrinə, TƏBİB-in müvafiq təlimatlarına ciddi riayət edilərək xidmət yerlərinə təhvil veriliblər.

Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986–2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2021-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə yola salınıblar.


Bütün xəbərlər