Fevralın 1-dən sonrakı növbəti iki həftədə V-IX siniflər…

Fevralın 1-dən sonrakı növbəti iki həftədə V-IX siniflər, həmçinin peşə və ali məktəblərdə əyani tədrisin qismən bərpası gözlənilir

“Fevralın 1-dən sonrakı növbəti iki həftə ərzində sonrakı təhsil pillələrində əyani tədrisin bərpası barədə qərarlar olacaq, yoluxma proqnozunu indidən vermək çətindir. Buna görə kifayət qədər ehtiyatlı addımlar atmalıyıq”.

Bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir deyib ki, sonrakı iki həftədə V-IX siniflərdə, həmçinin peşə və ali məktəblərdə əyani tədrisin qismən bərpası gözlənilir, amma bu, yoluxmadan asılıdır: “Metronun fəaliyyəti hələ də bərpa edilməyib, növbəti mərhələdə belə qərar olarsa, V-IX siniflər də açıla bilər. Hazırda bütün inzibati ərazilərdə heç olmasa gün ərzində 1 yoluxma belə var. Daha az yoluxma olarsa, bölgələrdə daha sürətli açılma ola bilər. Növbəti həftələrdə – yəqin ki, fevralın 8-i və 15-i mümkün qədər açılış ola bilər, məqsəd mümkün dərəcədə məktəbləri dayanıqlı formatda əyani təhsilə qaytarmaqdır. Tələsik açıb, tələsik bağlamaq istəmirik”.


Bütün xəbərlər