İlham Əliyev: Cənub Qaz Dəhlizi bütöv bir regionun inkişafına töhfə verir

Cənub Qaz Dəhlizi ölkələrimizi birləşdirir və bütöv bir regionun inkişafına töhfə verir.

Interval.Az bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 26-da Yunanıstan Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Xristos Kapodistriasın etimadnaməsini qəbul edərkən deyib.

Cənub Qaz Dəhlizinin ümumi maraq kəsb edən layihə olduğunu bildirən dövlətimizin başçısı, həmçinin Yunanıstanın Azərbaycan qazının digər Avropa ölkələrinə çatdırılmasında tranzit ölkə rolunu oynadığını vurğulayıb.

Qəbulda Azərbaycan Prezidenti Yunanıstan ilə Bolqarıstan arasında interkonnektorun açılış mərasimində iştirakını məmnunluqla xatırlayıb və bu layihənin Avropanın enerji təhlükəsizliyinə töhfə verməsinin əhəmiyyətini qeyd edib.

Dövlətimizin başçısı ölkələrimiz arasında enerji ilə bərabər, digər sahələrdə də əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.

Zamiq Yunisov

Interval.Az


Bütün xəbərlər