SOCAR-dan Aİ-92-nin gömrük rüsumundan azad edilməsi ilə bağlı – Açıqlama

 

Heydər Əliyev adına Neft Emalı Zavodunun bir çox qurğuların fəaliyyəti dövri təmir çərçivəsində müvəqqəti dayandırılacaq.

Interval.az  “qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

“Heydər Əliyev adına Neft Emalı Zavodunda mütəmadi olaraq təmir və sazlama işləri aparılır. Bu cür işlər bütün neft emalı zavodlarında həyata keçirilir. Buna görə də, ildə bir dəfə olmaqla zavodun bir çox qurğuların fəaliyyəti müvəqqəti dayandırılır. Dövri təmir işləri adətən bir ay və bir aydan bir az çox davam edə bilər”, – İ.Əhmədov qeyd edib.

SOCAR rəsmisinin sözlərinə görə, ötən il dövri təmir işləri həyata keçirilmədi: “bəzi optimmalaşdırmaya görə buna ehtiyac olmadı. Həmçinin, bu ilə qədər təxirə salındı. Bu il də zavod artıq Avro-5 standartlarına cavab verən dizel yanacağının istehsalına başlamağa hazırlaşır. Bu baş verməmişdən əvvəl müvafiq qurğuların işə salınması üçün zavod dayandırılmalıdır. Dövri təmir və sazlama işləri də aparılmalıdır. İlin birinci yarısında bu işlər həyata keçiriləcək”.

O vurğulayıb ki, bu mütəmadi olaraq həyata keçirilən bir prosesdir, yenilik deyil: “Belə olan halda zavodda istehsal edilən benzin yanacağı qabaqcadan tədarük edilsə də, qabaqcadan tədarük edilən yanacaq dövri təmir müddətində ölkənin benzinə olan tələbatına yetməyə də bilər. Buna görə də, SOCAR üçün dövlət idxal imkanı da yaradır, Aİ-92 gömrük rüsumundan müvəqqəti azad edilir və aksiz dərəcəsi azaldılır. Bununla da, benzinin istehsalına yenidən başlayanadək bir pəncərə yaradılır ki, bu müddət ərzində SOCAR lazımlı qədər, ölkə tələbatına uyğun olaraq benzin idxal edə bilsin.

Dizelin idxalına adətən ehtiyac yaranmır. Ona görə ki, bizim dizel istehsal edən başqa bir qurğumuz da var. Həmin müddətdə alternativ qurğu işləyir. O da ölkənin dizelə olan tələbatını təmin edə bilər. Lakin benzini istehsal edən qurğular həmin müddətdə işləmədiyinə görə, benzin idxalına müəyyən miqdarda ehtiyac yarana bilər. Buna görə də hökümət benzinin idxalı üçün daha əlverişli imkanlar yaradır, lakin bu müvəqqəti addımdır və dövri təmiri başa çatandan sonra zavodun normal fəaliyyəti bərpa olunacaq. Benzinin istehsalı davam etdiriləcək”.

Qeyd edək ki, Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” haqqında qərarında dəyişiklik edib. Sənədə görə, Azərbaycana idxal edilən Aİ-92 və ya daha çox, həmçinin Aİ-95-dən az oktan ədədi ilə avtomobil benzini gömrük rüsumundan azad edilib.

Dəyişikliyə əsasən, qeyd olunan benzin növləri üçün gömrük rüsumu 15 faizdən 0 faizə endirilib.

Nazirlər Kabinetinin digər qərarı ilə Aİ-92 markalı benzinin idxalı zamanı aksiz vergi dərəcəsi bir ton üçün 200 manatdan 1 manata endirilib

Interval.az


Bütün xəbərlər