Azərbaycan “ Beynəlxalq Mülkiyyət Hüquqları İndeksi – 2022” hesabatında – Əqli Mülkiyyət Agentliyinin şərhi

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi ölkəmizin də yer aldığı “Beynəlxalq Mülkiyyət Hüquqları İndeksi – 2022” hesabatını şərh edib.

Interval.Az şərhi təqdim edir:

Mülkiyyət Hüquqlarının Müdafiəsi Beynəlxalq İndeksi dünya ölkələrinin mülkiyyət hüquqlarının qorunması baxımından onların əldə etdikləri nailiyyətləri ölçən kombinə edilmiş göstəricidir. 2007-ci ildən “Mülkiyyət Hüquqları Alyansı” (“The Property Rights Alliance”) tərəfindən nəşr edilir. Vaşinqtonda yerləşən “Mülkiyyət Hüquqları Alyansı” ticarət nişanları sahiblərinin və əqli mülkiyyət hüquqlarının, o cümlədən audio və video məhsulların, musiqi sənayesi və kompüter proqramları istehsalı ilə məşğul olan şirkətləri müdafiə edən tanınmış Amerika təşkilatıdır.

Mülkiyyət Hüquqları Alyansının tədqiqatının məqsədi xüsusi mülkiyyətə – həm fiziki, həm də əqli – olan hüquqların qorunma vəziyyəti və effektivliyini qlobal miqyasda öyrənməkdən ibarətdir.

Reytinqdə istifadə olunan göstəricilər İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, Dünya Bankının, Ümumdünya Ticarət Təşkilatının, ABŞ Prezidentinin ticarət danışıqları üzrə xüsusi nümayəndəsinin ofisinin, beynəlxalq və milli tədqiqat mərkəzlərinin məlumatlarının statistik təhlillərinə əsaslanır.

İndeks nəşrinin redaksiya heyətinə bir sıra aparıcı universitetlərin və beynəlxalq təşkilatların nümayəndələri daxildir.

Reytinq göstəriciləri 3 qrupda birləşdirilir: “Hüquqi və siyasi mühit”, “Fiziki mülkiyyət hüququ” və “Əqli mülkiyyət hüququ”.

2022-ci ilə olan vəziyyətə əsasən, reytinqə 129 ölkə daxil edilib.

Reytinqin liderləri Finlandiya, Sinqapur və İsveçrə dövlətləridir. Azərbaycan reytinqdə 60-cı yeri tutaraq,  Ermənistan (63), Gürcüstan (72), Qazaxıstan (75), Rusiya (85), Moldova (95) və Ukraynanı (105) qabaqlayır. MDB-nin üç Mərkəzi Asiya respublikası reytinqə daxil edilməyib.

Azərbaycan “Fiziki mülkiyyət hüququ” qrupunda reytinqdə yüksək 32-ci yeri tutur.

“Əqli mülkiyyət hüququ” qrupuna görə, ölkəmiz Qazaxıstan (86), Moldova (90), Ermənistan (91), Ukrayna (93) və Gürcüstandan (112) irəlidədir.  Qeyd edilməlidir ki,  bu qrupda “Əqli mülkiyyətin mühafizəsinin dərk edilməsi” göstəricisinə görə Azərbaycan reytinqdə yüksək 30-cu yeri tutur.

Zamiq Yunisov

Interval.Az


Bütün xəbərlər