Zelenskidən təyyarənin vurulması ilə bağlı AÇIQLAMA

Ukraynanın İranda qəzaya uğrayan sərnişin təyyarəsinə raketin dəydiyinə dair versiya istisna olunmur, lakin bu, hələlik təsdiqlənməyib.

İnterval.Az APA-ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

V. Zelenski bəzi ölkələrin liderlərinin KİV-də bəyanatlarının yayıldığını nəzərə alaraq, qeyd edib ki, Kiyev bütün beynəlxalq tərəfdaşlarını, ilk növbədə isə ABŞ, Kanada və Böyük Britaniyanı qəza ilə bağlı məlumat və sübutları hadisəni araşdıran komissiyaya təqdim etməyə çağırır.

V. Zelenski əlavə edib ki, Ukrayna rəsmiləri və mütəxəssislərinin daxil olduğu komissiya İranda işini davam etdirir.

“Gözləyirik ki, obyektiv araşdırma üçün zəruri olan bütün informasiyalar bizim nümayəndələrə təqdim olunacaq. Biz nümayəndələrimizlə daim təmasdayıq”, – Ukrayna Prezidenti vurğulayıb.

Qeyd edək ki, Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi yanvarın 8-də Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan 176 nəfərin hamısı həlak olub.

İran tərəfi ilkin versiya kimi qəzanın texniki nasazlıq səbəbindən baş verdiyini bildirsə də, ABŞ, Kanada və Böyük Britaniya rəsmiləri açıqlamalarında təyyarənin İran tərəfindən yanlışlıqla atılmış raketlə vurulduğunu iddia edirlər.


Bütün xəbərlər