Sərhəd pozucusunun yeri müəyyən edilərək sərhəd naryadı tərəfindən saxlanılmışdır.

Interval.Az bildirir ki,    Yanvar ayının 15-də saat 21:15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, sərhəd naryadı tərəfindən termal videomüşahidə kamerası vasitəsilə 3 (üç) nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə edilmişdir.
Sərhəd naryadının qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucularına qarşı “Azərbaycan Respublikası dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq sərhəd naryadı xəbərdarlıq məqsədilə silahdan istifadə etmişdir. Havanın qaranlıq və relyefin mürəkkəb olmasından istifadə edən sərhəd pozucuları geriyə-İİR istiqamətinə qaçmışlar.
Sərhəd zastavasının xidməti ərazisi qapadılmış, texniki video müşahidə kameralarından və müşahidə-kəşfiyyat xarakterli pilotsuz uçuş aparatından istifadə olunaraq 1 (bir) sərhəd pozucusunun yeri müəyyən edilərək sərhəd naryadı tərəfindən saxlanılmışdır.
İlkin dindirmə zamanı saxlanılan şəxsin 1997-ci il təvəllüdlü İİR vətəndaşı Rezai Murtuza Məcid oğlu olması və İrandan Azərbaycan Respublikasına narkotik vasitə keçirmək məqsədilə gəldikləri müəyyən edilmişdir.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 3 ədəd bağlamada, ümumi çəkisi 24 kiloqram 285 qram narkotik vasitə (marixuana) aşkar olunaraq götürülmüşdür.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Zamiq Yunisov 
Interval.Az

Bütün xəbərlər