Heydər Əliyevin bir günü: 9 yanvar – Trend BİA-nın xüsusi layihəsi

Interval.Az  xəbər verir ki,   BİA ümummilli liderin 100 illiyinə həsr olunmuş “Heydər Əliyevin bir günü” adlı xüsusi layihə başladır. Ümummilli liderin görüşləri, danışıqları, səfərləri və sərəncamları ölkəmizin formalaşmasında və inkişafında həlledici rol oynayıb. Oxucularımıza ümummilli liderin Azərbaycan hökumətindəki rəhbərlik fəaliyyətinin vacib məqamlarını gündəlik xronikada bizimlə birgə yada salmağı təklif edirik.

9 yanvar 1994-cü il. Heydər Əliyev xaricdə yaşayan bir qrup azərbaycanlı ilə görüşüb. H.Əliyev görüşdə vurğulayıb ki, damarlarından azərbaycanlı qanı axan hər bir insan gərək Vətənin bu gününə yansın, münasibətini bildirsin, kömək etsin. Çünki azərbaycanlının Azərbaycandan başqa Vətəni yoxdur.

“Almaniyada yaşaya bilərsiniz, həm də çox firavan yaşaya bilərsiniz, Fransada, Amerikada da yaşaya bilərsiniz, varınız da, dövlətiniz də olar. Amma o ölkələr sizin Vətəniniz ola bilməz. Bunu təkcə azərbaycanlıya aid etmək olmaz. Hər bir millətin, hər bir insanın ana torpağı onun Vətənidir. Azərbaycanlıların da Vətəni Azərbaycandır.

… İndi şükürlər olsun ki, Azərbaycan müstəqil bir dövlətdir. Nə Rusiyanın, nə Sovetlər Birliyinin, nə də başqa bir dövlətin tərkibində deyil. Hər bir azərbaycanlı da buraya ata ocağı kimi baxmalıdır. Mən müraciətlərimdə bütün dünyada Avropada, Asiyada, Amerika və s. yerlərdə yaşayan azərbaycanlıların bax, bu hissiyyatını oyatmağa çalışıram. Çalışıram ki, bu hissiyyatları oyadaraq onları Azərbaycana cəlb edib, Azərbaycana doğma münasibət bəsləmələrinə nail olum. Mən demirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar köçüb buraya gəlsinlər. Buna ehtiyac da yoxdur. Mən demokratiya tərəfdarıyam, bu yolla getmişəm və yenə də gedəcəyəm. Kimin üçün harada rahatdır, hara onun üçün münasibdir, qoy orada da yaşasın. Amma hər kəs bilməlidir ki, onun Vətəni Azərbaycandır”, – deyə H.Əliyev qeyd edib.

9 yanvar 2000-ci il. Heydər Əliyev Türkiyəyə qisamüddətli işgüzar səfərə yola düşüb. Ulu öndər in Türkiyəyə qısamüddətli işgüzar səfəri zamanı Ankarada təntənəli qarşılanma mərasimi olub. Mərasimdə bəyanatlıa çıxış edən H. Əliyev bildirib ki, Türkiyə ilə Azərbaycan arasında mövcud olan əlaqələr yüksək dərəcəli dostluq və qardaşlıq əlaqələridir.

“Ona görə də biz bir çox məsələlərin – həm dünya, beynəlxalq məsələlərin həll olunmasında, həm bölgəmizdə olan məsələlərin həll olunmasında, başqalarında öz ölkələrimizin, öz dövlətlərimizin siyasətini müəyyən etmək üçün, yaxud da konkret tədbirlərini müəyyən etmək üçün daim məsləhətləşirik, görüşürük. Bu məsləhətlər, bu görüşlər, bu danışıqlar hər iki tərəf üçün fayda veribdir. Mən şəxsən deyə bilərəm ki, bu, Azərbaycan üçün çox faydalıdır və yeddi ilə yaxındır ki, hörmətli dostum, qardaşım Süleyman Dəmirəl Türkiyənin cümhur başkanı olduğu dövrdə mən Azərbaycan prezidenti kimi bu görüşlərdən, bu danışıqlardan, bu məsləhətləşmələrdən həmişə böyük faydalar almışam”.

9 yanvar 2001-ci il. Rusiya Prezidenti Vladimir Putin Bakıya rəsmi səfərə gəlib. Rusiya Prezidenti Vladimir Putinin şərəfinə təşkil olunmuş rəsmi qəbulda Heydər Əliyev çıxış edib.

Səfər zamanı bir sıra Azərbaycan-Rusiya sənədləri, o cümlədən Bakı Bəyannaməsi və Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında Birgə Bəyanat imzalanıb. Heydər Əliyev bu sənədlərdən danışaraq qeyd edib ki, Bakı Bəyannaməsində Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin daha da inkişafı üçün tədbirlər nəzərdə tutulub. “Bu sənədin mühüm müddəası ondan ibarətdir ki, biz Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlığı daha yüksək səviyyəyə qaldırmağa söz vermişik”, – deyə ümummilli lider vurğulayıb.

Zamiq Yunisov

Interval.Az

Məqaləyə dair fotomateriallar:


Bütün xəbərlər