Düşənbə səfəri Azərbaycana düşəcək? – Bakının YENİ HƏDƏFİ…

Prezident İlham Əliyev aprelin 5-də Düşənbəyə birgünlük dövlət səfəri etdi. Səfər çərçivəsində iki dövlət arasında əməkdaşlığa dair 50-dən çox sənəd imzalansa da, həm Bakıda, həm də Düşənbədə hesab edirlər ki, bu, kifayət deyil və ölkələrimiz hələ də ikitərəfli əməkdaşlıq potensialından tam istifadə etməyiblər.

Bu gün dünyada baş verən qütbləşmələr, yeni dünya düzəni, coğrafiyaların və xəritələrin yenidən çizilməsi prosesinin ən gərgin bir dövründə Bakı ətrafına etibarlı dostlar, tərəfdaşlar toplamaq, beynəlxalq əlaqələrini müxtəlif istiqamətlərdə daha da inkişaf etdirmək barədə düşünür.

Çünki dünya qlobal dəyişikliklər astanasında olduğu bir vaxtda coğrafi xəritələrə və mövqelərə yenidən baxmağın və aradakı məsafəyə baxmayaraq yaxınlaşmağın, əlaqələri genişləndirməyin vaxtıdır. Bu nöqteyi nəzərdən Prezident İlham Əliyevin Tacikistan səfərini hər iki ölkə adına olduqca önəmli hadisə kimi qiymətləndirə bilərik.

Azərbaycanın regional oyunçu, eləcə də yeni trans-regional ticarət və logistika marşrutları üçün qovşaq ölkə kimi çəkisinin artdığı bir vaxtda xarici siyasətdə qurulan və yaxud inkişaf etdirmək istiqamətində atılan bu tip addımlar onun qlobal aktora çevrilməsi istiqamətindı olduqca əhəmiyyətlidir.

Bu nöqteyi nəzərdən məsələyə baxsaq demək olar ki, Bakı və Düşənbənin aktiv birgə işi tələb edən kifayət qədər vəzifələri var. Təkcə onu demək kifayətdir ki, keçən il (2022-ci ildə) Tacikistanla neft və digər enerji resursları ilə zəngin, ÜDM-i 80 milyard dollar olan Azərbaycan arasında ticarət dövriyyəsi 6 milyon dollardan çox olub. Dövlət başçısının Düşənbə səfəri bu rəqəmlərin daha da inkişafında töhfə verəcək kimi görünür. Bunu yeni imzalanan sənədlər də təsdiq edir.

Lakin İlham Əliyevin Tacikistan səfərini yalnız ticari əlaqələr, imkanlarla əlaqələndirmək doğru olmaz. Bu gün Azərbaycan üçün daha əhəmiyyətli hesab edilən geosiyasi oyunlar gedir ki, rəsmi Bakı məhz bu oyundan itkisiz ayrılmaq üçün də müəyyən gedişlər etmək zərurətini hiss edir.

Türk Dövlətləri Təşkilatının Mərkəzi Asiyada rolu artır və onun fəal iştirakçısı olan Azərbaycan bu fəallığı daha da artırmaq barədə düşünür. Bu səbəbdən Mərkəzi Asiyanın nüfuzlu oyunçularından biri kimi Düşənbəylə münasibətləri daha da inkiaf etdirməyin vaxtı çatıb.

Üstəlik, onu da nəzərə alaq ki, Tacikistan həm ŞƏT-də, həm də KTMT-də mühüm rol oynayır. O da heç kimə sirr deyil ki, İranın Şanxay Əməkdaşlıq Təşkilatına daxil olması yalnız Düşənbənin buna razılıq verməsindən sonra mümkün olub. Və bunu da nəzərdən qaçırmaq olmaz ki, Taliban hakimiyyətə gəldikdən sonra KTMT-nin Əfqanıstanla bağlı siyasətini əsasən Tacikistanın mövqeyi diktə edir.

Məsələyə bu aspektdən də nəzər saldıqda rəsmi Bakı anti-Azərbaycan mövqeyinə nail olmaq üçün çıxmadığı oyun qalmayan Ermənistanın addımlarını bloklamaq istiqamətində də önəmli addım atmaqdadır. Beləcə, Bakını KTMT-nin aparıcı oyunçuları ilə üz-üzə qoymaq istəyən İrəvanın planları hər ötən gün fiaskoya uğrayır, Paşinyan hakimiyyətinin bu ümidlərinin üstündən birdəfəlik xətt çəkilir.

Azərbaycan-Tacikistan münasibətlərinin inkişafının başqa müsbət tərəfi isə heç şübhəsiz ki, İran mövzusu ilə bağlıdır. Bu gün farsdilli dünyanın bir hissəsi olan Tacikistanla Azərbaycanın münasibətlərinin bir xeyli yaxınlaşması, əlaqələrin genişlənməsi Tehran mövzusunda müxtəlif aspektdən çox əhəmiyyətli hesab edilə bilər:

Bakı ilə Tehran arasında münasibətlər özünün ən gərgin dönəmini yaşayır. Bu şərtlər daxilində Düşənbə İranla Azərbaycan arasında dialoqda mövqeyi çox dəyərli olan nüfuzlu vasitəçi kimi iki ölkə arasındakı gərginliyin səngidilməsində önəmli rol oynaya bilər.

Təbii ki, bu imkandan və Tacikistan “kanalı”ndan istifadə edilib-edilməyəcəyini zaman göstərəcək. Daha doğrusu, bu, İranın erməni sevdasından əl çəkib Azərbaycana qarşı kin-küdurət siyasətini bir kənara qoymaqla iki ölkə arasında yeni səhifə açılmasına bağlı bir məsələdir.

İran-Azərbaycan gərginliyinin pik həddə çatdığı bir vaxtda Tacikistanı farsdilli dövlət olaraq qazanmaq, onunla münasibətləri daha da irəli daşımaq molla-fars rejiminin Mərkəzi Asiyada əlinin zəiflədilməsi məsələsində də olduqca böyük əhəmiyyətə malikdir. Çünki Tacikistan Mərkəzi Asiya ölkələri içərisində türk dövləti olmayan, İranla ortaq fars dilini, mədəniyyətini bölüşən yeganə ölkədir.

Azərbaycan beynəlxalq platformalarda, regional çərçivələrdə Tacikistanın İrana siyasi dəstək göstərməməsində maraqlıdır. Bu mövzuda da Bakının Düşənbə ilə dil tapmağı bacardığı istisna edilmir.

Ona görə də Azərbaycan və Tacikistan prezidentlərinin görüşünün Bakının Mərkəzi Asiya üzrə diplomatiyasını və öz tərəfdaşlarını diversifikasiya etmək cəhdini vurğulamaq adına önəmli idi. Çünki Tacikistan Mərkəzi Asiyada strateji mövqeyinə görə beynəlxalq münasibətlər sistemi üçün mühüm geosiyasi və geostrateji əhəmiyyətə malikdir.

Bir sözlə, Bakı və Düşənbənin aktiv birgə fəaliyyət tələb edən kifayət qədər qarşılarına qoyduqları vəzifələri var. Yeni perspektivlər açan və həm Azərbaycanın, həm də Tacikistanın nüfuzunu artıran vəzifələr. İlham Əliyevin Düşənbəyə səfəri bunu reallaşdırmaq istiqamətində əsas addım oldu.

Zamiq Yunisov 

Interval.Az


Bütün xəbərlər