“Ən sevdiyim bəstəkar Tofiq Quliyevdir” – Məşhur türkiyəli müğənni

Azərbaycan millətini, onların mehribanlığını çox sevirəm. Çünki insanlarınız bir işi ürəklə, sevgi ilə yerinə yetirirlər. Məsələn, uzun illər Avropada yaşadım. Ancaq orada insanların bu qədər mehriban olduğunu görmədim. Nə vaxta kimi Azərbaycanda qalacağımızı bilmirəm. Amma burada yaşadığım illəri unutmayacağam.

İnterval.Az bildirir ki, bunu oxu.az-a açıqlamasında Türkiyənin məşhur opera müğənnisi Oya Ergün deyib.

“Səkkiz ildir Azərbaycanda yaşayıram. Həyat yoldaşım Azərbaycandan gələn iş təklifini altı aylıq qəbul etmişdi. Amma buranı sevdiyimiz üçün qaldıq. Azərbaycanda yaşadığımız üçün xoşbəxtik”, – O.Ergün əlavə edib.

Sənətçi bildirib ki, bəzən Azərbaycan dilində danışmaq çətin olur.

“Ancaq başa düşməkdə çətinlik çəkmirəm. İlk gəldiyimiz zaman bir çox sözlərdə əziyyət çəkirdik. Çünki bizim dilimizdə olan sözlərin çoxunun mənası Azərbaycan dilində tam başqa cür olurdu. Cümlələr fərqli başa düşülürdü. İndi isə heç bir problem yoxdur.

Azərbaycana gəldiyim gündən sənətimi burada da davam etdirirəm. Öz şəxsi evimdə hər ay konsertlər verirəm. Özüm də konsertlərdə solist olaraq çıxış edirəm. Ölkənizin tanınmış musiqiçiləri konsertlərimdə iştirak edir. Həmçinin, istedadlı gənclərə də şərait yaradırıq.

Azərbaycandan öncə səkkiz il xaricdə yaşamışam. Ona görə də uzun illərdir Türkiyədən uzaqdayam. Amma bu ideya Avropada ənənə halını almış bir adətdir. Uşaqlığımdan musiqiçi bir ailədə böyümüşəm. Ona görə də ev konsertlərinə alışmışam”, – opera müğənnisi bildirib.

O.Ergün Tofiq Quliyev və Rəşid Behbudovu sevdiyini qeyd edib:

“Azərbaycan musiqilərdən ibarət geniş repertuar hazırlamışam. Hətta sizin musiqilərdən ibarət konsert belə vermişəm. Ən sevdiyim bəstəkar Tofiq Quliyevdir. Qara Qarayev və Üzeyir Hacıbəylinin də musiqilərinə qulaq asıram. Amma ifaçılardan da çoxunu tanıyıram. Rəşid Behbudov isə mənim üçün ən önəmli ifaçıdır. Hətta onun mahnılarından ibarət “Sevgilim” adlı albom hazırlamışam.

Müasir müğənnilərinizdən də çoxunu tanıyıram. Kiminsə adını çəksəm, o biriləri inciyə bilər. Çoxu dostumdur”.

Məşhur müğənni ən çox ət və göy qutablarını sevdiyini, hətta özünün də bu təamları hazırladığını vurğulayıb.


Bütün xəbərlər