Nərminin qətlində adı hallanan daha üç nəfər istintaqa çağırıldı

Tovuz rayonunun Dondar Quşçu kəndində öldürülən 10 yaşlı Nərmin Quliyevanın qətlində adı hallanan kənd sakini Altay Ələkbərov, hadisəni gördüyü iddia edilən Asif Ələkbərov və Vüsal Rzayev istintaqa çağırılıb.

İnterval.Az xəbər verir ki, bu barədə Trend-ə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

Məlumatda bildirilir ki, Nərmin Quliyevanın qətli ilə bağlı sosial şəbəkədə yayılan anonim səs yazısında adı hallarnan şəxslər istintaqa çağırılıb: “Audioyazı istintaqa təqdim olunub və bununla bağlı araşdırmalara başlanıb. Həmin audioyazıda adı hallanan şəxslər istintaqa çağırılıb, ifadələri alınır”.

Xatırladaq ki, ötən il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti bu il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.

İ.Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

Faktla bağlı cinayət işi başlanıb.


Bütün xəbərlər