Rəhman Daşdəmirov: “Barselona”ya qarşı ən yaxşı nəticəni qazanmaq üçün meydana çıxacağıq”


“Sabah”ın müdafiəçisi Rəhman Daşdəmirov İspaniyanın “Barselona” klubu ilə qarşılaşmağın hər futbolçunun arzusu olduğunu bildirib.
İnterval.Az xəbər verir ki, 27 yaşlı futbolçu bu barədə EFE agentliyinə açıqlamasında UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda keçiriləcək oyunla bağlı danışıb.
Azərbaycan millisinin üzvü Kataloniya təmsilçisinin ayrı-ayrı futbolçularına deyil, komanda oyununa diqqət yetirdiklərini vurğulayıb:
“‘Barselona”ya qarşı oynamaq “Sabah” üçün fəxr, hər futbolçu üçün isə arzudur. Biz rəqibin fərdi oyunçularını yox, bütöv komandanı təhlil edirik. Qarşılaşmaya hazırlığımız da məhz buna əsaslanıb. “Barselona”nın gücü kollektivdədir.
Bakı Olimpiya Stadionunun tam dolacağı gözlənilir. Belə tribunalar önündə nəhəng komandaya qarşı oynamaq əlavə məsuliyyətdir. Amma matç başlayanda bütün emosiyalar unudulur. Həmin andan etibarən yalnız oyuna köklənirsən. Lakin güclü komandalara qarşı öz oyun üslubunu qorumaq da çətindir”.
Daşdəmirov “Sabah”ın qısa müddətdə Avropanın ən nüfuzlu klub turnirində iştirak etməsini də dəyərləndirib:
“Sabah” doqquz il əvvəl yaradılan klubdur və qısa müddətdə UEFA Çempionlar Liqasında çıxış etməsi böyük işlər görüldüyünü göstərir. Bakıda bu cür böyük Avropa klubları ilə üz-üzə gəlmək artıq planın yerinə yetirilməsi deməkdir. Biz “Barselona” ilə matçda mümkün olan ən yaxşı nəticəni qazanmaq üçün meydana çıxacağıq”.
Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Barselona” matçı saat 21:45-də başlayacaq.

Bütün xəbərlər




































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































