Bütün Avropa COVID-19 səyahət xəritəsində “tünd qırmızı” rəngə boyanıb

 

COVID-19 səyahət xəritəsinin yenilənməsi ilə bütün Avropa “tünd qırmızı” rəngə boyanıb və qitənin çox yüksək infeksiya riski altında olduğu bildirilib.

Intrval.Az bildirir ki, bu barədə Avropa İttifaqının (Aİ) Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) məlumat yayıb.

Xəritədəki vəziyyətlə bağlı dərc edilən hesabatda, son beş həftə ərzində virusa yoluxma hallarının sürətlə artdığı, lakin ölüm nisbətlərinin sabit qaldığı bildirilib. Koronavirusa ən çox yoluxma halları 50 yaşdan aşağı olanlarda müşahidə olunub, qarşıdakı iki həftə ərzində yoluxma hallarının və ölüm nisbətlərinin artacağı gözlənilir.

“Omikron” və “delta” ştamlarının bəzi ölkələrdə ümumi dövriyyədə olduğu, “omikron”un sürətlə yayılmağa davam etdiyi, Avropa ölkələrinin “omikron” dalğasının müxtəlif mərhələlərində olduğu bildirilib.

Qeyd edək ki, xəritədə “tünd qırmızı” çox yüksək riskli, “qırmızı” yüksək riskli, “narıncı” orta riskli, “yaşıl” rəng isə aşağı infeksiya riski olan ölkələri göstərir. Aİ-yə üzv ölkələr bu rəng kodlarına uyğun olaraq səyahət tədbirləri görürlər.

Avropada bütün əhalinin 70 faizi tam peyvənd olunub, 42 faizi isə gücləndirici doza qəbul edib.

Intrval.Az


Bütün xəbərlər