Naqif Həmzəyev: “Sağlam həyat tərzinin formalaşması həm də gələcəyin sağlam nəsilinin etibarlı təminatıdır”

“Prezident İlham Əliyevin 16 illik fəaliyyəti dövrü müstəqil respublikamızın dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir. XXI əsrin lideri olaraq Prezidentimizin rəhbərliyi altında aparılan düşünülmüş islahatlar, qəbul olunmuş müdrik qərarlar həyatımıza yeni nəfəs gətirib, Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri sırasına çıxarıb. Azərbaycanın dünyada tanınmasında idman xüsusi yer tutur. Ümummilli lider Heydər Əliyev deyirdi ki, heç bir fəaliyyət Azərbaycanı dünyada idman qədər tanıda bilməz. Məhz bu ideyanı rəhbər tutan Prezident İlham Əliyev 16 il ərzində həm də Azərbaycanı dünyada idman dövləti kimi tanıdıb”.

İnterval.Az xəbər verir ki, bunu Trend-ə YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvü Naqif Həmzəyev deyib.

Millət vəkili qeyd edib k, ölkəmizdə idmanın inkişafının dayanıqlı xarakter alması beynəlxalq idman qurumları – Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi, beynəlxalq federasiyalar tərəfindən də yüksək qiymətləndirilir.

Bir çox mötəbər idman yarışlarına ev sahibliyi etməyimiz, idmançılarımızın Avropa, dünya çempionatlarında və Olimpiya oyunlarında yüksək nəticələr qazanması, əldə etdikləri uğurlu nəticələr müstəqil Azərbaycanın dünyadakı nüfuzuna müsbət təsir göstərib.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə söylədiyi fikirlərdə də bu öz əksini tapıb: “Bu baxımdan bu il də əlamətdar il olmuşdur. Bizim idmançılarımız beynəlxalq idman yarışlarında 775 medal qazanmışlar, onlardan 271-i qızıl medaldır. Bu, onu deməyə əsas verir ki, idmançılarımız ölkəmizi beynəlxalq yarışlarda ləyaqətlə təmsil ediblər və Azərbaycanın dövlət himnini dəfələrlə səsləndiriblər, bizim bayrağımızı yüksəklərə qaldırıblar”.

Ölkəmizdə reallaşan müxtəlif idman növlərini əhatə edən önəmli beynəlxalq idman yarışları və irimiqyaslı tədbirlərin – bədii gimnastika üzrə dünya kuboklarının, “Formula 1” üzrə Azərbaycan Qran Prisinin, I Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının, 42-ci Ümumdünya Şahmat Olimpiadasının yüksək səviyyədə təşkili, Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının final qarşılaşmasının keçirilməsi Azərbaycana dünyada göstərilən etimadın təzahürüdür. Bakıda gerçəkləşən Avropa Gənclər Olimpiya Festivalında Azərbaycan komandasının 10 qızıl, 7 gümüş, 6 bürünc olmaqla, ümumilikdə 23 medalla 4-cü sırada başa vurması, idmançılarımızın İtaliyanın Neapol şəhərindəki XXX Ümumdünya Yay Universiadasında isə 7 medalla 18-ci pillədə qərarlaşması, “Qarabağ” Futbol Klubu UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması, müxtəlif idman növləri üzrə idmançılarımızın medallar qazanması, Teymur Rəcəbovun Şahmat üzrə Dünya Kubokunun qalibi olması, Şahmat üzrə qadınlardan ibarət komandanın Avropa çempionatında bürünc mükafat əldə etməsi Azərbaycanın idman ölkəsi kimi inkişaf etdiyinin göstəricisidir.

Ölkə Prezidentinin yürütdüyü siyasətdə ölkə əhalisinin sağlamlığının möhkəmləndirilməsi və sağlam həyat tərzinin təbliğ olunması dövlət quruculuğunun vacib prioritetlərindən birinə çevrilib. Prezident İlham Əliyev Milli Olimpiya Komitəsindəki çıxışında əhalinin sağlamlığının möhkəmləndirilməsinin dövlət siyasətinin strateji vəzifələrinə daxil olmasına toxunaraq, ölkədə idmanın inkişafının həm də əhalinin sağlamlığına xidmət etdiyini qeyd edib: “Mən tövsiyə edərdim ki, hər bir vətəndaş idmanla məşğul olsun. Özü də həftədə, ayda bir dəfə yox, müntəzəm olaraq. Bunun çox böyük xeyri var və əgər belə olarsa, hər bir insan öz həyatında bunu görəcəkdir”. Azərbaycanın milli maraqlarının əsas sahəsi kimi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, sağlam həyat tərzinin formalaşması həm də gələcəyin sağlam nəsilinin etibarlı təminatıdır.


Bütün xəbərlər