Taxıl dəhlizinin bərpasına görə bütün tərəflərlə təmaslar davam etdiriləcək – Hakan Fidan

Qara dəniz Taxıl Dəhlizi Sazişinin fəaliyyətinin bərpa edilməsini təmin edə biləcək yeganə ölkə Türkiyədir.

İnterval.Az-ın TurkicWorld-a istinadən məlumatına görə, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Səfirlərin 14-cü Konfransında çıxışı zamanı deyib.

H.Fidan bildirib ki, Rusiya-Ukrayna müharibəsinin davam etdiyi zamanda dünya üçün mühüm əhəmiyyət kəsb edən taxıl dəhlizinin bərpasına görə bütün tərəflərlə təmaslar davam etdiriləcək.

Xatırladaq ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov iyulun 17-də bildirib ki, Rusiya taxıl sazişinə xitam verib.

Taxıl Dəhlizi Sazişi Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukrayna taxıl gəmilərinin Qara dəniz limanlarından keçə bilməməsi səbəbindən 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ankarada imzalanıb. Saziş çərçivəsində dəhliz vasitəsilə 1 avqust 2022-ci il tarixindən indiyə qədər 1000-dən çox gəmi ilə 33 milyon tona yaxın taxıl daşınıb.

Yıldray Arslan    

İnterval.Az


Bütün xəbərlər