KOBİA-ya Qarabağda biznes fəaliyyəti ilə bağlı 1400-dən yuxarı müraciət daxil olub

Bugünədək KOBİA-ya Azərbaycanın işğaldan azad edilmiş ərazilərində biznes qurmaq istəyən sahibkarlar tərəfindən 1493 müraciət daxil olub

İnterval.Az  bildirir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının Bakıda keçirilən 35-ci iclasında deyib.

Onun sözlərinə görə, bunlardan 490-ı dünyanın 37 ölkəsindən xarici şirkətlərdir.

“Azərbaycanın işğaldan azad edilmiş əraziləri də geniş imkanlar açır və İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının (ICCIA) üzv ölkələrindən gələcəkdə Qarabağ regionunda sahibkarlıq fəaliyyəti göstərmək istəyən investorların sorğularını koordinasiya etməyə hazırıq. Bu baxımdan qeyd etmək istəyirəm ki, Agentliyimizin işğaldan azad edilmiş ərazilərdə fəaliyyəti üç əsas istiqamətdə həyata keçirilir: yerli və xarici investorları investisiya imkanları barədə məlumatlandırmaq; yeni müəssisələrin yaradılması ilə bağlı sorğuları toplamaq; biznes üçün ilkin infrastrukturun yaradılmasını dəstəkləmək”, – deyə o vurğulayıb.

Qeyd edək ki, 17 iyul 2023-cü il tarixində Bakıda İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclası öz işinə başlayıb.

İclasda 20 üzv ölkədən 100-ə yaxın nümayəndə heyəti təmsil olunur. Səudiyyə Ərəbistanı, Türkiyə, Qətər, Küveyt, İordaniya, Misir də daxil olmaqla bir sıra ölkələrdən geniş tərkibli nümayəndə heyətləri və sahibkarlar iki gün ərzində Bakıda müxtəlif mövzularda panel müzakirələrdə, ölkələrin iqtisadi potensialının təqdimatlarında və B2B formatında görüşlərdə iştirak edəcək, bir sıra iri kənd təsərrüfatı müəssisələrinə baş çəkəcək və əməkdaşlıq barədə bir sıra sənəd imzalayacaq.

Zamiq Yunisov

İnterval.Az 


Bütün xəbərlər