Dövlət vətəndaşın yanındadır

“Dünyanın üzləşdiyi və hər birimizin yaşamını dəyişən koronavirus pandemiyası davam edir. Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da karantin rejiminin müddəti uzadıldı. “Evdə qal” davam edir.”

Fəqət, depressiyaya qapılmaq, ruhdan düşmək gərək deyil. Karantin başa çatacaq, həyat adi axarına qayıdacaq, iş yerlərində, dövlət qurumlarında, ofislərdə, iaşə obyektlərində yenə səs səsə qarışacaq.

Koronavirus artıq geri çəkilməyə başlayıb. Bəzi dövlətlərdə ilkin uğurlar var.

ABŞ on minlərlə insanın həlak olması, yüz minlərlə insanın yoluxmasına rəğmən, bəlanın daha da geniş yayılmasının qarşısını ala bilib. Avropada Almaniya, İsveç, Danimarka, İslandiya, İrlandiya, Belçika, Finlyadiya, Serbiya, Polşa, Çexiya çox ehtiyatla karantin rejimini yumşaltmağa başlayıblar. Çində, Tayvanda, Cənubi Koreyada, Sinqapurda işlərin uğurlu olduğu vurğulanır.

Əhali sayına görə dünyanın iki ən böyük dövləti olan Çinlə Hindistanda koronavirusun yayılması tam dayandırılıb.

Hətta koronavirus qarşısında tam məğlub olmuş Britaniya, İspaniya, Fransa və İtaliyadə belə, yoluxanların və ölənlərin sayında azalma, sağalanların statistikasında isə artım var.

Azərbaycanda vəziyyət tam fərqli və eyni zamanda, tam oxşardır.

Koronavirus pandemiyası yeni başlayanda dünya ölkələri arasında bəlkə də ilk olaraq Azərbaycan təhsil müəssisələrini qapatdı və balacalarımızı, yeniyetmələri, gəncləri kütləvi yoluxmadan qorudu.

Daha sonra Azərbaycan Asiya ilə Avropada ilk (!) olaraq karantin rejimində evdə qalanlara dövlətin yardım edəcəyini vurğuladı.

Və ən nəhayət, Avropa ölkələri arasında Azərbaycan ilk dövlət oldu ki, özü COVİD-19 epidemiyasına qarşı amansız, sərt mübarizə aparmasına rəğmən, qonşu ölkələrlə yanşı, Avropa Birliyində koronavirusun ən çox ziyan vurduğu ölkələrə yardımlarını əsirgəmədi.

Azərbaycan koronavirusla mübarizə aparır və bu amansız qarşılaşmanın ön cəbhəsində dövlət başçısı İlham Əliyevdir.

Paneqirik deyil, konstatasiyadır. Çünki ölkənin ən ağır durumlarında, fövqəladə vəziyyətdə, savaşda məhz dövlət başçısının iradəsi, qətiyyəti, müdrikliyi, analitik təhlil qabiliyyəti milləti, vətəndaşları və ölkəni qoruyur.

Savaşı xalqlar aparır, o xalqların liderləri udurlar.

Bəşər tarixi buna dəlalət edir, çünki aksiomatik həqiqətdir və belədir.

Koronavirus pandemiyası başa çatmasa da, artıq ilkin sonuclar göz önündədir və bəlli təhlil də aparmaq olar.

Təlaşa qapılan, az qala isteriya hisslərinə əsir olub yardımlar diləyən dövlətlərdən və hökumətlərdən fərqli olaraq Azərbaycanda dayanıqlı, səbatlı və qətiyyətli mövqe sərgiləndi.

Prezident İlham Əliyevin rəhbərlik etdiyi hakimiyyət nə epidemiyanın miqyasını olduğundan artıq göstərdi, nə də koronavirus təhlükəsini danmaq taktikasını seçmədi. Yerli və beynəlxalq mütəxəssislərin, ekspertlərin rəyləri ilə məsləhətləri əsasında düşünülmüş qərarlar qəbul olundu. Ən başlıcası isə Azərbayanda pandemiyaya qarşı məhdudiyyətlər və xüsusi rejim qəflətən, dərhal yox, mərhələrlərlə tətbiq olundu.

Koronavirus pandemiyasının tüğyan etdiyi İranla həmsərhəd olmağımız, əslində, ölkəmizin barıt çəlləyinə qonşu olmaq anlamına gəlirdi. Amma qabaqlayıcı tədbirlər, düşünülmüş qərarlar koronavirusun ölkədə meşə yanğını timsalında yayılmasının qarşısını aldı.

Bununla Azərbaycan qonşu Gürcüstanda və Rusiyanın cənubunda virusla bağlı situasiyanın ifrata çatmasının qarşısını da almış oldu.

Koronavirus böyük bəladır, 150 mindən çox insanın həyatına son qoyub. Demək olar ki, dünyanın bütün ölkələrində koronavirusla bağlı problemlər yaşanır. Azərbaycan da dünyanın bir parçasıdır.

“Ancaq deyə bilərəm ki, qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində biz vəziyyəti nəzarət altında saxlayırıq. Hesab edirəm ki, bu günə qədər atılmış bütün addımlar düzgün istiqamətdə atılmış addımlardır. Məhz bu addımların atılması nəticəsində Azərbaycanda vəziyyət nəzarət altındadır. Əgər bu addımlar vaxtında atılmasaydı və biz düşünülmüş strategiya çərçivəsində məhdudlaşdırıcı rejimi mərhələli yollarla sərtləşdirməsəydik, bu gün xəstələrin sayı min yox, bəlkə də 10 min, bəlkə də 20 min ola bilərdi. Ən inkişaf etmiş ölkələrin təcrübəsi onu göstərir ki, heç bir ölkə özünü tam sığortalı hesab edə bilməz. Heç bir ölkənin səhiyyə sistemi bu xəstələrin artan dinamikasının qarşısında duruş gətirə bilməz. Ona görə bu, bizim üçün də dərs olmalıdır və mən bunu artıq bildirmişəm, bir daha demək istəyirəm ki, ibrət götürməliyik. Bizim bütün addımlarımız ölçülüb-biçilmiş addımlardır və təsadüfi deyil ki, bir neçə ölkə bizim təcrübəmizdən yararlanıb oxşar addımlar atır. Biz bunu görürük. Ona görə bizim bundan sonrakı addımlarımız elə atılmalıdır ki, insanların sağlamlığını, onların həyatını qoruya bilək. Əvvəllər qeyd etdiyim kimi, biz addımlarımızı vəziyyətə uyğun atacağıq və əlbəttə, hamımız istəyirik ki, bu karantin rejiminə tezliklə son qoyulsun və vətəndaşlar öz normal həyatına qayıtsınlar. Ancaq bir daha demək istəyirəm ki, bizim üçün əsas məsələ vətəndaşların sağlamlığı, insanlarımızın həyatıdır. Bu günlərdə mənə ünvanlanan yüzlərlə, minlərlə məktublar, elektron məktublar, mesajlar göstərir ki, vətəndaşlar bizim atdığımız addımları yüksək qiymətləndirirlər”, – dövlət başçısı deyib.

Azərbaycan Prezidentinin vətəndaşların sağlamlığının tam mühafizə və müdafiə olunması ilə yanaşı, insanlarımızın maddi rifah durumuna pandemiyanın ağır zərbə vurmaması üçün qəbul etdiyi qərarlar da bəllidir.

2,5 milyard manatdan artıq vəsait bilavasitə vətəndaşlara yardımlara, bu ağır dönəmdə insanlara dəstəyə yönəlib.

Və məhz dövlət başçısının yaratdığı idarəetmə sistemi sayəsində rəsmi qurumlar yetərincə effektiv fəaliyyət nümayiş etdirdilər. Bir sıra ölkələrdən fərqli olaraq Azərbaycanda əhalinin içməli su, elektroenerji və təbii qaz təminatında heç bir problem yaranmadı. Əhalinin ərzaq məhsulları ilə təminatında kiçicik də olsa, axsamalar və fasillər yoxdur. Dükanların piştaxtaları doludur və qıtlıq əsla yoxdur.

Halbuki nəhəng supermarketlər şəbəkəsinə malik Avropa Birliyi ölkələri və ABŞ barədə bu sözləri demək olmur.

Dünyanın əksər ölkələrində tibbi spirt, dezinfektantlar və s. ilə bağlı problem Azərbaycanda yaşanmadı: problemin ilkin təzahürləri yaranan kimi yerli spirtli içki istehsalçıları dərhal spirt və dezinveksiya gelləri istehsalına keçdilər.

Bütün dünyada olduğu kimi, pandemiyanın ilk günlərində Azərbaycanda tibbi maska çatışmazlığı vardı. Lakin yenə də dövlət başçısı İlham Əliyevin birbaşa göstərişi nəticəsində ölkədə rekord müddətdə maska istehsalının həcmi artırıldı, Sumqayıtda tibbi maska istehsal olunan xətt istifadəyə verildi.

Vətəndaşlara, habelə kiçik və orta sahibkarlıq müəssisələrinə edilən yardımları da unutmayaq.

ABŞ, Britaniya və ya Almaniya ilə müqayisədə çox kiçik büdcəyə malik Azərbaycan buna rəğmən, həmin böyük ölkələrdən daha tez, effektiv və genişmiqyaslı dəstək proqramını həyata keçirməyə başladı.

1,2 milyon insana yardım edilir, 600 min vətəndaşımıza müavinətlər ödənilir.

Çünki Azərbaycanda yardımlar və vətəndaşa dəstək sosial ədalət prinsipi ilə həyata keçirilir, antiböhran proqramları reallaşdırılır. (Milli.Az)


Bütün xəbərlər