“İpək yolu”nun musiqi müjdələri

İnterval.Az  bildirir ki,    Yollar müxtəlifdir – uzaq-yaxın, enişli-yoxuşlu və s. Elə bizi məqsədlərimizə çatdıran da yollardır. Ömür yolu da var ki, həyatımızın hər bir anını o yolla irəliləyirik. Bu keşməkeşli yollar acılı-şirinli xatirələrlə doludur, yadda qalan hadisələrlə zəngindir. “İpək yolu” da unudulmaz yollardandır. Amma, digər yollardan fərqli olaraq bu yol başqa xalqları ölkəmizlə qovuşduran mənəvi körpüdür. Təbii ki, mənəviyyat da ən gözəl duyğuların məcmusudur. Elə bu məqaləni də xoş hislər və gözəl duyğularla qələmə alaraq oxuculara “İpək yolu”nun musiqi müjdələrindən bəhs etmək istərdim. Artıq 12-ci dəfədir ki, bu “İpək yolu”ndan neçə-neçə musiqi karvanı keçir.  Amma, sadəcə keçib getmir, öz musiqi sovqatları ilə “İpək yolu”na müjdələr verirlər.

Bu müjdələrlə Azərbaycan musiqi mədəniyyəti də zənginləşir. Beləliklə, “İpək yolu” adlı Beynəlxalq Musiqi Festivalı əsl musiqi bayramı və “İpək yolu”nun insanlara bəxş etdiyi musiqi müjdəsidir. 2010-cu ildən başlayan bu möhtəşəm Festival hər il Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Festivalın ideya müəllifi və bədii rəhbəri Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Respublikanın Xalq artisti, UNESCO-nun “Sülh” artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadədir. Məhz onun bu ideyasını dəstəkləyən mötəbər təşkilat nümayəndələrinin birgə fəaliyyəti sayəsində qədim Şəkimizdə 12-ci dəfə “İpək yolu” Beynəlxalq Musiqi Festivalı uğurla keçirilərək sənətsevərlərə “İpək yolu”nun musiqi müjdələri bəxş olundu.

Belə ki, bu il  yenidən görkəmli incəsənət xadimləri və çoxsaylı musiqiçiləri öz ətrafına toplayan  XII Şəki “İpək yolu” Beynəlxalq Musiqi Festivalı yenidən öz işinə başladı.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı, eyni zamanda Şəki Şəhər İcra Hakimiyyətinin böyük səylərı ilə bu Festival 11 ildir ki, ugurla həyata keçirirlir.

Bu Festivalın Azərbaycanımızın dilbər guşələrindən biri olan qədim Şəki torpagında keçirilməsi bir neçə mənada mühüm əhəmiyyət kəsb edir.  Əvvəla, bizim xalqımıza xas olan zəngin tarixin və mədəniyyətin, mədəni irsimizin, tarixi abidələrimizin təbliği, bölgənin turizm potensialının inkişafı və bu kimi amillərdə Festivalın mühüm təsiri var.

Festivalda çıxış etmək üçün müxtəlif ölkələrin musiqiçilərinin bizim sənətkarlarla tanışlığı, ünsiyyəti və bu münasibətlərin hətta dostluga çevrilməsi festivalın xalqlar arasında mənəvi körpü olmasının bariz nümunəsidir. Bu ilki festivalda Türkiyə, Çin, Qazaxistan, Özbəkistan Respublikalarından təşrif buyuran musiqiçilər öz çıxışları ilə ölkəmizlə olan dostluq münasibətlərini nümayiş etdirərək Festivala da xüsusi rövnəq verdilər.

Artıq gözəl bir ənənəyə çevrilən bu rənğarənğ musiqi bayramı həm Şəki sakinlərinə, həm Festival iştirakçılarına, həm də çoxsaylı turistlərə yüksək bədii zövq aşıladı. Onu da qeyd edək ki, Festival, qədim tariximiz, milli-mənəvi dəyərlərimiz, incəsənətimiz və bu kimi sərvətlərimiz barədə dolğun təəssürat yaratmaq missiyasını layiqincə yerinə yetirməyə qadirdir.

Beləcə öz işini uğurla başlayan Festivalın 3 iyul saat 20.00-da Şəkinin gözəl, mənzərəli guşələrindən olan Marxal Yay teatrında təntənəli açılış mərasimi oldu. Mərasimdə Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qonaqları və iştirakçıları salamlayaraq belə möhtəşəm bir Festivalın Şəkidə keçirilməsindən böyük məmnunluqla söhbət açdı. Festivalın bədii rəhbəri Azərbaycan Respublikasının Xalq artisti, UNESKO-nun “Sülh artisti”, professor Firəngiz Əlizadə bu ilki Festivala da ciddi hazırlıqdan və Festivalın işinə həm Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, həm də Türksoyun  göstərdiyi dəstəyi xüsusi qeyd edərək, festivala ev sahibliyi edən Şəki şəhər İcra Hakimiyyətinin rəhbərliyinə, əməkdaşlarına və ümumən Şəki camaatına  böyük təşəkkür və minnətdarlığını bildirdi.

XII Şəki “İpək yolu” Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi Respublikanın Xalq artisti, UNESKO-nun “Sülh artisti”, professor Firəngiz Əlizadənin vətənpərvərlik ruhunda “İntizar” operası ilə davam olundu. Azərbaycan  Dövlət Akademik Opera və  Balet Teatrının solistlərinin ifasında təqdim olunan operanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, musiqi rəhbəri Əməkdar artist Əyyub Quliyev, xormeyster Əməkdar incəsənət xadimi Sevil Hacıyeva idi. Əsərdə iştirak edən tanınmış ifaçılar Azərbaycanın Xalq artisti Əkrəm Poladov, Azərbaycan Respublikasının Əməkdar artistləri İnarə Babayeva, Səbinə Vahabzadə, İlahə Əfəndiyeva, Ramil Qasımov, Tural Ağasiyev və Aysel İbrahimova, Fəhmin Əhmədli, Taleh Yəhyayev öz çıxışları ilə təbiət qoynunda gözəl ifa nümayiş etdirərək tamaşaçıların vətən sevgisinə və vətənpərvərlik hissinə xüsusi rövnəq verdilər. Ümumiyyətlə, “İntizar” operası  öz bədii məzmunu ilə həm xalqımızın bədxahlar tərəfindən məruz qaldığı faciəvi  yaşantıları, həm də böyük vətən sevgisi və mübarizliyini özündə əks etdirən tarixi bir əsərdir. Bu opera eyni zamanda Firəngiz Əlizadə yaradıcılığının da zirvəsidir.

Festivalın açılış mərasimi üçün məhz – “İntizar” operasının  seçilməsi də təsadüfi deyildi. Bu həm vətənpərvərlik mövzusunun tərənnümü, həm də festivalın ənənələrinə uyğun olaraq klassik musiqi janrlarının təbliği ilə bağlıdır. Xatırladaq ki, ötən illərdə keçirilən festivallarda Ü.Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm”, M.Maqomayevin “Şah İsmayıl” və F.Əmirovun “Sevil” operaları nümayiş olunub. Bu və ya digər səhnə əsərlərinin Şəkidə xüsusən də təbiət qoynunda təqdimatı tamaşaçıların klassik musiqi janrlarına o cümlədən, operaya marağının artmasına müsbət təsir göstərən amillərdəndir.

Beləliklə, XII Şəki  “İpək yolu” Beynəlxalq Musiqi Festivalında Firəngiz Əlizadənin “İntizar” operası böyük maraqla və sürəkli alqışlarla qarşılandı.

Tamaşanın nümayişindən sonra yenidən Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və Festivalın bədii rəhbəri Xalq artisti Firəngiz Əlizadə səhnəyə çıxaraq ifaçılara təşəkkürlərini  bildirdilər. Operanın quruluşçu  rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijor, Əməkdar artist Əyyub Quliyev yaradıcı heyət adından Festivalın təşkilatçılarına və tamaşaçılara minnətdarlığını bildirdilər.

Festivala təşrif buyuran Azərbaycanın Türksoydakı nümayəndəsi Elçin Qafarlı da Türksoyun başkanı adından həm təbriklərini, həm də töhfələrini çatdırdı. Belə ki, bu il Türksoyun yaranmasının 30 illiyi münasibətilə Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və  Xalq artisti, Festivalın bədii rəhbəri  Firəngiz Əlizadəyə Türksoyun simvolik hədiyyəsini, Azərbaycan Akademik Opera və Balet teatrının bir qrup yaradıcı heyətinə isə diplom və sertifikatlar təqdim etdi.

Beləliklə, dağlar qoynu Şəkidə XII Şəki “İpək yolu” Beynəlxalq Musiqi Festivalının ilk günü xüsusi təntənə və uğurla başa çatdı.

Festivalın ikinci günü də yadda qalan oldu. Şəkinin qədim tarixindən soraq verən “Xan sarayı” ulu muğamlarımızın sədasına qərq oldu. Yarım əsrdən çox tarixi olan Xan çinarların əhatəsində Xan sarayının qarşısında tarzən Rüstəm Müslümovun rəhbərliyi ilə “Zəfər” ansamblının müşayiətində muğam və təsniflərimiz həm şəkililərin, həm müxtəlif ölkələrdən festivala təşrif buyuran qonaqların, həm də festivalı izləyən turistlərin zövqünü oxşadı.

Bu möhtəşəm konserti yüksək zövqlə hazırlayanlar ustad xanəndə, Əməkdar incəsənət xadimi Aqil Məlikov, gənc ifaçılar Beynəlxalq Muğam müsabiqəsinin qalibi Vəfa Vəzirova, Hüseyn Məlikov, instrumental ifaçılar tarzən Rüstəm Müslümov, kamançaçı Elnur Salahov, balabanda Pərviz Mirzəyev və nağarada Səyyar Teymurov.

Həmin gün saat 20.30-da  Şəkinin daha bir qədim tarixi məkanı olan Yuxarı Karvansarayda Çin Xalq Respublikasından  gələn  Lianşan-İy Muxtar Vilayətinin Ansamblının konserti (Çin Xalq Respublikası) festivala xüsusi rəng qatdı.

Onların ifasında milli mahnı və rəqsləri səsləndi. Bu kollektivin Festivalda çıxış etməsi əlamətdar hadisə ilə də yadda qaldı. Belə ki, tədbirin sonunda çıxış edən Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qeyd etdi ki, Festival günlərində Çin Xalq Respublikası ilə Şəki şəhəri arasında mədəni və ictimai əlaqələri əks etdirən müqavilələr imzalanıb. Elxan Usubov və Festivalın bədii rəhbəri Respublikanın Xalq artisti, UNESCO-nun “Sülh” artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə kollektivi təbrik edərək onlara Festivalın simvolunu təqdim etdilər.

Festivalın üçüncü günü 5 iyul saat 20.00-da Marxal Yay teatrında baş tutan konsert proqramı Türkiyədən təşrif buyuran Safranbolu Bələdiyyəsi nümayəndələrinin səhnəyə dəvəti ilə başladı. Belə ki, Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və Azərbaycanın Türksoydakı nümayəndəsi səhnəyə çıxaraq Safranbolu Bələdiyyəsinin başqanı Elif xanımı  və nümayəndə heyətini salamlayıb, onları xüsusi mükafatlarla təltif etdilər. Qeyd edək ki, Festivala təşrif gələn Safranbolu Bələdiyyəsi Xalq Oyunları qrupu 7 iyul tarixində Şəkinin şəhər günündə çıxış etdilər (qeyd: 2019-cu il 7 iyul tarixində Şəki şəhərinin tarixi hissəsi və Xan sarayı UNESCO-nun Maddi-Mədəni İrs siyahısına daxil edilib).

Safranbolu Bələdiyyə nümayəndələrinin təltifindən sonra səhnəyə Qazaxıstanın Akmolin vilayəti Filarmoniyasının “Aylakol” və “Qəkku” folklor kollektivləri dəvət olundu.

Qazaxıstandan təşrif buyuran folklor kollektivləri zəngin repertuarla çıxış etdilər. Belə ki, XII Şəki “İpək yolu” Beynəlxalq Musiqi festivalının konserti tamaşaçılarda Qazax musiqi folkloru barədə xoş təəssürat yaradıb və sanki dolğun məlumat aşıladı. Ümumiyyətlə, bu kollektivlər peşəkar musiqiçilərdən ibarətdir və onlar müxtəlif Beynəlxalq Festivallarda iştirak ediblər.

Onların ifasında unudulmaz bəstəkarımız Cahangir Cahangirovun “Yenilməz batalyon” kinofilminə bəstələdiyi musiqidən Teymurun mahnısı səslənərkən bütün Festival izləyiciləri bu mahnını daha çox sürəkli alqışlarla qarşıladılar.  Bu da Qazaxıstan və Azərbaycan dostluğunun bir təzahürü idi.

Festivalın 4-cü günü 6 iyul tarixi də yadda qalan çıxışlarla zəngin oldu. Həmin gün Festival öz işinə Şəki Musiqi Kollecindən başladı. Onu da qeyd etməliyik ki, hər il “İpək yolu” Musiqi Festivalında şəkili musiqiçilər də çıxış edirlər. Xüsusən Musiqi Kollecində keçirilən görüşlər daha əhəmiyyətlidir. Çünki hər dəfə Festival çərçivəsində Kollecin müəllim və tələbə heyəti Festivalın bədii rəhbəri, Xalq artisti, UNESCO-nun “Sülh” artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə və onunla gələn nümayəndə heyəti ilə görüşdə öz fikirlərini, problemlərini, arzu və istəklərini bildirir, maraqlı repertuarla çıxış edirlər. Hətta, 2010-cu ildə Firəngiz xanım Əlizadə öz şəxsi royalını da Kollecə hədiyyə edib. “İpək yolu” Beynəlxalq  Musiqi Festivalının 4-cü günündə Kollecin müəllim və tələbələri də öz çıxışlarını Festivalın 12-ci ildönümünə ərməğan etdilər. Əvvəlcə Kollecin direktoru Sərdar Şərifov çıxış edərək qonaqları salamlayıb sözü musiqiçilərə verdi. Onlar aşağıdakı repertuarla çıxış etdilər.

Belə ki, Gülnar Həsənova Fikrət Əmirov və Andrey Babayevin Xalq çalğı alətləri və fortepiano üçün konsertin final hissəsini (Orkestrin bədii rəhbəri və dirijoru Mənsur Qaffarov), III kurs tələbəsi  Qəşəng Fətəliyevanın ifasında musiqisi Mənsur Qaffar, sözləri Qabil Ədalətə aid “Ulu öndər” mahnısı və Xacı Xanməmmədov, sözləri Mikayıl Müşfiqə aid olan  “Yenə o bağ olaydı”, xalq çalğı alətləri orkestrinin ifasında Adil Gərayın “Bağça-Kürd” əsəri və Qənbər Hüseynlinin “Qartağı” əsəri, skripka ansablının ifasında  Yevgen Doqanın “Vals”ı və Tofiq Quliyevin “Etibar” mahnısı  tamaşaçılara təqdim olundu. Konsertin sonunda xorun ifasında İsmayıl Əliyevin Xıdır Alovlunun sözlərinə bəstələdiyi Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Təntənəli oda” əsəri səsləndi.

Tədbirin sonunda Xalq artisti, professor Firəngiz Əlizadə çıxış  edərək iştirakçılara təşəkkür etdi və Sərdar Şərifova hər il Festivalın  işində fəal iştirak etdiyinə görə xüsusi minnətdarlığını bildirdi. Firəngiz xanım Musiqi Kollecinə bir neçə musiqi kitabları o cümlədən, musiqişünas Səadət Təhmirazqızının tərtibatçı-müəllif olduğu və Bəstəkarlar İttifaqının nəşr etdirdiyi “Heydər Əliyev və musiqi mədəniyyəti”, “İlham Əliyev və musiqi mədəniyyəti” silsilə kitablarını hədiyyə etdi. Sonda 12-ci “İpək yolu”  Festivalın iştirakçıları ilə xatirə şəkli çəkildi.

Festivalın 4-cü günü 6 iyul saat 20.00-da Şəkinin Marxal Yay teatrında Özbəkistandan gələn Daşkənd Vilayət Filarmoniyasının “Nurəfşan” ansamblı rəngarəng  musiqi proqramı ilə çıxış etdi. Onların ifasında Özbək xalq mahnı və rəqsləri eləcə də, bəstəkar əsərləri səsləndi. Tədbirin sonunda Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Xalq artisti, professor Firəngiz Əlizadə və Azərbaycanın Türksoydakı nümayəndəsi  Elçin Qafarlı səhnəyə çıxaraq musiqiçilərə təşəkkür edib, onlara Festivalın simvolunu hədiyyə etdilər. Özbəkistanın nümayəndəsi öz növbəsində Festivalın təşkilatçılarına minnətdarlıq hissi ilə öz hədiyyələrini təqdim etdilər. Bütün bunlar tamaşaçıların sürəkli alqışları ilə qarşılanaraq bir daha “İpək yolu” Musiqi Festivalının dostluq və qardaşlıq rəmzi olduğunu isbat etdi.

6 iyul tarixində həm də Festivalın bədii rəhbəri, Xalq artisti Firəngiz Əlizadənin Qazaxıstandan gələn musiqi kollektivi ilə görüşü də baş tutdu. Belə ki, Qazax musiqiçiləri Firəngiz xanımla görüşüb, ona Festivala dəvəti üçün təşəkkürlərini bildirdilər. Eyni zamanda “Aynakol” və “Qəkku” folklor kollektivlərinin rəhbərləri Azərbaycan Bəstəkarlar İttifaqı ilə müntəzəm yaradıcılıq əlaqəsi üçün fikirlərini bölüşdülər. Kollektivlə görüşdə Firəngiz xanım Azərbaycan bəstəkarlıq məktəbi və onun ənənələrindən söhbət açdı.

Qazaxıstanın Akmolin Vilayəti Filarmoniyasının solistləri Firəngiz xanım başda olmaqla Festivalın bütün təşkilatçılarına və onlara bələdçilik edən bəstəkar Firudin Allahverdiyə öz təşəkkürlərini bildirdilər.

7 iyul tarixində də Festival çərçivəsində maraqlı tədbirlər keçirildi:

Saat 12.00. Şəki Marxal Yay teatrı. Budur yenə teatrın salonu tamaşaçılarla doludur. Hər kəs Festival  çərçivəsində növbəti konserti gözləyir. Səhnəyə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Nümunəvi-Hərbi Orkestrinin solistləri daxil olur. Kollektivin bədii rəhbəri və dirijoru, Əməkdar incəsənət xadimi, polkovnik-leytenant Səməd Vəkilovdur.  Onu da xüsusi qeyd etməliyik ki, bu konsert proqramı Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub. Əvvəlcə tamaşaçılara bu orkestrin yaranma tarixi haqqında qısa bir məlumat verildi, sonra isə orkestrin ifasında Xalq artisti Firəngiz Əlizadənin “Zəfər” marşı səsləndi. Ümumiyyətlə, orkestrin proqramına Azərbaycan və dünya bəstəkarlarının hərbi-vətənpərvərlik mövzusunda əsərləri daxil edilmişdir. Tamaşaçılar kollektivin çıxışını rəğbətlə qarşıladılar və sonda Şəki şəhər İcra Hakimiyyəti, Bəstəkarlar İttifaqı və Türksoy tərəfindən  kollektivə təşəkkür və təltiflər oldu.   Festivalın bağlanış mərasimi F.Əmirov adına Əməkdar kollektiv Mahnı və Rəqs ansamblının çıxışı ilə çox möhtəşəm oldu. Yenə də Şəkinin  səfalı guşələrindən olan Marxal Yay teatrı musiqi sədalarına qərq edildi. Tamaşaçılar solistlərin çıxışlarını böyük ruh yüksəkliyi ilə qarşıladılar. Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artist Ehtiram Hüseynov, gənc ifaçılar Vəfa Vəzirova, Sərxan Bünyadzadə, Taleh Yəhyayev və digər solistlər öz uğurlu çıxışları ilə Festivala xüsusi rəng qatdılar. Baletmeyster Əməkdar incəsənət xadimi Ceyhun Qubadovun rəhbərliyi ilə rəqs qrupu da öz növbəsində maraqlı ifalar nümayiş etdirdi. Bu zəngin repertuarın hazırlanmasında kollektivin bədii rəhbəri, Xalq artisti, professor Ağaverdi Paşayev, musiqi rəhbəri Marif İbrahimov və digər yaradıcı heyətin xidmətləri Festivalın sonunda xüsusi təltiflərlə qiymətləndirildi. Belə ki, Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Festivalın bədii rəhbəri Xalq artisti, professor Firəngiz Əlizadə və Azərbaycanın Türksoydakı nümayəndəsi Elçin Qafarlı kollektivi və Festivalda əməyi keçən bir neçə şəxsləri xüsusi mükafatlarla təltif etdilər.

XII Şəki “İpək yolu” Beynəlxalq Musiqi Festivalı öz işini uğurla başa çatdırdı. Bu uğurun əsas mənbəyi  Festivalın işinin düzgün tənzimlənməsi idi. Belə ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı, Şəki şəhər İcra hakimiyyəti və Azərbaycanın Türksoydakı nümayəndəliyinin yüksək təşkilatçılığı sayəsində Festival üçün vacib olan bütün məsələlər vaxtında düzgün planlaşdırılmışdır. Hər kəs öz üzərinə düşən işin mahiyyətini düzgün anlayıb, layiqincə həyata keçirib.  Bu mənada Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri olan bəstəkarlarımızın da bələdçi olaraq Çin Xalq Respublikasından, Qazaxıstan və Özbəkistandan gələn nümayəndələri qarşılayıb, onlarla təmasda olmaları bu ölkələrin musiqiçiləri üçün də xoş təəssürat yaratdı.  Bu mənada çinli musiqiçilər Eldar Babayevə, qazaxlar Firudin Allahverdiyə, özbəklər isə Kamran Nəsirova öz minnətdarlıqlarını bildirdilər. Ümumilikdə isə həm şəkililərin, həm də Festival iştirakçılarının ən böyük təşəkkürləri Festivalın keçirilməsində ən böyük xidmətləri olan Azərbaycan Mədəniyyət Naziri cənab Adil Kərimliyə, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadəyə və Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubova onların simasında təşkilat komitəsinin bütün üzvlərinə sonsuz təşəkkürlərini bildirdilər. Bu festival bir daha sübut etdi ki, musiqi mənəvi zənginlik və mənəvi körpüdür.

Zamiq Yunisov

İnterval.Az 

“İpək yolu”nun musiqi müjdələri


Bütün xəbərlər